Avtobus, arxiv şəkli

Keyfiyyətə görə qiymət: Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradıldı

64
Xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən "Koroğlu" NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.

BAKI, 10 aprel — Sputnik. Dövlət başçısının tapşırığına əsasən, Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyəti artırılır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir. Bu çərçivədə ümumilikdə 48 minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycana-a verilən məlumata görə, qeyd olunan qəsəbələrin sakinlərindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı, avtobusların köhnə və istismara yararsız olması barədə mütəmadi olaraq Agentliyə şikayətlər daxil olub.

"3 №-li Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin müvəqqəti istismarındakı bu xətlər üzrə avtobuslara zəruri texniki qulluğun göstərilməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Nəticədə metronun "Koroğlu" stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə öz növbəsində sərnişinlərin daha artıq vəsait ödəməsilə yanaşı, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub, iki ədəd "BakıKart" ödəmə terminalı quraşdırılıb və digər zəruri infrastruktur işləri görülüb. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.

Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) "Q1" adı altında yeni marşrut xətti təşkil edilir. "BakuBus" MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.

Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin "Koroğlu" NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq. İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin, xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən "Koroğlu" NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.

Məlumat üçün bildiririk ki, 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri sərnişindaşımaları balansında əsaslı təmir edilən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilib. Qeyd edək ki, bütün dəyişikliklər 12.04.2020-ci il tarixindən tətbiq olunacaq.

64
Teqlər:
Bakı, Qala, mübadilə, nəqliyyat, avtobus

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

5
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

5
WhatsApp loqosu, arxiv şəkli

"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?

18
(Yenilənib 19:47 07.05.2021)
"Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox" - Fərid Pərdəşünas.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "Whatsapp"la bağlı yayılan xəbərlər əslində səhv başa düşülür. Burada məlumatların ötürülməsindən söhbət getmir. 

Lakin istifadəçilər elə bilirlər ki, bu sosial şəbəkədəki şəxsi məlumatlar, video və fotolar yayılır, xeyr".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında texnobloger Fərid Pərdəşünas son günlər adıçəkilən sosial şəbəkənin idarəetmə sistemindəki dəyişikliklər, mesajların, şəxsi məlumatların yayılmasına münasibət bildirərkən deyib.

O, "Whatsapp" tərəfindən "Facebook"a ötürüləcək məlumatlara isə bu cür aydınlıq gətirib:

"Burada söhbət ad, soyad, şəxsin sonuncu dəfə onlayn olma vaxtı, sosial şəbəkədəki davranış tarixçələrindən gedir. Yəni şəxs hansı müddətdə bu sosial şəbəkəyə daxil olur və s. bu tip məlumatlar "Whatsapp" tərəfindən "Facebook"a göndərilir və reklam alətlərində, "Whatsapp Biznes"də bizneslərin optimallaşdırılması, hədəf auditoriyalarının müəyyən olunmasında istifadə olunacaq. Yəni fərdi məlumatların ötürülməsi ilə bağlı heç bir təhlükə yoxdur".

Həmsöhbətimiz deyir ki, bu proses illərdir belə davam etsə də, artıq sosial şəbəkə bunu rəsmi olaraq elan etməyə başlayıb: "Sosial şəbəkə istifadəçilərə öncədən bu haqda məlumat verir. Bu, əslində, belə olmalıdır və istifadəçilər bununla razılaşmalıdırlar. Bu səbəbdən düşünürəm ki, platforma dəyişməyə, başqa sosial şəbəkə platformasına axın etməyə, söz-söhbət yaratmağa ehtiyac yoxdur. Əgər bu şərtlərlə razılaşmaq istəmirsinizsə, o zaman "Telegram", "Signal" və bu kimi digər paltformalardan isitfadə etmək olar. Lakin bununla bilmək olmaz ki, həmin platformalar da gələcəkdə bu siyasətdən istifadə edəcək, ya yox".

18
Teqlər:
istifadəçi, ekspert, siyasət, yeni, "Whatsapp"
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0