Avtomobillərin hərəkatı, arxiv şəkli

Avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi qadağan edildi

16
Nazirlər Kabineti sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını müəyyən edəcək.

BAKI, 12 aprel — Sputnik. Prezident İlham Əliyev "Yol hərəkəti haqqında| qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, qanuna əsasən, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı dəyişib.

Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.

Eyni zamanda, avtomobillərin və avtobusların qabaq  şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını müəyyən edəcək.

16
Bakubus avtobusu, arxiv şəkli

Paytaxt marşrutlarının 50 faizi yenilənib

2
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir.

BAKI, 17 may — Sputnik. Bakıda sərnişindaşımada fəaliyyət göstərən marşrut xətlərindəki avtobusların 50 faizi yenilənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir: "Yenilənən avtobusların 74 faizi daha ekoloji təmiz olan sıxılmış qazla işləyir".

Qeyd edək ki, mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edilir. Belə ki, 17.05.2021-ci il tarixində 29 və 81, 18.05.2021-ci il tarixində 71 və 83, 19.05.2021-ci il tarixində 53 və 66, 20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bununla da "BakıKart" sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.

M8 ekspress marşrut xətti (Maştağa qəsəbəsi - "Gənclik" metro stansiyası)isə bu gün adi rejimə keçirib. Marşrutda gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.

Eləcə də oxuyun:

Bakı-Xırdalan-Sumqayıt qatarında sıxlığın səbəbi açıqlandı

* Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

2
Teqlər:
yenilənmə, marşrut, Bakı, lüks avtobus, avtobus
Gürcüstan polisi, arxiv şəkli

Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

8
(Yenilənib 18:29 17.05.2021)
Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

BAKI, 17 may — Sputnik, Eldar Tanrıverdiyev. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bəyanatda deyilir:

“16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaratmışdırlar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir. Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan – Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır. Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir. Əziz soydaşlar, Siz həmişə Azərbaycan – Gürcüstan dostluğunun əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirmək istəyir”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi də Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münaibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.

Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır".

Eləcə də oxuyun:

*Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

Dmanisidə vəziyyət yenidən gərginləşib - polis izdihamı sakitləşdirə bilmir

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

8
Teqlər:
Diasporla İş üzrə Dövlət Komitəsi, bəyanat, səfirlik, saxlanılma, insident, Azərbaycan, Gürcüstan