Supermarket

Ərzaq balansının tərkibinə daxil olan məhsullar açıqlanıb

9
(Yenilənib 12:46 01.04.2021)
Nazirlər Kabineti "Ərzaq balansının tərtib olunması Qaydası"nı təsdiq edib. Yeni qaydanın təsdiqlənməsi ilə əlaqədar “Ərzaq balansının tərtib olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli qərarı ləğv edilib.

 

BAKI, 1 aprel — Sputnik. Nazirlər Kabineti "Ərzaq balansının tərtib olunması Qaydası"nı təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli qərarı ilə təsdiq olunub.

Həmin qərarla "Ərzaq balansının tərtib olunması Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli 181 nömrəli qərarı ləğv edilib.

"Ərzaq balansının tərtib olunması Qaydası" "Yeyinti məhsulları haqqında" qanuna uyğun olaraq hazırlanıb və ərzaq balansının tərtib olunması prosedurunu tənzimləyir.

Ərzaq balansı - ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən məlumat toplusudur. Ərzaq balansı hesabat ilinin, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərindən ibarət cədvəl formasında tərtib olunur.

Ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması Dövlət Statistika Komitəsi tərəfindən İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış metodologiya əsasında həyata keçirilir. Ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanır.

Ərzaq balansının hesabat ili üçün göstəriciləri aşağıdakı məhsul növləri üzrə tərtib olunur:

- buğda;

- sair dənlilər;

- dənli paxlalılar;

- un;

- çörək və çörək məmulatları;

- düyü;

- yarmalar;

- makaron məmulatları;

- kartof;

- soğan;

- sair tərəvəzlər;

- bostan məhsulları;

- meyvə və giləmeyvələr;

- ət və ət məhsulları;

- süd və süd məhsulları;

- pendir;

- yumurta;

- balıq və balıq məhsulları;

- bitki yağları;

- marqarin;

- kərə yağı;

- meyvə və tərəvəz konservləri;

- şəkər;

- qənnadı məmulatları;

- çay;

- duz.

İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır:

- buğda;

- sair dənlilər;

- un;

- kartof;

- soğan;

- meyvə və giləmeyvələr;

- ət və ət məhsulları;

- quş əti və məhsulları;

- süd və süd məhsulları;

- yumurta.

Aidiyyəti orqanlar ərzaq balansının hesabat ili üzrə göstəricilərinin tərtibi üçün müvafiq illik məlumatları aşağıdakı müddətlərdən gec olmayaraq Statistika Komitəsinə təqdim edirlər:

- Fövqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair məlumatları yanvarın 15-dək;

- Kənd Təsərrüfatı Nazirliyi - "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi"ndə qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin buğda istehsalı barədə, habelə istixana, taxıl elevatorları və soyuducu anbarlar üzrə məhsul satışı, qalıqları və itkiləri barədə mövcud məlumatları yanvarın 30-dək;

- Dövlət Gömrük Komitəsi - müvafiq ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə məlumatları yanvarın 15-dək;

- yerli icra hakimiyyəti orqanları - bələdiyyələrin məlumatlarını nəzərə almaqla, kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları yanvarın 20-dək.

- Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan göstəricilərin əldə edilməsi məqsədilə xüsusi sorğular vasitəsilə əldə edilmiş məlumatları martın 15-dək ümumiləşdirir.

Dövlət Statistika Komitəsi ərzaq balansının hesabat ili üçün tərtib olunmuş ilkin göstəricilərini fevralın 10-dək, yekun göstəriciləri isə iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim edir. Ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin tərtibi üçün aşağıdakı məlumatları sentyabr ayının 20-dən gec olmayaraq İqtisadiyyat Nazirliyinə təqdim edirlər:

Kənd Təsərrüfatı Nazirliyi - kənd təsərrüfatı məhsullarının istehsalına dair cari ilin gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri və "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi"ndə qeydiyyatdan keçmiş taxıl elevatorları və soyuducu anbarlarda cari ilin 6 ayının yekunları üzrə məhsul qalıqları və itkiləri barədə mövcud məlumatları;

- Fövqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları və cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri;

- Dövlət Statistika Komitəsi - ərzaq məhsullarının istehsalına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları;

- Dövlət Gömrük Komitəsi - ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə cari ilin 8 ayının yekunları üzrə məlumatları;

- ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər və əlaqəli dövlət qurumları – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sorğu məktubuna uyğun olaraq müvafiq məlumatlarını.

- İqtisadiyyat Nazirliyi təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim edir.

Ərzaq balanslarının tərtibi zamanı dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi, istifadə edilməsi və digər məsələlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

9
Orucluğun ilk duası

Orucluqda qidalanma ilə bağlı vacib tövsiyələr

0
(Yenilənib 11:01 18.04.2021)
Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar immunitetin güclənməsi üçün insan orqanizminə yardımçı vasitə hesab oluna bilər.

BAKI, 18 aprel — Sputnik. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Bu sözləri Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov koronavirus və orucluq şəraitində düzgün qidalanma ilə bağlı tövsiyələrini verərkən deyib. Onun qidalanma ilə bağlı müvafiq tövsiyələrini təqdim edirik. 

Koronavirusdan qoruyacaq bir qida varmı?

Bütün dünyaya yayılan yeni tip koronavirus ( COVID-19 ) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur. Ümumiyyətlə hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz. COVID-19-a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır.

Ramazan ayında necə qidalanmaq lazımdır ki, immun sistemimiz zəifləməsin?

Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvan mənşəli məhsullar : süd – ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupdan olan komponentlərdir.

Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sisteminin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq.

Hansı xəstələr oruc tutarkən diqqət etməlidirlər?

Xroniki xəstəliyi olan insanlar diqqət etməlidirlər. Məsələn insan şəkərli diabet xəstəsidirsə, aydın məsələdir ki, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Və ya bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sitemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.

Ramazanda nə qədər su içməliyik?

Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli, su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələr olub, insan orqanizminin həyati funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan yaxşı olar ki, insanlar qəbulda canlı suya üstünlük versin. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Qəbul etdiyimiz maye miqdarının təxminən 25-30%-ni xörəklərin, 15-20%-ni isə məhsulların tərkibində qəbul edirik. Sərbəst maye şəklində isə qəbul edəcəyimiz miqdar xüsusilik təşkil edir. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və s. asılıdır. Orta hesabla götürsək, müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ödənilərsə, kifayətdir. Əslində maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa, mərkəzi sinir siteminə gedən reaksiya hesabına susuzluq yaranır. Və bu zaman tövsiyə edərdim ki, canlı (qaynadılmamış su) sudan istifadə olunsun. Əsas məqamlardan biri isə su qəbulunu birdəfəlik 1 litr içməklə deyil, fasilələrlə qəbul etməkdir. Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsaq zamanı 3-4 stəkan maye qəbul etməsi kifayətdir. Əsasən də Ramazanın ilk günlərində diqqət etmək lazımdır. Gündəlik qəbul etdiyimiz maye miqdarının 40-50%-ni imsaq zamanı qəbul etsək, iftar zamanına kimi bədənimizə yardımçı olmuş olarıq.

İmsaq və iftarda tövsiyə olunmayan qidalar hansılardır?

Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsaqda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Bu baxımdan imsaqda ilk növbədə duzlu qidaları rasiyondan çıxarmaq lazımdır. Turş qidalar, konservləşdirilmiş məhsullar, duzlu pendirlərdən, şirniyyatlardan imsaq zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsaq və iftarda olması yaxşıdır.

İftar bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.

İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda kilo artımına səbəb olur. Kilo artımından asılı olaraq qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut edilib. ÜST tərəfindən nəşr olunan 27 maddəlik hesabatda işlənmiş ətlər 1-ci kateqoriya risk təsnifatına daxil edilib.

0
Sənan Şəfizadə

İdman şərhçisi: “Bu sərəncam çempionatın yüksək səviyyədə keçirilməsinə təkan verəcək”

4
(Yenilənib 21:24 15.04.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib
Sənan Şəfizadə: “Sərəncam yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq”

Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçirilməsinə təkan verəcək: “Bu sərəncam özündə mühim  məqamları əks etdirir. Bu sərəncam həm də yerli təşkilat komitəsinin işini rahatlaşdıracaq. Qeyd etməliyik ki, pandemiya ilə əlaqədar olaraq futbol turnirlərinin keçirilməsi üçün qaydalar müəyyənləşdirilib. Burada həm də media ilə iş prinsipində də dəyişiklik var”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4