CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid övladlarının üzünü güldürən güllərlə bağlı hesabat açıqlandı

© Sputnik / Irade JELILBakıda gül dükanı
Bakıda gül dükanı - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Şəhid və qazilərin övladlarının təhsilinə dəstək olan "Simurq Təhsil Fondu" 2021-ci ilin ilk üç ayı ərzində gördüyü işlərin hesabatını ictimaiyyətə təqdim etdi.

BAKI, 21 aprel — Sputnik. "Simurq Təhsil Fondu" ilk üç ayın hesabatın təqdim edib. Bu barədə fonddan Sputnik Azərbaycan-a məlumat verilib.

Ötən ilin sonlarından fəaliyyətə başlayan Fond keçirdiyi kampaniyalarla 400 dən çox uşağa təhsil üçün dəstək olub. Fondun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Hədiyyən təhsil olsun" adlı kampaniyasında hədəf 100 ədəd gül olsa da, bu günə qədər artıq 400 ədəddən çox gül satılıb. Güllərin hekayəsi hər kəsin diqqətini özünə cəlb etməyi bacardı.

Belə ki, güllərin hər biri II Qarabağ döyüşü uğrunda şəhid olan qardaşlarımızın qız övladlarının adını daşıyır. Güllərin satışından əldə edilən gəlir də şəhid və qazilərimizin ailə üzvlərinin dərs ləvazimatları (geyimlər, illik dəftərxana ehtiyacları və s.) xərclərinin, eləcə də hazırlıq kurslarının, repetitorların ödənişlərinin qarşılanmasına sərf olunur. Gül kampaniyasından əldə edilən gəlir ilə 104 uşağın təhsil xərcləri qarşılanıb.

"Simurq"la tanışlıq çərçivəsində 800-dən çox kitabdan ibarət bağlama özəl bir məktubun müşayiəti ilə Fondun himayəsində olan 300 uşağa çatdırılıb.

Fonddan bildiriblər ki, bu işdə onlar tək deyillər. Xeyirxah işlər üçün bir araya gələn könüllülər ordusu, cəmiyyətin gələcəyinə biganə qalmayan yardımsevər insanlar, onlarla tərəfdaş olan şirkət və qurumlar böyük bir amal uğrunda - təhsilin hər bir Vətən övladı üçün əlçatan olması üçün birləşiblər.

Bundan başqa, "Simurq Təhsil Fondu" tərəfindən Seymur İlyasovun "Nokia. Qərbdən doğan bir günəşin Şərqdə süqutu" kitabı da həmin platformada satış üçün yerləşdirilmişdir. Müəllif öz kitabını Fonda bağışlamaqla dəstəyini ifadə etmişdir. Belə ki, kitabın satışından əldə olunacaq gəlirin hamısı "Simurq"a ianə ediləcək. Güllərin və kitabın satışı hazırda Azexport.az platformasında davam etdirilir.

Nəzərinizə çatdıraq ki, Fondun fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmır. "Simurq Təhsil Fondu"nun demək olar ki, ölkəmizin əksər bölgələrində nümayəndələri var və onların hamısı könüllü əsaslarla fəaliyyət göstərirlər.

Fondun fəaliyyət istiqaməti şagirdlərin məktəb ləvazimatları xərclərinin, o cümlədən abituriyentlər üçün hazırlıq kurslarının (repetitorların) ödənişlərinin qarşılanmasını, onların ixtisas seçimi, şəxsi inkişaf, peşə seçimlərinə uyğun mentorluq proqramlarının tətbiqini, müxtəlif yaş qrupları üçün elmi, texniki və bənzəri düşərgələrin həyata keçirilməsini və s. əhatə edir. Bundan başqa, şəhid və qazilərin ailə üzvləri üçün peşəkar mütəxəssislər tərəfindən psixoloji dəstək də göstərilir.

Məlumat üçün qeyd edək ki, "Simurq Təhsil Fondu"nun əsas missiyası Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhid və qazi övladlarının (yaxınlarının) təhsilinə maddi və mənəvi cəhətdən dəstək göstərməkdi.

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3mVJWiL

 

Xəbər lenti
0