Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Azərbaycan haqqında: "Əngəllər qalxır, qardaşlığımız daha da güclənir"

11
(Yenilənib 12:31 01.04.2021)
Azərbaycan tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə ilə imzalayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. "Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün əngəllər qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun!" - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərinə dair açıqlama yayıb:

"Ötən il dekabrın 10-da Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilmiş və protokol aprelin 1-də qüvvəyə minir.

Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar.

Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.

Bu mənada, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcək.

Həmçinin, Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

Eyni zamanda, Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.

Azərbaycan tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür".

11
Teqlər:
səfər, Türkiyә, Azərbaycan, Mövlüd Çavuşoğlu
Aşmış ağac

Yevlaxda qovaq ağacı aşdı, obyektler ziyan gördü - FOTO

0
(Yenilənib 11:34 13.04.2021)
Yevlax sakini: “Uşaqlar nəhəng ağac aşmazdan bir neçə dəqiqə əvvəl evə girmişdilər, çox şükür ki, salamat qurtulduq”.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Yağış yağmadı, tufan olmadı, nəhəng ağac nərilti ilə iki hissəyə ayrılıb böyük ərazini əhatə edən yerə aşdı. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlaxın Yuxarı Salamabad kəndində baş verib. Təxminən 60-70 il öncə əkilən qovaq ağacı qəfildən aşaraq 4 kənd sakini - Rza Rüstəmov, Yazgül Baxışova, Elşən İlyasov, Məhəmməd Məmmədovun obyektlərini yararsız hala salıb. Ağacın iri budaqları dam örtüklərini, satışda olan malları sıradan çıxarıb.

Yuxarı Salamabad kənd sakini Ağca Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, həyətində olan ağac aşan zaman qorxub, həyəcan keçirib: “Bir anlıq düşündüm ki, evin üzərinə aşacaq. Həm də orada uşaqlar oynayırdılar, qorxdum ki, onlara xəsarət yetirər. Əvvəlcə bərk səs gəldi, bir tərəfi aşdı, qışqırdım, qonşuları çağırdım. Sonra gördüm ki, ağac iki hissəyə bölünərək aşıb. Çox şükür ki, evimizin üzərinə aşmadı, bəlkə də külək olsaydı, istiqamətini dəyişərdi. Həyətdə olan su kranını, su mühərrikini zədələyib. Tövlənin üstünə düşüb, dam örtüyünü sındırıb. Sevinirəm ki, xəsarət alan olmadı, evimizi dağıltmadı”.

  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Aşmış ağac

Sakinlər iddia edirlər ki, aşan qovaq ağacının 60-70 il yaşı olar. Ağac içərisindən çürüdüyündən qəfildən iki yerə ayrılıb və sakinlərə zərər vurub.

Kənd sakini Seymur Cəfərov bildirib ki, ağac aşan zaman xəsarət alan olmasa da, sahibkarlara xeyli ziyan dəyib: “Günortadan keçmişdi, bərk səs eşidildi. Bir də gördük ki, nəhəng qovaq ağacı aşdı. Yaxınlıqda olan 4 sahibkara ciddi ziyan dəyib. Əsasən dam örtükləridir, bir obyektin də divarını zədəliyib. Çox şükür ki, xəsarət alan olmadı. Ağacın budaqları çox qalın və ağırdır, ona görə düşdüyü yeri dağıdıb. Onu da qeyd edim ki, bir il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın budaqlarının kəsilməsi barədə sərəncam verilib".

Qovaq digər ağaclara nisbətən o qədər də möhkəmliyi ilə seçilmir. Ağac böyüdükcə müəyyən hissələrində çürümə gedir və onun məhvinə səbəb olur.

0

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

4
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

4
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi