Laçın şəhəri, arxiv şəkli

Xudafərindən Laçına yol çəkilir

18
(Yenilənib 16:46 08.04.2021)
Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədi ilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün də inşası planlaşdırılır.

BAKI, 8 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Dövlət başçısının tapşırığına əsasən, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobill yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

Yeni Füzuli-Şuşa avtomobil yolunun tikintisi
© Azerbaijan Highway State Agency

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "37 N-li Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir-neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti birgə icra edir.

Hazırda avtomobil yolunun qeyd edilən hissəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədi ilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün də inşası planlaşdırılır.

Yolun tikintisini qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədi ilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

18
Teqlər:
Laçın, Qubadlı, Xudafərin, tikinti, yol
Bakıda avtobus, arxiv şəkli

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

3
(Yenilənib 10:40 20.04.2021)
51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

3
Xadimə hoteldə hamam otağını təmizləyir, arxiv şəkli

Azərbaycanda pandemiya ocaqları: Birgünlük kirayə evlərdə vəziyyət necədir

39
(Yenilənib 23:22 19.04.2021)
"Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur" - Ədalət Rüstəm.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu günlərdə Türkiyədə birgünlük kirayə verilən evlərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reyd keçirilib. Səbəb pandemiyanın geniş yayıldığı şəraitdə belə evlərdə sanitar-gigiyenik tələblərə əməl edilməməsidir. 

Azərbaycanda da birgünlük kirayə evlər var. Bu evlərin qiyməti 3 manatdan başlayır. 3, 10, 15-35 manat arasında da birgünlük kirayə evlər tapmaq mümkündür.

Bəs, görəsən bu evlərdə sanitar-gigiyenik tələblər gözlənilirmi?

Sputnik Azərbaycan belə evlərin sahibləri və maklerlərlə əlaqə saxlayıb. Onlar bu evlərin vaxtaşırı dezinfeksiya edildiyini iddia ediblər. Lakin məsələnin gerçəkdə necə olduğunu heç kəs bilmir. 

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyədə baş verən bu hadisə çox maraqlı təcrübədir və Azərbaycan üçün də aktualdır. Deputataın fikrincə, bu istiqamətdə böyük təbliğat işi aparılmalıdır. Çünki belə vəziyyətdə evini kirayəyə verən sahiblərin də yoluxma təhlükəsi var. 

"Daxili İşlər Nazirliyinə belə yerlərə vaxtaşırı reyd keçirmə icazəsi verilməlidir. DİN və vergi orqanları ilə birgə reydlər keçirilə bilər", - deyə o, əlavə edib.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə əməkdaşımıza birgünlük evlərin təhlükəsindən danışarkən deyib: ""Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur. Təsəvvür edin, biri 3-5 gün fəhlə işləyib o evi tərk edəndən sonra bir başqa fəhlə həmin evdə kirayədə qalır. COVID-19-dan öncə də belə evlər var idi. Bu evlər infeksiya mənbəyidir və orada yoluxma ehtimalı yüksəkdir. Polis tərəfindən əməliyyat keçirilərək cəzalandırma tədbirlərinin görülməsi normal haldır".

Əli Rüstəmin sözlərinə gröə, Nəsimi bazarı, Biləcəri tərəfdə də belə evlər var: "Bir həyətdə 30 ailə yaşayır. Təbii ki, bu evlər, ərazilər infeksiya mənbəyidir. Virusun yayılmasında belə evlərin də rolu var".

Azərbaycanın hüquq-mühafizə orqanları isə hələlik belə müvəqqəti yaşayış yerlərində reyd keçirmək barədə fikirləşmirlər. "Bu barədə yuxarıdan hər hansı əmr və ya təlimat gəlməyib. Gəlsə, təbii ki, reyd keçiriləcək və sanitar-gigiyenik qaydaları pozanlar cəzalandırılacaq", - deyə paytaxt polisindən bildiriblər. 

39