Bakı metrosu açılşdan sonra

Avtobus metronun yükünü qaldıra bilmir: Deputatlar öz şərtlərini irəli sürdülər

1468
(Yenilənib 16:11 15.04.2021)
"Avtobus metronun yükünü qaldıra bilmir. Çünki gündəlik olaraq 600 min nəfər metrodan istifadə edirdi. Bir avtobus isə maksimum 40 sərnişin tutur. 600 mini daşımaq üçün görün nə qədər avtobus reysə buraxılmalıdır" - Aydın Mirzəzadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Biri ilə yaxındır ki, ölkədə pandemiya rejiminin davam etməsi və demək olar ki, bir ildir ki, müvəqqqəti fəaliyyət dövrü istisna olmaqla metronun bağlı olması yollardakı vəziyyəti iflic edib. Nəticədə tıxacların sayı, tıxacın davametmə müddəti daha da artıb. Belə olan halda isə gündəlik işə gedib qayıdanlar ən azı 5-6 saatını elə yolda keçirmiş olur.

Paytaxt sakinləri metronun açılmasını tələb edir və onlar bunu həm də havaların isinməsi, saatlarla avtobusda tıxacda qalmağın mümkünsüzlüyü ilə izah edirlər.

Pandemiya bütün dünyanı bürüsə də, bir çox ölkələr qoruma tədbirlərini daha da gücləndirməklə demək olar ki, normal həyatlarına dönüblər. İctimai nəqliyyat, metronun fəaliyyəti bir çox ölkələrdə bərpa olunub. Bəs Azərbaycan necə, bu təcrübədən yararlana bilərmi?

Millət vəkili Elnur Allahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, hazırkı karantin rejiminə riayət etməklə metroların işi bərpa oluna bilər. Onun fikrincə, metronun fəaliyyəti günün müəyyən vaxtlarında, əhalinin işə gedib-qayıtdığı saatlarda bərpa oluna bilər.

"Çox istəyərdim ki, maydan etibarən metronun fəaliyyəti bərpa olunsun. Lakin hazırkı durumda statistikalar bizi çaşdırır və metronun nə zaman açılacağına dair qərarın verilməsi sual edilə bilər. Hazırda virusla bağlı durum çox mürəkkəbdir. Gördüyünüz kimi, xəstələnənlərin sayı artmaqda davam edir. Belə başa düşürəm ki, bu artım davam edəcək", - deyə o, əlavə edib.

Millət vəkili vətəndaşları bir daha karantin rejiminin tələblərinə əməl etməyə səsləyib: "Vətəndaşlar maskalardan istifadə edir, karantin rejiminə riayət edir. Çox sevindirici haldır ki, Sovetlər Birliyindən ayrılan ölkələr arasında Azərbaycan karantin rejiminin tələblərinə riayət etməsinə görə nümunəvi ölkələrdən biridir".

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında metronun xüsusən hansı vaxtlarda fəaliyyətinə ehtiyacın olmasından danışıb:

"Metronu günün müəyyən vaxtlarında açmaq olar. Bu vaxt 07:00-dan 09:00-dək, 17:00-dən 19:00-dək tənzimlənə bilər. Yəni, daha çox işə gedilən vaxtda metronun açıq olması ilə rahatlıq təmin oluna bilər. Metroda sıxlıq yarandığını iddia ediriksə, o zaman avtobusdakı vəziyyətə nəzər salaq. Avtobuslarda sıxlıq metrodan daha çox olur".

Deputatın fikrincə, avtobus metronun yükünü qaldıra bilmir. Çünki gündəlik olaraq 600 min nəfər metrodan istifadə edirdi. Bir avtobus isə maksimum 40 sərnişin tutur. "600 mini daşımaq üçün görün nə qədər avtobus reysə buraxılmalıdır. Birincisi, bizim bu sayda avtobusumuz yoxdur. Digər məsələ isə bu avtobusların belə sıxlıq yaradacağı ilə bağlıdır", - deyə millət vəkili əlavə edib.

O avtobuslardakı sıxlıqdan da söz açıb: "Belə olan halda insanlar işə basabasda getməli olur. Məsafənin gözlənilməsi, maskanın taxılması və maarifləndirici materialları yerləşdirməklə metronun fəaliyyətini bərpa etmək olar. Həm də, öncəki bir illə müqayisədə insanlar bu virus haqda daha çox məlumatlıdır və buna daha ciddi yanaşırlar. Bu zaman nəqliyyatdakı problem müəyyən qədər də olsa, həll oluna bilər".

Lakin infeksionist İlhamə Abbasova metronun açılmasının tərəfdarı olmadığını deyir:

"Metro açılarsa, virus daha da alovlanar. Çünki metro qapalı mühitdir. COVID-19-la bağlı rəqəmlərin artdığı bir vaxtda metronun açılması, hətta günün müəyyən saatlarında belə açılması məsləhət deyil. Peyvəndləmə işləri gedir, lakin vətəndaşların çoxunda narazılıq var, müəyyən bəhanələr gətirirlər. Heç olmasa əhali arasında peyvəndlənmə 80 faiz olarsa, bu zaman metronu günün hansısa saatında açmaq olar".

"Avtobusların sayını artırmağa, intervalı azaltmağa üstünlük verilsə, daha yaxşı olar", - deyə o, əlavə edib.

1468
Dəniz sagilində kişilər, arxiv şəkli

Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

8
Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır.

BAKI, 9 may — Sputnik. Cəmiyyətimizin istənilən problemi həm də bizim – fərdlərin problemidir. Bu gün qarşılaşdığımız problemlər övladlarımızın gələcəyi üçün ciddi təhdid və narahatlıqdır. Cəmiyyəti qoruyan, onu inkişaf etdirən, gələcəyini müəyyən edən bəlli dəyərlər sistemi olmalıdır və cəmiyyətlər dəyərlər üzərində bərqərar olur. Bəzi dəyərlər ildən ilə dəyişə, bəziləri zamanın tələbi ilə “dəyərsizləşə” bilər. Qloballaşan dünyada assimilyasiyanı haradasa normal qəbul etmək olar (Şübhəsiz bu məqam ciddi müzakirə mövzusudur. Yəni, polemikaya açıq məsələdir - C.C.) İnternetin və texnologiyanın inkişafı müəyyən sərhədlərin aradan qalxmasına səbəb olur. Ancaq elə dəyərlər var ki,  assimilyasiyası qətiyyən qəbul edilə bilməz və bu dəyərlərin zorakı assimilyasiyasına mane olmağımız qaçılmazdır. Xalq, cəmiyyət qorunmalı olan dəyərlərinə sahib çıxmasa yaranan xaos, qarışıqlıq qarşısıalınmaz olacaq. Cəmiyyətdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin gələcəyi üçün əndişə keçirən fərdləri narahat etməlidir.

***

Cəmiyyətdə müəyyən bir qrupun laqeyidləşməsinin, biganəliyin və insani münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, cəmiyyəti var edən dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir. Son vaxtlar diqqətimi çəkən müəyyən polemikalarda məhz bu xaosun şahidi olduq. Feminizmdən danışanların yarımçıq bilgilərlə “silahlanıb” bu anlayışı lağ hədəfinə çevirməsi, müharibə əleyhidarlarının ölkədə işğalçılara qarşı aparılan mübarizə dönəmində aktivləşib əslində müharibə əleyhidarlığını mahiyyətindən uzaqlaşdırmaları, liberal düşüncə tərəfdarlarının şəhidlərə qarşı sayğısız davranışları ilə cəmiyyətdə qəzəb yaratmaları pis nümunələrdir. Liber dəyərlərin mühafizəkarlığı bu şəkildə assimilyasiyaya məruz qoyması qəbuledilməzdir.

***

Cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənməlidir. Təbii ki, bu dəyərlərə qarşı çıxanlar, müxalif olanlar da olmalıdır. Hər bir dəyərə qarşı alternativ təklif etmək və ya bu alternativlərlə yaşamaq mümkündür, qəbulediləndir. Yetər ki, cəmiyyət üçün “həssas nöqtələrə” yersiz hücum etməyək. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları qeyri-müəyyənliyə sürükləyir. Gözümüzün qarşısında assimilyasiyaya uğrayan dəyərlər bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər.

***

Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır. Cəmiyyətin bir qismi ümumiyyətlə bu xəbərləri soyuqqanlı şəkildə qulaqardına vurur, çox az bir qisim insan isə əndişə, narahatlıq keçirir. Bu yaxınlarda xəbər saytlarında qarşılaşdığım “Molla əsgər anasını qətlə yetirdi” başlıqlı xəbərin vahiməsi məni əməlli başlı diksindirdi. Cəmiyyətimizdəki bu cür eybəcərliklərin gələcəyimizə böyük təhlükə yaratdığını düşünürəm. Eyni zamanda din adamının cinayətkar olmasının qabardılması, müzakirə olunması məni daha çox narahat etdi. Dinə və dindarlara qarşı loyal yanaşsam da, dini dəyərlərin cəmiyyətimizdə önəmli yerə sahib olduğunun fərqindəyəm. Məhz cinayət xəbərinin bu şəkildə tirajlanması, dinə qarşı aqressiyanın yaranmasına rəvac verir. Sosial şəbəkələrdə cinayət, cinayətin motivi bir kənarda qalır, din, din xadimi, molla müzakirə olunur. Halbuki cinayətkarın dini mənsubiyyətini vurğulamaq üçün heç bir səbəbimiz  yoxdur. Çünki islam dini əsgər anasını zorlamağa, ümumiyyətlə cinsi zorakılığa haqq qazandıran din deyil. Deməli küyə gedib islamı tənqid etmək üçün də səbəbimiz yoxdur. Çünki cinayətkarın milli, irqi və dini mənsubiyyəti müzakirə mövzusu olmamalıdır. Hansısa din xadiminin cinayətinə görə onun dinini qınamaq  ədalətsizlikdir. Təəssüf ki, din xadiminin əməli olun təmsil və təbliğ etdiyi dinə başucalığı gətirmir. Eyni zamanda cəmiyyətin dini dəyərlərini də gözdən salır. Bunu anlayırıq. Bizi narahat edən gələcəyimizdir. Dəyərlərindən uzaq düşmüş cəmiyyətin gələcəyi hamımızı narahat etməlidir.

İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

8
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

6
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

6