Jurnalist, arxiv şəkli

"Media haqqında” qanun özünü doğruldacaqmı nələr dəyişməlidir?

977
(Yenilənib 22:15 12.04.2021)
Ekspertlər hesab edir ki, media resursunun və subyektinin hüquqları qorunmalıdır, əks təqdirdə informasiya istehsalı prosesində xaos baş verə bilər.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Hazırda gündəmdə ən çox müzakirə olunan və diqqət çəkən məsələlərindən biri “Media haqqında” qanundur. Artıq bir neçə müddətdir ki, “Media haqqında” qanun layihəsi üzərində iş aparılır. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru, qanun layihəsinin hazırlanması ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Əhməd İsmayılov deyib ki, “Media haqqında” qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir.

Bəs bu qanundan hansı gözləntilər var? Qanunda nələr dəyişməlidir? Sputnik Azərbaycan “Media haqqında” qanunla bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlunun və BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin fikirlərini öyrənib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, artıq cəmiyyət-media münasibətlərində və medianın inkişafında yeni bir mərhələnin çatdığını hər kəs qəbul edir: “Medianın klassik funksiyalarına çoxsaylı yeni elementlər əlavə olunub. Hazırda media resurslarının sayı və rəngarəngliyi çoxalıb. Biz bura internet informasiya resurslarını da əlavə etsək görərik ki, bu münasibətlərin yenidən və qanunla tənzimlənməsinə ehtiyac var idi. Ona görə də düşünürəm ki, “Media haqqında” yeni qanunun qəbul edilməsi aktual və zəruridir”.

Millət vəkili qeyd edib ki, o, qanunun ilkin layihəsi ilə tanış olub və orada media subyektləri ifadəsinin yer alması çox mühimdir: “Yeni qanunda media registri məsələsinin öz əksini tapması gözlənilir. Hər şeydən öncə media münasibətləri kontekstində bir hüquqa istinad edilməsi önəmlidir. Hər kəsə bəllidir ki, medianın funksiyası informasiya istehsal edib onu istehlakçıya çatdırmaqdır. Belə olan halda media resursunun və subyektinin hüquqları qorunmalıdır. Əks təqdirdə informasiya istehsalı prosesində xaos baş verə bilər. Bu məsələləri nizama salınması yeni mərhələdə medianın fəaliyyətinin hüquqi çərçivədə tənzimlənməsinə imkan verəcək. Bu gün media adına iddia edən çoxsaylı resurslar mövcuddur. Ancaq həmin resurslar peşəkar öhdəçiliyə gələndə məsuliyyətdən yayınırlar. Bu da milli informasiya məkanına zərərli və lazımsız məlumatların daxil olmasına səbəb olur. Yeni qanunla biz informasiya cəmiyyətinin tələblərini və ölkəmizin maraqlarını müdafiə edə biləcək yeni bir media institutlaşmasını təmin etmiş olacağıq”.

BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli isə deyib ki, “Media haqqında” qanunla bağlı ortada xeyli suallar var və onların ictimai müzakirəyə çıxarılacağı gözlənilir: “Əvvəlki qanunda o qədər dəyişikliklər edilmişdi ki, qanunun mahiyyəti təhrif edilərək tanınmaz hala düşmüşdü. Ona görə də qanunu cilalamaq və işlək hala gətirmək bu gün çox vacibdir. Media registri məsələsinə gəldikdə isə burada fövqəladə bir şeyin olduğunu deməzdim. Sadəcə mövcud media qurumları haqqında dolğun və dürüst məlumat əldə etmək imkanı yaranmış olacaq. Bəzən bir yerdə yazı çap olunur, xüsusəndə internet media resurslarında bilinmir təsisçi, rəhbər kimdir. Ona görə də media registrinin bütün bu məsələləri həll edəcəyini düşünürəm”.

“Amma reallıq ondan ibarətdir ki, bütün görüləcək bu işlərin medianın problemlərini aradan qaldıracağını düşünmürəm. Azərbaycan mediasının əsas problemlərindən biri mövcud söz azadlığı çərçivəsində peşəkar fəaliyyətini qurulması məsələsidir. O cümlədən medianın iqtisadi fəaliyyətinin qanunverici əsasının cilalanması önəm kəsb edir” – deyə Q.Məhərrəmli bildirib.

977
Məmur, arxiv şəkli

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

6
(Yenilənib 18:21 09.05.2021)
Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

BAKI, 9 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

6

Bu gün 25 mindən çox insan vaksin vurdurub

7
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

7
Fillər, arxiv şəkli

Nyu-York məhkəməsi filin müraciətinə baxacaq

0
Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.

Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.

Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.

"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.

0