Avtobusda nəzarətçi, arxiv şəkli

Həftənin 5 günü virusa yoluxmurlar, iki günü yoluxurlar? Operativ Qərargaha irad tutuldu

1293
(Yenilənib 14:17 15.04.2021)
"Virus öz işini taksidə də görür. Virusun elə bir xarakteri yoxdur ki, həftəsonu avtobusdan istifadə edən sərnişinə yoluxsun, taksidən istifadə edən sərnişinə yoluxmasın"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Millət vəkili Vüqar Bayramov həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılması təklifi ilə çıxış edib. Deputat "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib ki, son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir: "Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir. Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır. Bu baxımdan, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı".

V.Bayramov onu da əlavə edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur:

"Məsələn, həftəsonları ictimai nəqliyyat gecəyarısınadək deyil, səhər saatlarından axşam 20.00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər".

Ekspertlər də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarına yenidən baxılmasını, bəzi qaydaların dəyişdirilməsini təklif edirlər.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, deputatın həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı təklifi əsaslıdır:

"İctimai nəqliyyatın fəaliyyətini həftəsonları məhdudlaşdırmaqla yoluxmanın qarşısını almaq effektli deyil. Onsuz da insanlar həftəsonu gedəcəkləri ünvana taksi ilə gedirlər. Bu, qərar şənbə günü işləyən insanları çətin durumda qoyur. Onlar məcbur olur ki, həftəsonu işə taksi ilə gedib-gəlsinlər. Üstəlik, biz həftəsonları ictimai nəqliyyatın fəaliyyətini dayandırmaqla virusa yoluxmada nə qədər azalmaya nail olduğumuzu bilmirik. Çünki virus öz işini taksidə də görür. Virusun elə bir xarakteri yoxdur ki, həftəsonu avtobusdan istifadə edən sərnişinə yoluxsun, taksidən istifadə edən sərnişinə yoluxmasın. Ümumiyyətlə, bəzi qaydalar var ki, Operativ Qərargah onlara yenidən baxmalı, mövcud vəziyyətə görə dəyişiklik etməlidir".

Ə.Rüstəm bildirir ki, təmsil olunduğu Azərbaycan Həkimlər İctimai Birliyi (AHİB) koronavirus pandemiyası ilə bağlı bəyanatında ölkəmizdə virusla mübarizə yollarını göstərib. Həmsöhbətimiz deyir ki, ölkəmizdə də COVID-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır. Son günlərdə COVID-19 xəstəliyinə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb. Onun sözlərinə görə, 2-ci dalğada ortaya çıxan çətinliklər indi də hiss olunmaqdadır: " AHİB istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnlərin sayına düşən ölüm hallarının başqa ölkələrə nisbətən yüksək olması faktından narahatlıq ifadə edir və bir sıra tədbirlərin görülməsini zəruri sayır".

© Official website of President of Azerbaijan Republic

Ə. Rüstəmin fikrincə, COVID-19 pandemiyası müddətində dünya təcrübəsi göstərdi ki, yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır: " Əksər ölkələrdə (Çin Xalq Respublikası, Cənubi Koreya və Yaponiyada) bu təcrübə çox effektli oldu. Ölkəmizdə də COVID-19 xəstəliyini vaxtında aşkar edib yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir".

AHİB üzvü onu da bildirir ki, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır (məsələn, test edilmək üçün hərarətin 38°C-dən yuxarı olması və s. tələb olunur): "Hərarəti olub-olmamasından asılı olmayaraq təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olan şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir. Kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmaq lazımdır".

Bundan əlavə ekspert müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməli olduğunu söyləyir: "Əhali arasında kütləvi sayda ev (ambulator) müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır. ÜST protokolları əsasında müalicə prinsipləri elmi baxımdan tibb ictimaiyyətinə mütəmadi izah edilməli, əhali arasında maarifləndirmə işi gücləndirilməlidir. Yoxsa, həftəsonları ictimai nəqliyyata qadağa qoymaqla virusa qalib gəlmək, yoluxmanı azaltmaq olmaz!"

Nəqliyyat məsələləri üzrüə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftəsonu avtobusların fəaliyyətinə qoyulan qadağaya yenidən baxmağa ehtiyac var:

"Biz şənbə və bazar günləri paytaxtda küçələrdə tıxaclar görürük. Bu mənzərədən də görünür ki, avtobusların hərəkətinə həftəsonları qadağa qoymaqla insanlar istirahət günlərində səfərlərini təxirə salmırlar. Kim həftəsonu hara gedəcəyini planlaşdırıbsa, taksidən istifadə etməklə gedir. Bundan əlavə, həftəsonu avtobusların fəaliyyətinin tam dayandırılmasında bəzi anlaşılmaz məqamlar var. Sərnişinlər həftənin 5 günü avtobusla gedib-gəlirlərsə, yoluxmurlar, iki günü istifadə etməməklə virusa yoluxmaya bilərlərmi? Bu, bir qədər düşündürücü məqamdır".

Ə.Hüseynov həftəsonu ictimai nəqliyyatın işləməməsinin sərnişindaşıma ilə məşğul olan sahibkarlara da zərər vurduğunu, sürücülərin əməkhaqqılarına təsir etdiyini söyləyir. Ekspert ictimai nəqliyyatın hərəkətinə həftəsonu qadağasına yenidən baxılmasının vacib olduğunu söyləyir: "Həkimlərin iştirakı ilə bu məsələ yenidən müzakirə olunaraq qərar verilsə, yaxşı olar. Çünki nə qədər insan bu qadağaya görə artıq xərcə düşüb işə taksi ilə gedir".

1293

Bu gün 25 mindən çox insan vaksin vurdurub

4
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

4

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

11
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

11