Ramazan ayında sərt karantin olacaqmı? Deputat açıqladı

117
(Yenilənib 12:19 07.04.2021)
"Amma palatalarda çarpayı yerləri dolur və müalicə etmək imkanları məhdudlaşır, bu zaman sərt karantin tədbirlərinin tətbiqi aktuallaşır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. Bu xəbərlərin yayılmasına rəvac verən fotoda isə karantin postunda iş aparıldığı əks olunur. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq. Elə postlar da bu məqsədlə qurulur.

Sputnik Azərbaycan ölkəmizdə Ramazan ayı ərəfəsində sərt karantinin tətbiq olunması ilə bağlı yayılan məlumatların nə dərəcədə həqiqətəuyğun olduğunu araşdırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtın girişindəki karantin postu sökülməyib: "Həmin post karantin tətbiq edildiyi dövrdən qalıb. Şəkildə isə görünür ki, postda nəsə iş görülür. Ola bilər ki, hansısa texniki məqsədlə orada iş görülüb. Bunu isə vətəndaşlar sərt karantinin tətbiq edilməsi kimi qəbul ediblər".

Daxili İşlər Nazirliyi (DİN) də sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir: "Operativ Qərargah hələ ki belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür".

Bölgələrə giriş-çıxışa Ramazan ayında qadağa qoyulacağı barədə məlumatların yayılmasına daha bir səbəb isə bölgələrdə son həftələr koronavirusa yoluxma sayının kəskin artmasıdır.

Milli Məclisin deputatı Azər Badamov isə qarşıdakı həftələrdə virusa yoluxma statistikasının necə dəyişəcəyi məlum olmadığından, hansısa qərarların veriləcəyi barədə fikir yürütməyin tez olduğunu söyləyir. Sputnik Azərbaycan-a açıqlama verən deputat bildirib ki, karantin qaydaları ilə bağlı xəbərlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Operativ Qərargah ölkədə koronavirusa yoluxma statistikasını, dinamikasını təhlil edir və buna uyğun qərarlarını qəbul edir. Çox təəssüf ki, son günlər koronavirusa yoluxma sayında artım var. Hətta bu infeksiyadan dünyasını dəyişənlərin sayı da artan templə davam edir. Dövlətimizin siyasətinin təməlində insanlarımızın sağlamlığı durur. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd olunub ki, Azərbaycan koronavirusla mübarizəyə ilk qoşulan dövlətlər sırasındadır. Bu dövr ərzində apardığımız mübarizə tədbirlərinin effekti yüksək olub. Buna görə də adımız dəfələlə nümunə çəkilib. Amma yenidən biz koronavirusa yoluxmaların şahidiyik. Bölgələrdə koronavirusa yoluxma sayı artıb. Dövlətimiz çalışır ki, koronavirus infeksiyasını nəzarət altında saxlayaq".

Deputat bildirir ki, əgər xəstəxanalardakı mövcud çarpayı yerləri xəstələnən insanların sağaldılmasına, yerləşdirilməsinə imkan verirsə, karantin tədbirlərinin sərtləşdirilməsi gündəmə gəlmir: "Amma palatalarda çarpayı yerləri dolur və müalicə etmək imkanları məhdudlaşır, bu zaman sərt karantin tədbirlərinin tətbiqi aktuallaşır. Biz Novruz bayramında da cəmiyyətdə sərt karantin tədbirlərinin olacağı barədə söz-söhbətlər eşidirdik. Amma Operativ Qərargah hesab etdi ki, həmin günlərdə sərt karantinə ehtiyac yoxdur. İnsanların sərbəst gediş-gəlişi təmin olunsun. Ramazan bayramında sərt-karantinin tətbiq olunacağı ilə bağlı qabaqcadan fikir yürütmək çətindir. Çünki beş gündən sonra ölkədə koronavirusa yoluxmaların tempinin hansı istiqamətdə dəyişəcəyini bilmirik. Nəzərə almalıyıq ki, ölkəmizdə sürətli peyvəndlənmə işi aparılır. Əgər biz peyvəndləmə faizinə ölkə əhalisinin yarısında nail ola bilsək, yoluxma riskləri də azalmaya doğru gedəcək".

Bununla belə deputat bildirir ki, əgər Ramazan bayramı günlərinə qədər yoluxmaların sayı narahatedici məqama gəlib çatsa, sərt karantin tətbiq oluna, insanların hərəkətlərinə yenidən məhdudiyyətlər gündəmə gələ bilər: "Əgər koronavirus infeksiyasına yoluxma həyəcan təbili çalınacaq həddə çatarsa, müəyyən fəaliyyət növlərinə də qadağaların qoyulması mümkündür. Müəyyən bir müddətə sərt karantin tətbiq etməklə yoluxma sayını artıran sahələrdə məhdudiyyətlərin tətbiqi gündəmə gələ bilər".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.

117
Teqlər:
açıqlama, deputat, Ramazan, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (463)

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

455
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

455
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

5
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

5
Nobel prospekti

Nobel prospektinin adı dəyişdirildi

0
(Yenilənib 16:02 12.04.2021)
Nobel prospektinin adı dəyişdirilərək "8 Noyabr" adlandırılması bu gün həmin prospektdə Hərbi Qənimətlər Parkının açılması ilə əlaqədardır.

BAKI, 12 aprel — Sputnik. Bakının Nobel prospektinin adı dəyişdirilərək "8 Noyabr" prospekti adlandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən qərar bu gün həmin prospektdə Hərbi Qənimətlər Parkının açılması ilə əlaqədar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

Gələcəkdə "8 Noyabr" prospektində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

0