Əlil, arxiv şəkli

Yeni meyarlar əlillərin yarasına məlhəm olacaqmı?

240
“Bu gün Qarabağ müharibəsi qazisi var ki, bir qəlpə dəyib, qəlpə onu şikəst edib. Amma elə Qarabağ müharibəsi qazisi var ki, bədənində on qəlpə olsa da, ona əlillik səbəbi yaratmır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Dünən bir qrup Vətən müharibəsi qazisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında keçirdiyi etiraz aksiyası əlilliyin təyinində olan problemləri yenidən gündəmə gətirdi. Qazilər onlara əlillik qrupunun verilməsində olan süründürməçilikdən, sağlamlıqlarına dəymiş zərərin hərbi həkim komissiyalarında düzgün qiymətləndirilməməsindən, hətta hansısa əzasını itirməyənlərə əlillik qrupunun verilmədiyindən şikayətlənirdilər. Onların başlıca tələbi hazırki əlilliyin müəyyən olunması meyarının dəyişdirilməsi, sağlamlıqlarına dəymiş zərərin həkim komissiyaları tərəfindən düzgün qiymətləndirilməsi ilə bağlı idi. Etiraz aksiyasından sonra ƏƏSMN “Əlilliyin müəyyən olunması meyarları” layihəsinin Nazirlər Kabinetinə təqdim edildiyini bəyan etdi.

Bəs görəsən əlilliyin müəyyən olunması meyarlarının dəyişdirilməsi qazilərimizə əlillik təyinində yaranan problemləri aradan qaldıracaqmı?

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən “Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar Nazirlər Kabinetinə təqdim edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarları” layihəsi ilə tanış deyillər. R.Kərimoğlunun sözlərinə görə, yeni meyarlar mütləq şəkildə əlil təşkilatları, müharibə iştirakçıları ictimai birlikləri nümayəndələri ilə birgə müzakirə olunmalıdır: “Bizim istəyimiz odur ki, bu meyarlar dəyişsin. Bununla yanaşı, o layihədə yer alan yeni meyarlar bizim iştirakımızla hazırlansın. Amma biz NK-ya yeni təqdim olunan əlilliyin müəyyən olunması meyarları ilə tanış deyilik. Bəlkə yeni meyarlar hazırkındən də betərdir. Biz bunu bilmirik. Mən xahiş etmişəm ki, yeni layihə ilə bizi tanış etsinlər. Əsas istəyimiz əlilliyin müəyyən olunması meyarları və əlilliklə bağlı yeni qanunlar qəbul olunarkən bizim iştirakımızın təmin olunmasıdır”.

R.Kərimoğlu deyir ki, bugünkü əlilliyin müəyyən olunması meyarları hazırlanarkən İsveçrə və Avropa qanunları əsas tutulub: “Hansı ki, İsveçrədə əsrlərlə müharibə olmur. Avropa 75 ildir ki, müharibə görmür. Amma biz Xocalı faciəsini yaşamış xalqıq”, - deyə R.Kərimoğlu söyləyir.

Həmsöhbətimiz bildirir ki, qazilərin əlillik alması üçün ilk üz tutduğu instansiya Müdafiə Nazirliyinin strukturlarıdır. Onun sözlərinə görə, Müdafiə Nazirliyi hərbçinin yaralanmasına şəhadətnamə verir. Orada isə xeyli qüsurlar var: “Bu gün Qarabağ müharibəsi qazisi var ki, bir qəlpə dəyib, qəlpə onu şikəst edib. Amma elə Qarabağ müharibəsi qazisi var ki, bədənində on qəlpə olsa da, ona əlillik səbəbi yaratmır. Ona görə də Müdafiə Nazirliyi qazinin yaralarının vəziyyəti barədə məlumatı düzgün yazmalıdır. Çox təəssüf ki, bu məlumat düzgün qeyd edilmir".

R. Kərimoğlunun sözlərinə görə, Müdafiə Nazirliyində saxtakarlıq halları olduğundan, əlillik qrupu düşməyənlər də əlillik verilməsini tələb edirlər.  Qeyd edim ki, kontuziyanı müəyyən etmək çox çətindir. Amma hərbi hissə müharibə iştirakçısının yanında mərmi partlayanda buna görə arayış verir. Bu məsələlər dəqiq deyil. Müdafiə Nazirliyinin Mərkəzi Hospitalı, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının fəaliyyətində ciddi qüsurlar var. Bizim tələbimiz odur ki, əlilliyin meyarı dəyişməklə yanaşı, Müdafiə Nazirliyinin bu strukturlarında da qanunsuzluqlar aradan qalxsın”.

R.Kərimoğlunun sözlərinə görə, hazırda ayağının döş pəncəsi olmayanlara əlillik verilmir. Bu isə qazilərin haqlı narazılıqlarına səbəb olur.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meyarların müəyyən olunmasında dörd kateqoriya üzrə faiz göstəriciləri müəyyənləşdirilib. Həmçinin xəstəliklərin sayı artırılıb. Əlillik səbəbləri dörd qrupa bölünür. Bunların hamısı təsdiqlənərək NK-ya təqdim olunub. Bununla belə S.Məmmədov bildirir ki, bu sənədin qəbulu bütövlükdə problemi həll etməyəcək: “Vətən müharibəsində və 1-ci Qarabağ döyüşlərində iştirak edərək sağlamlığını itirmiş qazilərimiz var. Bundan əlavə müharibədən zərər çəkərək sağlamlığını itirmiş mülki əhalimiz var. İstehsalatda bədbəxt hadisə zamanı, avtoqəzada ayağını itirənlə müharibədə itirənlərə əlilliyin qiymətləndirilməsində fərq qoyulması, başqa diaqnozlar qoyulması mümkün deyil. Çünki, tibbi nöqteyi nəzərdən də yanaşma vahid olmalıdır. Mən hesab edirəm ki, meyarlar dəyişməli, müasirləşdirilməlidir. Dövlət müharibədə əlillik alanlara yaxşı müavinət verməlidir”.

S.Məmmədov bildirir ki, Vətən uğrunda döyüşərək əlillik qazananlar müavinət üçün əzalarından vaz keçməyiblər. Onlar bunu təmənnasız etdiyi üçün bu kateqoriyaya həssas yanaşılmalıdır: “ƏƏSMN-yanında yaranan İctimai Şurada da bununla bağlı müzakirələr aparılır. Biz elə etməliyik ki, müharibədə sağlamlığını itirmiş qazilərimiz bizdən narazı qalmasınlar”.

Həmsöhbətimiz deyir ki, bəzən həkim komissiyalarının verdiyi rəylər də əlilliyin verilməsinə mane olur. Buna görə də ekspert əlilliyin təyinində vahid koordinasiyanın yaradılmasını vacib hesab edir. Onun sözlərinə görə, əlilliyin müəyyən olunmasında vahid yanaşma olmalıdır ki, bu problemlər aradan qalxsın: “Bu gün partlayışın beş metrliyində kontuziya alan qazilərimizə sağlam diaqnozu qoyulur. Belə səhvlər var ki, aradan qalxmalıdır. Bədənlərində qəlpə gəzdirən şəxslərə, əli-ayağı amputasiya olunan, görmə qabiliyyətini itirənlərə xüsusi diqqət olmalıdır. Yeni meyarların qəbul olunması vacibdir, ondan əlavə prosedur qaydaları təkmilləşməlidir”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, NK-ya təqdim olunan layihədə əlilliyin xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərilə ifadə olunması nəzərdə tutulur. Onun sözlərinə görə, yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlara əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının IV dərəcə (81-100%), III dərəcə (61-80%) və II dərəcə (31-60%) itirildiyi hallarda təyin ediləcək. İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılacaq. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən ediləcək. Onun sözlərinə görə, “Əlilliyin müəyyən olunması meyarları” layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub.

Hazırda əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun həyata keçirilir: "Hazırkı qanunvericiliklə ayağın dizdən aşağı amputasiyası zamanı şəxsə 3-cü dərəcə əlillik, hər iki ayağın amputasiyası zamanı 1-ci dərəcə əlillik, dizdən yuxarı amputasiya olarsa, ikinci dərəcəli əlillik müəyyən edilir. Yeni meyarlarla təyinat isə orqanizmin funksiyalarının itirilməsi ilə müəyyənləşdiriləcək".

240

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

5
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

5
WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

18
(Yenilənib 19:47 07.05.2021)
"Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox" - Fərid Pərdəşünas.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "Whatsapp"la bağlı yayılan xəbərlər əslində səhv başa düşülür. Burada məlumatların ötürülməsindən söhbət getmir. 

Lakin istifadəçilər elə bilirlər ki, bu sosial şəbəkədəki şəxsi məlumatlar, video və fotolar yayılır, xeyr".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında texnobloger Fərid Pərdəşünas son günlər adıçəkilən sosial şəbəkənin idarəetmə sistemindəki dəyişikliklər, mesajların, şəxsi məlumatların yayılmasına münasibət bildirərkən deyib.

O, "Whatsapp" tərəfindən "Facebook"a ötürüləcək məlumatlara isə bu cür aydınlıq gətirib:

"Burada söhbət ad, soyad, şəxsin sonuncu dəfə onlayn olma vaxtı, sosial şəbəkədəki davranış tarixçələrindən gedir. Yəni şəxs hansı müddətdə bu sosial şəbəkəyə daxil olur və s. bu tip məlumatlar "Whatsapp" tərəfindən "Facebook"a göndərilir və reklam alətlərində, "Whatsapp Biznes"də bizneslərin optimallaşdırılması, hədəf auditoriyalarının müəyyən olunmasında istifadə olunacaq. Yəni fərdi məlumatların ötürülməsi ilə bağlı heç bir təhlükə yoxdur".

Həmsöhbətimiz deyir ki, bu proses illərdir belə davam etsə də, artıq sosial şəbəkə bunu rəsmi olaraq elan etməyə başlayıb: "Sosial şəbəkə istifadəçilərə öncədən bu haqda məlumat verir. Bu, əslində, belə olmalıdır və istifadəçilər bununla razılaşmalıdırlar. Bu səbəbdən düşünürəm ki, platforma dəyişməyə, başqa sosial şəbəkə platformasına axın etməyə, söz-söhbət yaratmağa ehtiyac yoxdur. Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox".

18
Teqlər:
istifadəçi, ekspert, siyasət, yeni, "Whatsapp"
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0