E-sosial.az saytın istifadəçisi

Göz bəbəyimiz kimi qoruduğumuz çəhrayı kartları ləğv edirlər

11
(Yenilənib 17:54 02.04.2021)
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sistemindəki müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi sözü sosial sığorta nömrəsi ilə əvəz edilir.

Azərbaycanda sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Bu sahədə islahatların davamı olaraq fərdi uçot sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, eləcə də müasir dövrdə öz aktuallığını itirmiş müddəaların qanunvericilikdən çıxarılması zərurəti yaranıb. Belə ki, qanunvericilikdə mövcud olan bəzi istisnaların mövcudluğu, fərdi uçot sistemindəki proseslərin bütövlükdə elektronlaşmasına mane olur.

Bu baxımdan, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun bəzi maddələrinə dəyişiklik edilməsi Əmək Məcəlləsinin müvafiq maddələrində də dəyişikliklərin edilməsi zərurətini yaradır. Qeyd olunanlara əsasən, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanmış dəyişiklik fərdi uçot sistemindəki müvafiq məlumatların çevik əldə edilməsini və əlavə xərclərin azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə “e-sosial.az” saytı istifadəyə verilib. 

Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.

“Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilib. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli edib, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirib. Sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

11
DİN əməkdaşı, arxiv şəkli

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

1
(Yenilənib 10:23 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

1
Kitbaxanaçı Nazlı Əliyeva

Dünyanı qəlbləri ilə görənlər - Görmə məhdudiyyətli şəxslərin kitabxanası

358
(Yenilənib 23:43 11.04.2021)
Kitabxananın zirzəmidə yerləşməyi həm onun fəaliyyəti, həm də oxucular üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Cəmiyyətdə bu şəxsləri, "dünyanı qəlbləri ilə görənlər" adlandırırlar. Bir çox sahələrdə fitri istedadalara sahib olan görmə məhdudiyyətli şəxslər nə qədər qəribə səslənsə də, əksər hallarda asudə vaxtlarında mütaliə edir və bundan zövq alırlar.

Maraqlıdır, respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxanada durum necədir?

Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən kitabxana 4 mərtəbəli binanın zirzəmisindədir. Zirzəminin qapısını açaraq üzüaşağı dik pilləkənləri gördükdə, görəsən, görmə məhdudiyyətli şəxslər bu pilləkənlərlə necə qalxıb-düşürlər, deyə sual ağlımıza gəlir. Ehtiyatla aşağı enirik.

© Sputnik / Nigar Iskanderova
Gözdən əlillər kitabxanası

Kitabxanaçı Nazlı Əliyeva bizi kitabxana ilə tanış edir: "Kitabxanamız 1981-ci ildə yaranıb. 262 kvadrat metrlik ərazisi olan kitabxana 4 mərtəbəli binanın zirzəmisində yerləşir. Burada brayl əlifbası ilə yazılan, eyni zamanda audio formatda olan, həmçinin adi kitablar var. Oxucularımız isə 5 yaşdan 90 yaşadəkdir. Anaları 5 yaşlı yaxud da bir qədər böyük yaşlı övladlarını gətirərək onlara burada kitab oxuyurlar. Burada hətta abituriyentlər üçün lazım olan bəzi vəsaitlər də var".

Kitablarla tanış oluruq, burada dünya ədəbiyyatı, uşaq ədəbiyyatına aid müxtəlif növ - Azərbaycan, rus və türk dillərində kitabalr var. Az sayda olsa da, ingilis dilli kitablara da rast gəlmək mümkündür. Kitabxananın 19 işçisindən 13-ü görmə məhdudiyyətlidir.

Nazlı xanım deyir ki, buradakı audio kitablar səsyazma məntəqələrində diktorlar tərəfindən səsləndirilir: "Bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndirib. Bəzən tələbələr gəlir ki, biz ödənişsiz olaraq kitabları səsləndirmək istəyirik. Bu zaman həmin şəxsin səsi dinlənilir. Çünki bizim auditoriya görmədiyi üçün onlar səsə daha həssasdılar. Bu səbəbdən də səsin xoş, avazlı olub-olmadığı yoxlanılır. Səslə yanaşı, ləhcənin olmaması, düzgün oxunma çox önəmlidir".

© Sputnik / Nigar Iskanderova
Kitbaxanaçı Nazlı Əliyeva

Kitabxanaçı deyir ki, brayl tipli kitablar xüsusi avadanlıqlarla çap olunur. Düzdür, bu kitablar audio kitablarla müqayisədə az olsa da, ona maraq var. Audio tipli kitablar buradakı kitabların təxminən 70 faizini təşkil edir.

Söhbət boyu suallar da beynimizdə gəzib-dolaşır: Havalandırma sistemi, pəncərəsi olmayan və görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş kitabxanada görəsən ən çox nə qədər oturub mütaliə etmək olar?

Elə Nazlı xanım da deyir ki, onlaırn əsas problemləri məhz yerləşdikləri məkanla bağlıdır: "Əsas problemimiz bu məkanla bağlıdır. Mərkəz olaraq yerimiz yaxşıdır, "Gənclik" metrostansiyasının yanından bura beş dəqiqəyə çatmaq olur. Amma kitabxananın zirzəmidə yerləşməyi həm fəaliyyətimiz, həm də oxucularımız üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var. Onların arasında əsa ilə gəzənlər, arabada olanlar da var ki, bura düşüb-çıxmaq heç də rahat olmur".  

© Sputnik / Nigar Iskanderova
Taktil kitab

"Yaşayış binasının zirzəmisində yerləşirik deyə, burada nəmişlik olur, bir də görürsən ki, yuxarıdan su damır. İldə bir neçə dəfə bu iş başımıza gəlir, kitab fondumuz xarab olur, Pəncərələr olmadığndan havalandırma sistemi də yoxdur", - deyə o əlavə edir.   

N.Əliyeva deyir ki, oxucular əvvəllər daha çox gəlirdi, hazırda isə gündəlik gələn oxucuların sayı 10-15-dir: "Bunun da səbəbi ictimai nəqliyyatda, taksilərdə qiymətlərin artması ilə bağlıdır. Bu şəxslər gələndə tək gəlmirlər, mütləq onlarla kimsə də gəlir. Yəni, hər dəfə taksi ilə gəlmək onlar üçün heç də sərfəli deyil. Lakin biz kitabları onlara əlçatan etmək üçün bəzən özümüz ünvana aparırıq. Görmə məhdudiyyətli şəxslər adətən kompakt olaraq bir ərazidə yaşayırlar. Belə olanda, yaxud da şəxslərdən biri gəlib kitab götürdükdə sonradan digər görmə məhdudiyyətli şəxslərə də verir. Bu zaman həmin şəxs bizimlə əlaqə saxlayaraq kitabı kimə verdiyini deyir və kitab onun adından çıxarılaraq başqasının adına salınır".

© Sputnik / Nigar Iskanderova
Səsli kitab

Pandemiya dövründə oxucuların evdən çıxmaması üçün kitabxanın digər əməkdaşları təəfindən "Youtube" və "Facebook" vasitəsi ilə kitablar oxuyaraq səsləndirirlər: "Pandemiya dövründə "Zoom" proqramı vasitəsi ilə tədbirlər də keçirmişik. Bizim əsas kontingentimiz Gözdən Əlilər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərimizə qatılır, müxtəlif proqramlarla çıxış edirlər. Biz onların şairlər, yazıçılar, qəhrəmanlarımızla görüşlərini də təşkil edirik".        

Kitabxananın direktoru Şəhla Vəliyeva da zirzəmi şəraitinin çətinliklərindən danşır: "Bizim kitablar xüsusi kitablardır. Brayl əlifbası ilə nəşr olunan kitablar müəyyən temperaturda, şəraitdə qorunub saxlanılmalıdır. Bu kitablarla yanaşı disklərin də zirzəmi şəraitində saxlanılması düzgün deyil. Bu bizim başlıca problemimizdir. Təsəvvür edib, bəzən təmir  bitməmiş divarlar yenidən nəm verir".

  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Gözdən əlillər kitabxanası
    © Sputnik / Nigar Iskanderova
1 / 4
© Sputnik / Nigar Iskanderova
Səsli kitab

"Ev sahibləri evlərini kirayə verirlər. Kirayədə qalanlar isə gördüyünüz kimi, vəziyyətimizi bu hala gətiriblər. Zirzəmidə olmasaydıq, vəziyyət fərqli olardı", - deyə o əlavə edir.

Hazırda kitabxananın 1200 oxucusu olduğunu deyən direktor bu auditoriyada 83-85 yaşlı nənə-babaların da yer aldığını diqqətə çatdırır.

358