Müsəlman namaz qılır, arxiv şəkli

Məktəbdə din dərsləri gündəmdə - Olmayan kadrların yerini kim dolduracaq?

3123
(Yenilənib 01:22 27.04.2021)
"Əgər uşaqlar kiçik yaşlarından doğru dini təhsil alarlarsa, özlərini təhlükəli dini düşüncələrdən qoruya bilərlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir. Milli Məclisin ötən dəfə keçirilən iclasında bu məsələ yenidən gündəmə gəlib. Deputat Etibar Əliyev bildirib ki, ölkəmizin orta məktəblərində dinin tədris olunması üçün müzakirə aparılır. Deputat bildirib ki, bu, İngiltərədə dövlət məktəblərində seçməli dərsdir: "Təhsil sistemi güclü olan Finlandiyada isə din dərsi məcburidir. Türkiyədə din dərsi dövlət və özəl məktəblərdə keçirilir. Ölkədə daha çox dominant din olan islam dini ilə bağlı məlumatlar verilir. Ölkəmizdə bu sahədə ciddi boşluqlar mövcuddur. Bölgələrdə dini düşüncələr yalnız erkən nikah, məktəblərdən uşaqların alınması şəklindədir. Ciddi mütəxəssislər tərəfindən "Dinlər tarixi və ixlas bilgisi" adlı kitab hazırlamaq lazımdır. Əks təqdirdə bu boşluq daha da genişlənəcək və gənclərimiz zərərli dini düşüncələrə gedəcəklər".

Deputat Ceyhun Məmmədov da orta məktəblərdə şagirdlərə dini təhsil verilməsini dəstəkləyib. O qeyd edib ki, ekstremizm və radikallıqla səmərəli mübarizə üçün güclü dövlətin olması vacib şərtdir.

Bu açıqlamalar orta məktəblərdə din dərslərinin tədrisinin hansı sinifdən başlanacağı və hansı formada tədris olunacağı ilə bağlı suallar yaradıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəblərdə aşağı sinifdən din dərslərinin tədrisi mümkündür. K.Əsədovun sözlərinə görə, bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Ekspert bildirir ki, hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları" adlı fənn tədris olunur. K.Əsədov deyir ki, orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həmçinin də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər:

"Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi "xəritə"sinə bələd olsun.

Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. 

Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fənninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fənninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir".

K.Əsədov bildirir ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. Onun sözlərinə görə, din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. K.Əsədov deyir ki, adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edirlər:

"Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək. Amma vacib bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının və Təhsil haqqında Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir".

Azərbaycan İlahiyyat İnstitutunun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, dini dərslərin tədrisi dedikdə, din tədrisi din təlimindən ayrılmalıdır. Onun sözlərinə görə, din dərslərinin məqsədi uşaqları dindarlaşdırmaq yox, din haqqında məlumat vermək olmalıdır. Həmsöhbətimiz deyir ki, əgər məktəblərdə din dərslərinin tədrisinə başlanılarsa, bunun üçün proqram hazırlanmalıdır: "Dinin inanc əsasları var. Bunlar izah oluna, dinin nə olduğu barədə məlumat verilə bilər. Daha sonra dinin əxlaqi yönümü, hansı davranışların tövsiyə olunduğu barədə məlumat verilə bilər".

Qeyri-islam dini icmalarında din xadimlərinin təyinatı necə olacaq?>>

M.Camalov deyir ki, din dərslərində bütün dinlər barədə şagirdlərə məlumat verilməsi daha yaxşı olar: "Mən belə hesab edirəm ki, şagirdlərə din dərslərində bütün dinlər haqqında məlumatlar verilməldir. Amma dinimiz islam dini olduğundan islam dininə daha geniş yer ayrılmalıdır".

Prorektor deyir ki, cəmiyyət üçün də insanların dinimiz barədə düzgün məlumat alması mühüm əhəmiyyət kəsb edir:

"Dini dəyərin öyrənilməsi, siyasi və ictimai təhlükəsizlik aspektindən də vacib məsələdir. Çünki bu gün bəzən insanlar yanlış inancların arxasınca gedirlər. Əgər uşaqlar kiçik yaşlarından doğru dini təhsil alarlarsa, özlərini təhlükəli dini düşüncələrdən qoruya bilərlər".

M.Camalov deyir ki, ibtidai siniflərdə dinin tədrisi daha məqsədəuyğundur. İbtidaidən sonrakı mərhələlərdə isə dinimizlə bağlı daha geniş və vacib məlumatlar uşaqlara çatdırılmalıdır.

Bununla belə, M.Camalov hələ ki ölkəmizdəki bütün ümumtəhsil müəssisələrini təmin edəcək sayda din dərslərini tədris edəcək ixtisaslı kadr olmadığını söyləyir: "Bütün orta məktəblərdə dini tədris edəcək sayda kadr yoxdur. Bunun üçün proqram hazırlanacaq, çox güman ki, ilkin mərhələdə din dərslərini bu proqram əsasında tarix, ana-dili və ədəbiyyat müəllimləri tədris edə biləcəklər", - deyə prorektor bildirir.

3123
Teqlər:
müəllimlər, kadr, Konstitusiya, qanun, orta məktəb, tədris, din

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

5
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

5
WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

18
(Yenilənib 19:47 07.05.2021)
"Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox" - Fərid Pərdəşünas.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "Whatsapp"la bağlı yayılan xəbərlər əslində səhv başa düşülür. Burada məlumatların ötürülməsindən söhbət getmir. 

Lakin istifadəçilər elə bilirlər ki, bu sosial şəbəkədəki şəxsi məlumatlar, video və fotolar yayılır, xeyr".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında texnobloger Fərid Pərdəşünas son günlər adıçəkilən sosial şəbəkənin idarəetmə sistemindəki dəyişikliklər, mesajların, şəxsi məlumatların yayılmasına münasibət bildirərkən deyib.

O, "Whatsapp" tərəfindən "Facebook"a ötürüləcək məlumatlara isə bu cür aydınlıq gətirib:

"Burada söhbət ad, soyad, şəxsin sonuncu dəfə onlayn olma vaxtı, sosial şəbəkədəki davranış tarixçələrindən gedir. Yəni şəxs hansı müddətdə bu sosial şəbəkəyə daxil olur və s. bu tip məlumatlar "Whatsapp" tərəfindən "Facebook"a göndərilir və reklam alətlərində, "Whatsapp Biznes"də bizneslərin optimallaşdırılması, hədəf auditoriyalarının müəyyən olunmasında istifadə olunacaq. Yəni fərdi məlumatların ötürülməsi ilə bağlı heç bir təhlükə yoxdur".

Həmsöhbətimiz deyir ki, bu proses illərdir belə davam etsə də, artıq sosial şəbəkə bunu rəsmi olaraq elan etməyə başlayıb: "Sosial şəbəkə istifadəçilərə öncədən bu haqda məlumat verir. Bu, əslində, belə olmalıdır və istifadəçilər bununla razılaşmalıdırlar. Bu səbəbdən düşünürəm ki, platforma dəyişməyə, başqa sosial şəbəkə platformasına axın etməyə, söz-söhbət yaratmağa ehtiyac yoxdur. Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox".

18
Teqlər:
istifadəçi, ekspert, siyasət, yeni, "Whatsapp"
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0