Manat, arxiv şəkli

QHT Şurası "milyonların mənimsənilməsi" məsələsinə aydınlıq gətirdi

578
Elməddin Behbud: Hesabalama Palatasının hər il onlarla dövlət qurumunda büdcədən ayrılan vəsaitlərin xərclənməsi vəziyyətini yoxlaması rutin qayda, normal praktikadır.

BAKI, 6 aprel — Sputnik. Təəssüflər olsun ki, Hesablama Palatasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında apardığı yoxlamadan bəzi maraqlı adamlar istifadə edərək "milyonların mənimsənilməsi" adı altında "stəkanda fırtına" qoparmağa çalışır.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud Facebook-da sözügedən yoxlamalarla bağlı son iki gündə sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirərkən yazıb.

O, xatırladıb ki, Azərbaycan Respublikası Hesablama Palatası ötən il 30-dan çox qurumda apardığı dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesablama Palatasının 2020-ci ildə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq 53 milyon manata yaxın (52846,9 min manat) dövlət vəsaitinin büdcəyə bərpa olunması haqqında qərar qəbul edib.

Hesablama Palatasının yoxlamalar apardığı qurumlar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da var. Hesablama Palatasının 3 il - yəni 2017, 2018, 2019-cu illər üzrə Şurada aşkarladığı çatışmazlıqlar nəticəsində 174.475 manat dövlət vəsaitinin büdcəyə bərpası haqqında qərar qəbul edilib. Bu vəsaitin 23.612 manatı QHT layihələrini, 19.440 manatı dövlət qulluğunda çalışan ekspertlərə ödənilən qonorarı, 118.623 manatı podratçı təşkilatları və 12.800 manatı Auditorlar Palatasının üzvü tərəfindən aparılan yoxlamaya görə ödənişi əhatə edir. QHT-lər və podratçı təşkilatlar demək olar ki, müvafiq vəsaiti büdcəyə qaytarıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun martın 18-də mediaya açıqlamasında bu yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat verdiyini xatırladan E.Behbud yazıb:

"Hamımız bilirik ki, fəaliyyətin olduğu hər bir yerdə nöqsan və çatışmazlıqların olması təbiidir. Hesabalama Palatasının hər il onlarla dövlət qurumunda büdcədən ayrılan vəsaitlərin xərclənməsi vəziyyətini yoxlaması rutin qayda, normal praktikadır. Məlumat üçün bildirirəm ki, Şuranın təşəbbüsünə baxmayaraq, qurum fəaliyyətə başladığı 2008-ci ildən ötən ilədək yoxlamaya cəlb olunmamışdır. Bu baxımdan belə yoxlamaların aparılması qurumun fəaliyyətinin təkmilləşdirilməsi və daha yaxşı təşkil olunması baxımından olduqca faydalıdır. Yoxlamanın məqsədi çatışmazlıqları və pozuntuları aşkar edərək müvafiq qurumların fəaliyyətini təkmilləşdirməsinə kömək etməkdir. Müvafiq təşkilatların işi isə bu yoxlamalardan nəticə çıxararaq həmin nöqsanları aradan qaldırmaqdır".

Şura səlahiyyətlisi qeyd edib ki, bəzi maraqlı adamlar bu məsələdən istifadə edərək "milyonların mənimsənilməsi" adı altında "stəkanda fırtına" qoparmağa çalışır.

"Bu bizə təəccüblü deyil, çünki Şura, bəzi maraqlı adamlar üçün yeni mövzu deyil. Belə kampaniyalar aparmaq onların köhnə şakəridir. Görünür, onlar indi də manipulyasiya üçün yeni fürsət əldə etdiklərini düşünürlər. Sadəcə bu açıqlama ilə bir daha Hesabalama Palatasının Şurada artıq çoxdan başa çatmış yoxlamalarına aydınlıq gətirmək istədim", - deyə Behbud əlavə edib.

578
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il

Səhnəmizin "Cənnət"inin doğum günüdür

4
(Yenilənib 11:38 20.04.2021)
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

BAKI, 20 aprel — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

4
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Əhaliyə növbəti "fişinq" hücumları barədə xəbərdarlıq

3
Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri "tələyə salmaqla" asan yolla maddi vəsait əldə etməkdir

BAKI, 20 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan "fişinq" hücumları barədə xəbərdar edib. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, kiberdələduzlar "Kapital Bank", "Unibank" və digər bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə çalışırlar. Belə ki, həyata keçirilən kiberhücumlarda bank əməkdaşlarının adından vətəndaşların mobil nömrələrinə zənglər edilərək, onların adına hər hansı köçürmənin həyata keçirildiyi bildirilir və təsdiqləmə üçün kart hesab nömrəsi, şifri, təsdiqləmə kodu və sair fərdi məlumatların təqdim edilməsi tələb olunur.

Digər bir kiberhücumda bank əməkdaşlarının adından saxta sosial şəbəkə hesabları yaradılaraq müəyyən bank əməliyyatlarının həyata keçirilməsi üçün kart hesab məlumatlarının, təsdiqləmə kodlarının təqdim edilməsi tələb edilir.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri "tələyə salmaqla" asan yolla maddi vəsait əldə etməkdir.

Qeyd edək ki, geniş yayılmış bu növ kiberhücumlarda kiberdələduzlar öz kimliklərini gizlətmək üçün müxtəlif proqramlardan istifadə edərək qarşı tərəfə telefon nömrələrini istədikləri şəkildə göstərə bilir. Yəni zəng gələn ekranda bankın və ya başqa şəxsin nömrəsi əks oluna bilər. Əslində isə zəng tam fərqli nömrədən həyata keçirilir.

Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, bu kimi zənglərə qarşı maksimum diqqətli olsunlar, ekranda hansı nömrənin əks olunmasından asılı olmayaraq heç bir halda qarşı tərəfə bank məlumatlarını və digər fərdi məlumatlarını təqdim etməsinlər. Bu kimi zənglər və ya mesajlar aldıqda, ilk öncə başqa vasitələrlə həmin bank və ya müəssisə ilə əlaqə saxlayaraq məlumatın düzgünlüyünü yoxlasınlar.

Xüsusilə, bank kartlarının şəklini çəkməklə qarşı tərəfə ötürmək, telefona gələn təsdiqləmə kodlarını (OTP) digər şəxslərlə paylaşmaq sizə maddi zərər dəyməsi ilə nəticələnə bilər. Kart hesab nömrəsi, etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üçrəqəmli kod), həmçinin təsdiqləmə kodlarını əldə edən şəxs asanlıqla hesabınızdan vəsait çıxara bilər.

Unutmayın ki, heç bir bank müştərisindən telefon vasitəsilə şifr, təsdiqləmə kodu kimi məlumatları təqdim etməsini tələb etmir. Bu məlumatlar məxfi saxlanılmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

Həmçinin vətəndaşlar şübhəli hallarla üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

3
Rusiya dəniz donanması, arxiv şəkli

Rusiyanın Xəzər, Baltik Şimal donanmalarının gəmiləri Qara dənizə üçün göndərilib

0
(Yenilənib 11:59 20.04.2021)
Donbasda vəziyyətin kəskinləşməsi fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir müddət əvvəl bildirib ki, ABŞ və müttəfiqləri Ukraynanı Krıma münasibətdə də təxribatlara təhrik edirlər.

BAKI, 20 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarına aid olan raketdaşıyan, artilleriya və desant gəmilərinin Qara dənizə aparılması – Cənubi-Qərb strateji istiqamətində istənilən təhlükənin qarşısını almağa hazırlıq deməkdir. Əgər Qara dənizi şahmat lövhəsi ilə müqayisə etsək, görərik ki, hazırda orada Rusiyanın "fiqurları"nın sayı daha çoxdur və onlar Qərbin təklif etdiyi bu hərbi-strateji oyunda daha effektiv mövqe tutur.

Xəzər donanmasının 15 gəmidən ibarət qrupu aprelin 17-də səhər Kerç boğazı ilə Krım körpüsü altından keçərək Qara dənizdəki təyinat yerinə üz tutub. Donanmalararası keçid edən gəmi dəstəsi Volqa-Don kanalında 13 darvazasını arxada qoyaraq Qara dəniz donanmasının operativ tabeliyinə keçib.

Elə həmin gün Bosfor boğazı vasitəsilə Şimal donanmasının "Aleksandr Otrakovski" və "Kondopoqa" böyük desant gəmiləri, bir qədər sonra isə Baltik donanmasının də analoji "Kalininqrad" və "Korolyov" gəmiləri də Qara dənizin sularına daxil olub. Beləliklə, ümumilikdə Qara dənizdə Rusiyanın böyük desant gəmilərinin sayı 11-ə çatlb ki, onlar da göyərtəsinə silah və zirehli texnikası ilə birlikdə (100-dən çox tank) üç min nəfərə qədər dəniz piyadası götürə bilər. Lakin desant katerlərini də nəzərə almamaq olmaz.

Xəzər, Baltik və Şimal donanmalarının qüvvələri Qara dəniz donanması ilə birlikdə ərazidə yaranmış ciddi vəziyyəti nəzərə alınaraq təşkil olunmuş iri miqyaslı manevrlərdə iştirak edirlər. Həmin gəmilər "Kalibr" qanadlı raketləri ilə 2000 km radiusda "Liviya ssenarisini" və ya "səhrada tufanı" həyata keçirməyə, yəni istənilən Avropa ölkəsinin ərazisində işğalçını məhv etməyə qadirdir.

Bu təlimlərə həmçinin Qara dəniz və Xəzər donanmalarının dəniz piyadaları və sahil mühafizə qoşunlarının da bölmələri cəlb olunub. Rusiyanın Cənubi-Qərb sərhədlərinə həmçinin iki ümumqoşun ordusu, üç hava-desant diviziyası, habelə Cənub hərbi dairəsinin zərbə aviasiyası da cəmləşdirilib. Krımda yerləşən qruplaşma isə quruda, suda və havada ehtimal olunan düşmənin dəniz və hava desantını "isti-isti" qarşılanmasını məşq edir.

Qərbin təqyiqlərinə cavab

Şərqi Avropada NATO-nun 26 ölkədən 30 minə qədər hərbçisinin iştirakı ilə "Defender Europe 21" təlimləri keçirilir. Həmin təlimlərin Qara dənizdəki aktiv fazası cari ilin may ayına planlaşdırılıb. Həmin vaxta qədər əraziyə Böyük Britaniyanın döyüş gəmiləri – minadaşıyan və sualtı qayıq vuran freqatı gələcəklər. Onlar isə ABŞ-ın "Qarpun" tipli gəmi əleyhinə raketləri və 80 km məsafədə aerodinamik hədəfləri vurmağa qadir olan "Sea Wolf" zenit-raket kompleksləri ilə silahlanıb.

O da məlumdur ki, İngiltərənin Qara dənizdə üzən hərbi gəmilərini Aralıq dənizindəki "Kraliça Yelizoveta" təyyarədaşıyan gəmisinin göyərtəsindəki F-35 çoxtəyinatlı qırıcı-bombardmançıları da dəstəkləməyə hazırdır.

Donbasda vəziyyətin kəskinləşməsi fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir müddət əvvəl bildirib ki, ABŞ və müttəfiqləri Ukraynanı Krıma münasibətdə də təxribatlara təhrik edirlər.

Rusiya silahlı qüvvələri ehtimal olunan "Avropa müdafiəçilərinin" Krım sahillərinə və Kerç boğazına yollarını kəsir. Planlaşdrılmış hərbi manevrlərlə əlaqədar olaraq aprelin 21-dən oktyabrın 31-dək Rusiya Qara dənizin bir neçə rayonunu xarici hərbi gəmilər üçün bağlayacaq. Söhbət üç gəmi yolundan gedir: Krımın cənub sahili boyunca (Sevastopoldan Qurzufa qədər), Kerç yarımadası sahillərində və Krımın Qərb sahillərində dənizin kiçik bir hissəsi. Qeyd edək ki, bütün bu məhdudiyyətlər Rusiyanın ərazi suları daxilində, beynəlxalq qaydalara uyğun tətbiq olunur və Kerç boğazı vasitəsilə mülki gəmilərin keçməsinə mane olmur.

Ukrayna və NATO silahlı qüvvələrinin "böhran regionunda" desant çıxarılmasının məşq edildiyi standart təlimlərinə Rusiya Krım sahilləri yaxınlığında yüksək dəqiqliyə malik qanadlı raketlərlə silahlanmış gəmi-zərbə qruplaşmasını, Qara dəniz və Cənub hərbi dairələrinin "hava armadasını" formalaşdırmaqla cavab verir və bununla da təchiz olunmamış sahillərə çıxma imkanlarını nümayiş etdirir.

Bir qədər əvvəl Qara dəniz üzərində Cənub hərbi dairəsi və Qara dəniz donanmasının dəniz aviasiyasının birgə iri miqyaslı təlimləri keçirilib. Həmin təlimlərdə Su-24M və Su-34 bombardmançıları, habelə Su-27SM və Su-30SM çoxtəyinatlı qırıcıları aşağı hündürlüklərdə dəniz hədəflərinə raket və bomba zərbələrini məşq edir, habelə Qara dəniz donanması gəmilərinin havadan qorunması tapşırıqlarını yerinə yetiriblər.

Rusiya silahlı qüvvələrinin dominantlığı şəraitində "Avropanın müdafiəçiləri"nin Qara dənizdə manevr etmək üçün güc və vasitələri məhduddur. Yəqin ki, "Defender Europe 21" planlarına bir qədər düzəliş etmək lazım olacaq. Həm də bu zaman NATO-nun "böyük tərəfdaşları"nın nüfuzuna da xələl gələcək. Pentaqonun "gəmilərin hərəkət azadlığı"nın pozulması barədə səksəkəli bəyanatları da elə bununla bağlıdır. Regiondakı vəziyyət isə, yəqin ki, oktyabr ayında normallaşacaq.

0