Tikinti, arxiv şəkli

Gecəqonduların taleyinə aydınlıq gətirildi - Bir gecəyə villa tikmək olar?

1054
(Yenilənib 17:49 14.04.2021)
“O evlər  gecəqondudursa, aidiyyəti qurumlar həmin evlər tikilərkən hara baxırdılar?  Sözsüz ki, bir evi bir gecəyə tikib başa çatdırmaq mümkün deyil"

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 14 aprel — Sputnik. Paytaxtda inşa olunan gecəqondularla bağlı məsələ yenidən gündəmə gəlib. Milli Məclisdə keçirilən iclasda deputat Fazil Mustafa deyib ki, qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır. Deputat bildirib ki, Bakıya girəndə Sulutəpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır: “Bunu dəyişməliyik. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.

Sputnik Azərbaycan gecəqonduların sənədləşdirilməsi məsələsini araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sulutəpə yaşayış massivində, eləcə də Bakıətrafı ərazilərdə yerləşən sənədsiz tikililər arasında gecəqondular olsa da, qanunsuz evlərin hamısı gecəqondu sayıla bilməz: “Sulutəpə ərazisində elə evlər var ki, onlara gecəqondu demək olmaz. Sözügedən ərazidə elə evlər inşa olunub ki, onları tikməyə aylarla vaxt lazımdır. Gecəqondular isə bir gecəyə tikilən evlərdir”.

E.Fərzəliyev bildirir ki, gecəqondular Bakıətrafı ərazidə inşa olunan sənədsiz evlərin o qədər də çox hissəsini təşkil etmir: “Belə evlərin sayı 100-dən çox olar. Bakı və Abşeronda isə yüz minlərlə sənədsiz ev var. Gecəqondu deyəndə bir gecədə inşa olunan kiçik ev nəzərdə tutulur. Avtovağzala yaxın ərazidə isə inşa olunan evlər arasında çıxarışı olanlar var. O evlərin hamısı daşdan olan tikililərdir. Orada yaşayanların 90 faizinin əlində hər hansı bir formada bir sənəd var. Çoxunun üzərində ev tikdiyi torpağa bələdiyyə sənədi verilib”.

Ekspert bildirir ki, hətta gecəqondular inşa olunarkən belə tikinti ilə bağlı müəyyən qurumların xəbəri olur: “O evlər  gecəqondudursa, aidiyyəti qurumlar həmin evlər tikilərkən hara baxırdılar?  Sözsüz ki, bir evi bir gecəyə tikib başa çatdırmaq mümkün deyil. Deməli, gecəqondu adlandırılan evlər tikilərkən rayon icra hakimiyyətlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin, sahə müvəkkillərinin xəbəri olub. Onlar qeyri-rəsmi o evlərin tez bir zamanda tikilməsinə razılıq verərək, tikintiyə göz yumublar. Sadəcə sakinlərə tikintiyə razılıqla bağlı hər hansı rəsmi sənəd yoxdur”.

Bununla belə E.Fərzəliyev bildirir ki, hətta gecəqondu sayılan evlərə belə işıq, qaz, su sayğacları qoyulub: “Vətəndaş özünə elektrik, qaz və su xətti çəkib. Aidiyyəti qurumlar isə o evlərə sayğac qoyub. Deməli aidiyyəti qurumlar bu evin vətəndaşlara məxsus olduğunu təsdiqləyiblər. Ona görə də gecəqondular da sənədləşdirilməlidir. Əgər həmin tikililər yüksək gərginlikli elektrik xətlərinin altında inşa edilibsə, mühafizə zolaqlarına düşürsə, bu zaman söküləcəksə, ərazi qiymətləndirilib vətəndaşlara kompensasiya verilməlidir. Çünki sənədsiz tikililər desək də, hansı qapını döysək, o ərazidə vətəndaşın əlində hər hansı sənəd var”.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gecəqondular da qanunsuz tikililər kateqoriyasına aiddir. Qurum rəsmisi bildirir ki, hazırda sənədsiz tikililərin inventarlaşdırılması işləri davam edir. Onun sözlərinə görə, bu proses hələ ki, tam başa çatdırılmayıb: ”Pandemiyaya görə sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı yaradılmış komissiyaların fəaliyyətində müəyyən fasilələr olur. Amma bu komissiyalar işləyirlər. 8-9 nəfərin təmsil olunduğu komissiyalar rayon icra hakimiyyətlərinin nəzdində yaradılıb. Sənədsiz tikililərin inventarlaşdırılması işləri başa çatandan sonra çeşidlənmə işləri aparılacaq. Bundan sonra bəlli olacaq ki, sənədsiz tikililərin nə qədər hissəsi hansı kommunikasiya xətlərinin mühafizə zonalarına düşür. Bu siyahıya gecəqondular da aiddir”.

Şamil Abdullayev bildirir ki, gecəqondular inşa edilərkən tikinti tələblərinə əməl olunmadığı üçün onların sənədləşdirilməsində problem yaranacağı inandırıcı deyil. Qurum rəsmisi bildirir ki, qanunsuz tikililərin mütləq əksəriyyətində tikinti-arxitektura tələblərinə, qaydalarına əməl edilməyib.

Şamil Abdullayevin sözlərinə görə,  sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi başa çatdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək, tövsiyyə xarakterli hökumət qarşısında məsələ qaldırılacaq: "Bundan sonra qanunsuz tikililərin taleyi ilə bağlı qərar veriləcək. O qərar olmayana qədər qanunsuz tikililərin necə sənədləşdiriləcəyi, prosesin hansı mərhələlərlə aparılacağı barədə bir fikir söyləmək mümkün deyil. Pandemiyaya görə sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işi bir az yubanır”.

Ş.Abdullayev deyir ki, indidən qanunsuz tikililərin hansının sənədləşdiriləcəyi, hansının söküləcəyi barədə qəti fikir söyləmək mümkün deyil: "Çox güman ki, mədən ərazisinə və mühafizə zolaqlarına düşən tikililərlə bağlı hökumətin yanaşması belə olacaq - əgər magistral xəttin yerinin dəyişdirilməsi həmin magistral xəttin mühafizə zolağında yerləşən tikililərin sökülməsindən daha ucuz başa gəlirsə, bu halda dövlət həmin xəttin yerini dəyişdirir. Yox, əgər söküntü prosesi xəttin yerinin dəyişdirilməsindən ucuz başa gəlirsə, həmin varianta gedilə bilər. Bütün bunlar dəqiqliyi ilə müvafiq qərar verildikdən sonra məlum olacaq".

1054
Məmur, arxiv şəkli

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

2
(Yenilənib 18:21 09.05.2021)
Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

BAKI, 9 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

2

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5
Cilberto Malvestuto, arxiv şəkli

İtaliyalı veteran alman əsgərlərinin yalançı dəfn mərasimindən danışıb

0
(Yenilənib 18:22 09.05.2021)
Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

BAKI, 9 may — Sputnik. İtaliya Müqavimət hərəkatının iştirakçısı Cilberto Malvestuto İkinci Dünya müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, veteranın yaddaşına möhkəm həkk olmuş epizodlardan biri alman əsgərlərinin yalançı dəfn mərasimi ilə bağlıdır.

Həmin vaxt alman hərbçiləri müəyyən vaxt ərzində əllərində xaç tutaraq guya döyüş yoldaşlarının dəfni səhnəsini oynayıblar.

"Səhəri gün isə həmin ərazidən bizə artilleriyadan atəş açıldı. Biz başa düşdük ki. Bunların hamısı aldadıcı oyun imiş. Almanlar həmin fəndi bir daha işlətmək istədikdə mən atəş açmaq əmrini verdim, onlar hərəsi bir tərəfə qaçdı. Onların atıb qaçdığı arabada mərmilər var idi. Ölənlər oldu, mən müharibənin nə olduğunu elə həmin vaxt başa düşdüm", — deyə Malvestuto bildirib.

Bundan əlavə, italiyalı veteran özünü vətəni qarşısında borcunu yerinə yetirmiş hesab etdiyini və gənclərin "bir-birinə qardaş kimi münasibət bəsləməsini" istədiyini deyib.

Qeyd edək ki, aprel ayında Malvestutonun 100 yaşı tamam olub. Veteran doğulduğu Sulmona şəhərindəki ahıl insanlara qulluq müəssisəsində yaşayır. Malvestuto İtaliya Müqavimətinin hərbi bölməsi olan məşhur Mayella briqadasının sağ qalan son zabitidir.

0