Kafe, arxiv şəkli

Bakıda restoranlarda yeni qayda - Din bəhanə, qazanc şahanə

769
(Yenilənib 17:24 16.04.2021)
Nazirlər Kabinetinin 94 saylı qərarına görə, restoranlar iş saatları barədə qapıya məlumat asmalıdırlar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Ramazan ayı başlayandan bəzi kafe və restoranlar iş qrafikində dəyişiklik edib. Belə ki, paytaxtda bəzi restoranlar iftar vaxtına qədər müştəri qəbulunu dayandırıb. Bu isə sosial platformada müzakirələrə səbəb olub. Ramazan ayında restoranların müştəri qəbulunu dayandırmasını dini baxımdan müsbət qiymətləndirənlər olsa da, bunun əksini düşünənlər də var.

Sputnik Azərbaycan paytaxtda yerləşən restoranlarla əlaqə saxlayaraq yayılmış məlumatların həqiqətə uyğun olub-olmadığını və bunun istehlakçı hüququna təsirini araşdırıb.

"Qoç ət" restoranından Sputnik Azərbaycan-a bildirilib ki, restoran iftar saatınadək müştəri qəbul etmir. Restorandan bunun rəhbərliyin qərarı olduğunu bildirdilər: "Ramazanda insanlar oruc tuturlar. Bizim rəhbərlik hesab edir ki, axşam iftar vaxtınadək müştəri qəbul etmək doğru deyil".

Əlaqə saxladığımız digər restoranlar arasında iftar saatınadək müştəri qəbul etmədiklərini deyənlər olsa da, adi günlərdə olduğu kimi işləyənlər də vardı.

Avtobuslarda, restoranlarda sıxlıqdırsa, idman zallarına niyə icazə verilməsin?>>

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, restoranlar iş saatları barədə qapıya məlumat asmalıdırlar: "Bu qərara əsasən, restoranlar iş saatlarını, yəni restoranın hansı saatdan açılıb, saat neçəyədək işlədiyini göstərməlidir. Amma restoranların çoxunun qarşısında bu zəruri qeyd yoxdur. İaşə obyektləri özəl sahibkarlıq subyektləri olduqlarından, iş qrafiklərini sahibkar özü müəyyənləşdirir. Ramazan ayında da iftar saatınadək hansısa restoranın işləməməsi restoran rəhbərliyinin öz qərarı, öz işidir. Kimsə həmin sahibkarın işinə qarışa bilməz. Yəni restoranların üzərində öhdəlik yoxdur ki, o, gündüz işləməlidir, ya yox. Sadəcə olaraq bu barədə restoranın qapısında məlumat qoysalar, yaxşı olar".

E.Hüseynov deyir ki, Ramazan ayında retoranların iftar saatınadək işləməməsi barədə AİB-ə də məlumatlar daxil olub. Həmsöhbətimiz deyir ki, bu, müəyyən mənada restoran sahibinin dini inancı ilə bağlı olsa da, bəzi restoranlar Ramazan ayında iftara qədər işləmək sərfəli olmadığı üçün bu rejimdə çalışır:

"Azərbaycan müsəlman ölkəsidir. Bizdə də ildən-ilə oruc tutanların sayı artır. Ona görə də bəzi restoranlara gündüz saatlarında, yəni iftara qədər işləmək sərf etmir. İşçiləri müştəri az olan saatda işlətmək sahibkara sərfəli olmadığından onlar iftar saatında işləməyə üstünlük verirlər. Çünki sahibkar məcburdur ki, gündüz işlətdiyi işçinin də haqqını ödəsin. Axşam saatlarında isə iftara görə daha çox müştəri olur. Hazırkı şəraitdə restoran sahibinə işçini axşam işlətmək sərf edir. Çünki qazanc daha çox olur".
769
Teqlər:
sahibkar, , iftar, Ramazan, restoran
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

2
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

2
Məmur, arxiv şəkli

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

6
(Yenilənib 18:21 09.05.2021)
Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

BAKI, 9 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

6