Qadın

Yanan da, yaman da... qadınlar - Həvva nəsli niyə özünə qənim kəsilib?

2872
(Yenilənib 19:42 23.04.2021)
"Erkən nikahlar, uğursuz ailə modelinin inikişaf etməsi, qızların tək anaların himayəsində böyüməsi, təhsildən kənarda qalma, tez-tez ölkədaxili miqrasiya insan alverinə səbəb amillərdəndir" - Kəmalə Ağazadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. İnsan alveri cinayətləri törədənlərin əksəriyyəti qadınlardır. Bu barədə informasiya Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb. Məlumata görə, ötən il insan alveri və məcburi əmək cinayətlərinə görə başlanan cinayət işləri üzrə 20 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib. Təqsirləndirilən şəxslərdən 17 nəfəri qadın, 3 nəfəri kişi olub.

İnsan alveri cinayətlərini törədənlərin əksəriyyətinin qadın olmasının kökündə nə dayanır?

Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova Sputnik Azərbaycan-a açıqlamasında həm insan alveri cinayətlərinin böyük hissəsinin qadınlar tərəfindən törədilməsinin səbəblərindən, həm də mərkəz olaraq gördükləri işlərdən danışıb: "Səbəb olaraq erkən nikahlar, məişət zorakılığının qurbanı olma kimi hallar da bu kimi cinayətlərə yol açır. Biz mərkəz olaraq burada insan alverinin qurbanı olan şəxslərin reabilitasiyasını təşkil edir və onlarla iş aparırıq. Burada sosial, hüquqi, tibbi, psixoloji yardımlar göstərilir və həmin şəxslərin işlə təminatı istiqamətində müəyyən addımlar atılır. Bundan başqa, bu şəxslər peşə təhsili, müəyyən bacarıqlarla təmin olunurlar. Bilirsiniz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi var. Biz insan alverinin qurbanı olan şəxsləri aidiyyəti üzrə sözügedən agentliyə yönləndiririk və onlar işlə təmin olunurlar".

Mərkəz direktoru bildirir ki, insan alverinin qurbanı olan şəxslərə yardımlar mütəmadi olaraq göstərilir: "Yəni bunun konkret bir müddəti, zamanı yoxdur. İnsan alverinin qurbanı olan şəxsi mütəmadi olaraq müxtəlif yardımlarla təmin edirik. Bu şəxslərin sonrakı həyatları da nəzarətimizdə olur. Onlar peşə kurslarına yönəldilirlər, bu kursları bitirdikdən sonra hansı fəaliyyətlə məşğul olduqlarını araşdırırıq".

"Bir şillə"nin əks-sədası - iki qurum hərəkətə keçdi>>

"İstismar növündən asılı olaraq vəziyyət dəyişir. Lakin daha çox qadınlar cinsi istismara məruz qalırlar. Və eyni zamanda cinsi istismar cinayətləri də əksər hallarda qadınlar tərəfindən törədilir. Bu da qadının qadını daha çox inandıra bilərək aldatması ilə əlaqədardır", - deyə o bildirib.

H.Qəribova bildirir ki, insan alverinə qarşı mübarizənin əsas prinsipləri qurbanların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq, qurbanların təhlükəsizliyini və onlarla nəzakətli rəftarı təmin etməkdir. Daha dəqiq olaraq, AR-da insan alverinə qarşı mübarizənin aşağıdakı prinsipləri var:

-İnsan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

-İnsan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

-İnsan alverinə görə cəzanın labüdlüyü;

-Hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

-İnsan alverinə qarşı mübarizəyə qeyri-hökümət təşkilatlarının cəlb edilməsi;

-İnsan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə isə bildirir ki, insan alveri dedikdə yalnız qadınların seksual istismarı nəzərdə tutulmamalıdır:

"Halbuki bu ölkədə uşaq əməyinin istismarı daha aktualdır, nəinki qadının cinsi istismarı. Ən böyük işimiz maarifləndirmədir. Həssas qruplar kimi qiymətləndirdiyimiz ailələr, xüsusi qayğıya ehtiyacı olan insanlar, baxımsız şəraitdə olan uşaqlar da potensial olaraq insan alverinin qurbanı hesab edilirlər. Daha çox onların maariflənməsi, bu şəxslərlə profilaktik tədbirlərin həyata keçirilməsi önəmlidir ki, gələcəkdə insan alverinə məruz qalmasınlar".

O insan alveri qurbanına çevrilmənin səbəblərindən söz açıb: "Erkən nikahlar, uğursuz ailə modelinin inikişaf etməsi, qızların tək anaların himayəsində böyüməsi, təhsildən kənarda qalma, tez-tez ölkədaxili miqrasiya insan alverinə səbəb amillərdəndir. Ailə təsərrüfatında uşaqların əməyə cəlb edilməsi də onların bezməsinə səbəb ola bilər. Ən çox münaqişəli ialələrdən çıxan uaqlar, qadınlar, erkən nikahın qurbanı olanlar insan alverinin qurbanı olurlar. Erkən yaşlarda cinsi zorakılığa məruz qalanlar, fiziki şiddət görən qızlar gələcəyin insan alveri qurbanlarıdır".

"Azərbaycanda insan alveri ilə mübarizədə yetərincə iş aparılır. İnsan alverinin bir növü kimi illərdir Azərbaycanda cinsi istismar ön pillədə idisə, bu gün biz daha çox məcburi əməyi və uşaq istismarını önə çəkə bilərik. Lakin bu o demək deyil ki, uşaq istismarı və məcburi əməklə bağlı rəqəmlər həddindən artıq böyükdür. Qeyd edim ki, get-gedə bu sahədə də çox böyük nailiyyətlər əldə olunub. Baxın, DİN-in statistikasında rəqəmlərin öncəki illə artması artım kimi qəbul olunmamalıdır. Bu, illər öncə insan alveri qurbanı olanların aşkarlanmasıdır", - deyə birlik sədri əlavə edib.

K.Ağazadə qeyd edir ki, təhsilə önəm verilməsi, peşə yönümlü ixtisasların çoxaldılması, kursların əlçatanlığının olması bu kimi halların qarşısını almaqda köməklik edə bilər.

2872
Teqlər:
qurban, cinayət, qadınlar, cinsi istismar

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

5
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

5
WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

18
(Yenilənib 19:47 07.05.2021)
"Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox" - Fərid Pərdəşünas.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "Whatsapp"la bağlı yayılan xəbərlər əslində səhv başa düşülür. Burada məlumatların ötürülməsindən söhbət getmir. 

Lakin istifadəçilər elə bilirlər ki, bu sosial şəbəkədəki şəxsi məlumatlar, video və fotolar yayılır, xeyr".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında texnobloger Fərid Pərdəşünas son günlər adıçəkilən sosial şəbəkənin idarəetmə sistemindəki dəyişikliklər, mesajların, şəxsi məlumatların yayılmasına münasibət bildirərkən deyib.

O, "Whatsapp" tərəfindən "Facebook"a ötürüləcək məlumatlara isə bu cür aydınlıq gətirib:

"Burada söhbət ad, soyad, şəxsin sonuncu dəfə onlayn olma vaxtı, sosial şəbəkədəki davranış tarixçələrindən gedir. Yəni şəxs hansı müddətdə bu sosial şəbəkəyə daxil olur və s. bu tip məlumatlar "Whatsapp" tərəfindən "Facebook"a göndərilir və reklam alətlərində, "Whatsapp Biznes"də bizneslərin optimallaşdırılması, hədəf auditoriyalarının müəyyən olunmasında istifadə olunacaq. Yəni fərdi məlumatların ötürülməsi ilə bağlı heç bir təhlükə yoxdur".

Həmsöhbətimiz deyir ki, bu proses illərdir belə davam etsə də, artıq sosial şəbəkə bunu rəsmi olaraq elan etməyə başlayıb: "Sosial şəbəkə istifadəçilərə öncədən bu haqda məlumat verir. Bu, əslində, belə olmalıdır və istifadəçilər bununla razılaşmalıdırlar. Bu səbəbdən düşünürəm ki, platforma dəyişməyə, başqa sosial şəbəkə platformasına axın etməyə, söz-söhbət yaratmağa ehtiyac yoxdur. Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox".

18
Teqlər:
istifadəçi, ekspert, siyasət, yeni, "Whatsapp"
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0