İdman zalı

Avtobuslarda, restoranlarda sıxlıqdırsa, idman zallarına niyə icazə verilməsin?

1245
(Yenilənib 01:12 15.04.2021)
"Nəzərə almaq lazımdır ki, elə xəstələr var ki, onların artıq çəki alması səhhətləri üçün təhlükəlidir. Belə şəxslər koronavirusa yoluxduqda da xəstəliyi daha ağır keçirirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Pandemiya dövründə idman zallarının qapalı qalması narazılıq doğursa da, hələ də bu məkanların fəaliyyətinə icazə verilmir. Milli Məclisin deputatı Fazil Mustafa çıxışlarının birində bildirib ki, digər sahələrdə olduğu kimi idman zallarına da qadağa qoyulmamalıdır: "Müəyyən məhdudiyyətlər tətbiq olunsun. 

Məsələn, məhdudiyyət qoyulsun ki, eyni anda idman zalında üç nəfərdən artıq şəxs məşq edə bilməz. Buna riayət olunmasına da ciddi nəzarət tətbiq edilsin".

Məlumat üçün bildirək ki, bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

Sputnik Azərbaycan idman zallarının fəaliyyətinə icazənin verilməsinin mümkünlüyünü araşdırıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, idman zallarının fəaliyyətinə icazə verilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib:

"Biz dəfələrlə demişik ki, idman yarışlarının keçirilməsi üçün idman zallarının fəaliyyətinə icazə verilsin. Bunun üçün Operativ Qərargaha müraciət edilib. Təkliflər də irəli sürmüşük ki, hansı qaydalarla idman zalları açılmalıdır".

S.Məmmədova deyir ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını bildirib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib. Amma hələ ki, ölkəmizdə idman zallarının fəaliyyətinə qoyulan qadağa götürülməyib.

Diyetoloqlar isə pandemiya dövründə idman zallarının açılmasına ehtiyac olduğunu söyləyirlər. Məşhur diyetoloq Tutu Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, restoranların, avtobusların hazırkı vəziyyətini nəzərə aldıqda idman zallarının qapalı qalması başadüşülən deyil. Diyetoloq bildirir ki, idman zallarının müəyyən qaydalarla fəaliyyətinə icazə vermək olar: "İdman zalında maska ilə idman etmək olmur. Digər tərəfdən, koronavirusa yoluxmuş xəstə idman avadanlıqlarına toxunmaqla virusu yaya bilər. Qaçış avadanlıqlarının ara məsafəsi isə çox yaxındır. Bəzi idman zallarında havalandırma çox çətindir. Bu mənada idman zallarının fəaliyyəti müəyyən qaydalar çərçivəsində bərpa oluna bilər. İdman zalının hər kvadratmetrində neçə nəfərin məşq etməli olduğu müəyyənləşməlidir. Bu qaydalarla idman zallarının da fəaliyyətinə icazənin verilməsi mümkündür".

T.Zeynalova idmanın koronavirusa qarşı effektli olduğunu da söyləyir. O bildirir ki, idman sağlamlıqdır, idman edən insanlar koronavirusu yüngül keçirirlər.

Diyetoloq deyir ki, idman zalları qapalı olduğu müddətdə havaların da isinməsini nəzərə alıb müəyyən yerlərdə açıq havada maska qadağası götürülməlidir:

"Bəzi yerlərdə açıq havada maskasız gəzməklə idman etməyə icazə vermək olar. Məsələn, "Torqovı"da sıxlıq olduğu üçün maskasız gəzmək təhlükəlidir. Amma bulvarda maskasız gəzmək olar. Nəzərə almaq lazımdır ki, elə xəstələr var ki, onların artıq çəki alması səhhətləri üçün təhlükəlidir. Belə şəxslər koronavirusa yoluxduqda xəstəliyi daha ağır keçirirlər. Təbii ki, sıxlıq olmayan yerlərdə açıq havada maskasız yürüşə icazənin verilməsi yaxşı olardı".

Hər iki qadağa qaldığı bir vaxtda isə T.Zeynalova deyir ki, insanlar açıq havada piyada 40 dəqiqə gəzməyə, rəqs etməyə, gündəlik aktivliyi qorumağa çalışmalıdırlar.

1245
Teqlər:
dietoloq, qadağa, idman zalı, idman, avtobus, sıxlıq, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (468)

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

4
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

4
WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

9
(Yenilənib 19:47 07.05.2021)
"Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox" - Fərid Pərdəşünas.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "Whatsapp"la bağlı yayılan xəbərlər əslində səhv başa düşülür. Burada məlumatların ötürülməsindən söhbət getmir. 

Lakin istifadəçilər elə bilirlər ki, bu sosial şəbəkədəki şəxsi məlumatlar, video və fotolar yayılır, xeyr".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında texnobloger Fərid Pərdəşünas son günlər adıçəkilən sosial şəbəkənin idarəetmə sistemindəki dəyişikliklər, mesajların, şəxsi məlumatların yayılmasına münasibət bildirərkən deyib.

O, "Whatsapp" tərəfindən "Facebook"a ötürüləcək məlumatlara isə bu cür aydınlıq gətirib:

"Burada söhbət ad, soyad, şəxsin sonuncu dəfə onlayn olma vaxtı, sosial şəbəkədəki davranış tarixçələrindən gedir. Yəni şəxs hansı müddətdə bu sosial şəbəkəyə daxil olur və s. bu tip məlumatlar "Whatsapp" tərəfindən "Facebook"a göndərilir və reklam alətlərində, "Whatsapp Biznes"də bizneslərin optimallaşdırılması, hədəf auditoriyalarının müəyyən olunmasında istifadə olunacaq. Yəni fərdi məlumatların ötürülməsi ilə bağlı heç bir təhlükə yoxdur".

Həmsöhbətimiz deyir ki, bu proses illərdir belə davam etsə də, artıq sosial şəbəkə bunu rəsmi olaraq elan etməyə başlayıb: "Sosial şəbəkə istifadəçilərə öncədən bu haqda məlumat verir. Bu, əslində, belə olmalıdır və istifadəçilər bununla razılaşmalıdırlar. Bu səbəbdən düşünürəm ki, platforma dəyişməyə, başqa sosial şəbəkə platformasına axın etməyə, söz-söhbət yaratmağa ehtiyac yoxdur. Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox".

9
Teqlər:
istifadəçi, ekspert, siyasət, yeni, "Whatsapp"