Suraxanı tanker-muzeyi

Xəzərin qucağındakı "zaman maşını": onu iki min adam yaratdı - REPORTAJ - FOTO

62
(Yenilənib 16:54 02.04.2021)
Bu nəhəng "zaman maşını" bir planşetlə idarə olunur. İstəyirsən, hər yanı zülmətə qərq et, istəyirsən, yüzlərlə matrosu işlət... Sputnik Azərbaycan unikal "Suraxanı" tanker-muzeyindən reportajı təqdim edir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. "Suraxanı" tankerinin boşaldılaraq muzey kimi istifadəyə verilməsi istiqamətində bir neçə ildir ki, görülən işlər yekunlaşıb. Martın 1-də Prezident İlham Əliyev tərəfindən "Suraxanı" tanker-muzeyinin açılışı oldu. Dünyada bir ilk olan bu muzey digərlərindən həm müasirliyi, həm qədimliyi, həm də müasirliklə-qədimliyin vəhdətini əks etdirməsinə, gəmidə yerləşməsinə görə fərqlənir.

Sputnik Azərbaycan Xəzərin sahilinə yan alan "Suraxanı" tankerinə baş çəkib. Ayaq basdığımız  anbarlar vaxtı ilə neftin daşınması üçün nəzərdə tutulmuşdu. Bir neçə il öncə, 2017-ci ildən etibarən 2 minə yaxın yerli təmirçinin səyi nəticəsində onlar neft və mazutdan təmizlənərək ekspozisiya zalı kimi istismara hazır vəziyyətə gətirilib.

Muzey xarakteri daşıyan tanker bir planşet vasitəsi ilə idarə olunur. Burada hər şeyi, monitorları belə bir toxunuşla idarə etmək, işıqları yandırıb-söndürmək, səsi açmaq da mümkündür. Artıq gəminin qarşılama zalındayıq və burada qocaman kapitanlardan biri monitordan bizi salamlayaraq ümumi məlumatı diqqətimizə çatdırır, daha sonra gördükləri iş haqda danışır.

© Sputnik / Nigar Iskanderova
"Suraxanı" tanker-muzeyi

Beləcə, bir qədər məlumatlanaraq pillələrlə aşağı hissəyə enirik. Havasızlıq olsa da, maraq daha üstün gəlir. Beləcə, bir-bir informativ, audio-vizual guşələrlə tanış oluruq.

Muzeydə biliklərin təkmilləşdirilməsi, təcrübənin daha da artırılması üçün müxtəlif oyunların böyük monitorlarda oynanılması üçün hər bir şərait yaradılıb. Xüsusi olaraq "Suraxanı" tanker-muzeyi üçün istehsal olunan bu oyunlarla gəmini idarə etmək, tankerə yükü doldurmaq, yanalma əməliyyatını həyata keçirtmək, Morze əlifbası ilə yazışmaq, bayraqlarla müəyyən işarələr vermək mümkündür. Burada neftin çənlərə necə doldurulması da əyani olaraq oyunlar vasitəsilə canlandırılır. Bir qədər "çənlərə yük doldurduqdan" sonra isə kapitan körpüsünə, yəni sükan olan hissəyə yaxınlaşırıq. Burada da gəmini necə idarə etməyi əyani olaraq öyrənmək mümkündür.

  • "Suraxanı" tanker-muzeyi
    © Sputnik / Nigar Iskanderova
  • "Suraxanı" tanker-muzeyi
    © Sputnik / Nigar Iskanderova
  • "Suraxanı" tanker-muzeyi
    © Sputnik / Nigar Iskanderova
  • "Suraxanı" tanker-muzeyi
    © Sputnik / Nigar Iskanderova
  • "Suraxanı" tanker-muzeyi
    © Sputnik / Nigar Iskanderova
  • "Suraxanı" tanker-muzeyi
    © Sputnik / Nigar Iskanderova
1 / 6
© Sputnik / Nigar Iskanderova
"Suraxanı" tanker-muzeyi

ASCO-nun ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov bizə muzeyin fəaliyyəti haqda danışır. O deyir ki, öncələr gəminin otaq kimi istifadə olunan hissələrində hazırda eksponatlar saxlanılır: "Burada həmçinin dünyada və Azərbaycanda ən məşhur olan gəmilərin də maketləri var. Bu maketlərlə həmin gəmilərin orijinal görüntüsü arasında heç bir fərq yoxdur. Siz dünyanın ən nadir, eyni zamanda da 16-17-ci əsrə aid eksponatlarını muzeyimizdə görə bilərsiniz".

Muzeydə hər bir divarın öz adı var. Xəzərin, gəmiçiliyin tarixindən, ekoloji durumundan tutmuş mayaklaradək istənilən məlumatla əhatəli tanış olmaq mümkündür.

© Sputnik / Nigar Iskanderova
"Suraxanı" tanker-muzeyi

"Suraxanı" tanker-muzeyi böyüklərlə yanaşı, azyaşlı auditoriyanı da diqqətdən qaçırmayıb. Belə ki, "Konteyner Teatr" adlanan hissə sırf uşaqlar üçün nəzərdə tutulub. Onlar burada iri qəhvə kisələrinin üzərində oturaraq konteynerlərin daşınma prosesini izləyə bilərlər. Uşaqların xüsusi oyuncaqlar vasitəsilə konteynerlərin iş prosesini praktiki olaraq mənimsələrinə imkan yaradılıb.

Tanker-muzey ümumilikdə 8 ekspozisiya zalından ibarətdir. 8-ci zal sırf Xəzər Dəniz Gəmiçiliyinə həsr olunub və bununla bağlı divarlarda müxtəlif məlumatlandırıcı informasiyalar yer alıb: "1858-ci ildə Qafqaz və Merkuri Cəmiyyəti ilə yaradılan Xəzər Dəniz Gəmiçiliyi ASCO adı ilə fəaliyyətinə davam edir. Burada bizim fəxri loqotiplər, Xəzərdə ilk dizelli tanker, 1941-1945-ci illərdə Xəzər dəniz gəmiçilərinin şücaəti, 20 Yanvar hadisələri haqda məlumatlar yer alıb. Burada orijinal olaraq Xəzər Dəniz Gəmiçiliyinə aid eksponatlar qorunaraq saxlanılır.

Tural İbrahimov deyir ki, muzey hazırlanarkən onlar maksimum dərəcədə standartlardan qaçmağa, fərqlilik yaratmağa çalışıblar. Elə virtual eynəklərlə keçmişə səyahət də bizə bunu sübut etdi. Bu eynəklər vasitəsilə istənilən şəxs ötən əsrlərə səyahət edərək neftin tankerə doldurulmasından tutmuş gəmidə gedən bütün proseslərə şahidlik etmiş olur. Biz də eynəkləri taxaraq fəhlələrin gərgin iş rejimində necə çalışmasını izlədik. 

© Sputnik / Nigar Iskanderova
"Suraxanı" tanker-muzeyi

Muzeyin ən maraqlı guşələrindən biri də Vətən müharibəsinə həsr olunan "Qarabağ" guşəsidir. Ekranda 44 günlük müharibənin hər hansı bir tarixinin üzərində toxunuş etməklə həmin gündə baş verən hadisələrin xronologiyasını izləmək mümkündür. Eyni məlumatlar videoformatda da təqdim edilib. İkinci Qarabağ savaşının ən önəmli tarixi olan 8 Noyabr üzərində toxunuş edirik. Qarşımızda isə bunlar canlanır: erməni vandalizmi, döyüşçülərimizin qəhrəmanlığı və Şuşanın işğaldan azad olunması görüntüləri.

Gəminin maşın şöbəsində mühərriklər və köməkçi mühərriklərlə tanış oluruq. Ekranda mühərriklərin necə işləməsi əksini tapıb. Muzeydə ən diqqət çəkən məqamlardan biri də naviqasiya masasının üzərində yer alan göy cisimlərinin düzülüşüdür. 1918-ci ilin 28 may tarixində  - Azərbaycan Demokratik Cümhuriyyətinin qurulduu gün - göy cisimləri necə düzülmüşdüsə, o cür də tavanda əksini tapıb.

Burada həmçinin Xəzər dənizi ilə bağlı informativ tablolar da yer alıb. 360 dərəcəli monitor buraya gələcək ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq. Hazırlanan videoçarxlarda Azərbaycanın tarixi, gəmiçilik ənənələri haqda ətraflı məlumat verilir. 

© Sputnik / Nigar Iskanderova
"Suraxanı" tanker-muzeyi

Pilləkənlərlə qalxaraq ötən əsrdə gəmiçilərin həyat tərzi ilə tanış oluruq. Qarşımızda uzun bir dəhliz var. Burada dənizçilərin asudə vaxtlarını dəyərləndirmək üçün müxtəlif kayutlar var. Daxil olduğumuz bu otaqda sanki zaman axşam radələrində donub. İş vaxtını bitirən iki dənizçi asudə vaxtlarını şahmat oynayaraq keçirir. Masa üzərində isə 1931-ci ildə nəşr olunan gəmiçiliyə aid qəzet gözümüzə dəyir. Ötən əsrin qoxusunu, rəngini, ab-havasını özündə cəmləyən qəzetdə Xəzər Dəniz Gəmiçiliyi ilə yanaşı, digər maraqlı məlumatlar, əhvalatlar da yer alıb. Fürsətdən istifadə edərək, ötən əsrə səyahət üçün qəzeti vərəqləyirik. Maraqlı, duzlu-məzəli əhvalatlardan bir neçəsini oxuyuruq. Məsələn, korun eybəcərlə evlənməsindən danışaq. Dialoqda eybəcər qadın özünü dünya gözəli kimi təqdim etsə də, sonda kor dilə gəlib, "sən gözəl olsaydın, görənlər səni alardılar" deyir. Yan tərəfdə isə ötən əsrə aid qədimi bir radio dayanıb, işlək vəziyyətdədir. Yan otaqlarda gəmiçilik sahəsində çalışan işçilərin yataq otaqları, onların əşyaları, məsələn, elektrik lampası, qol saatları, stasionar telefonları ilə tanış oluruq. Dörd bir yanımız antik əşyalarla əhatələnib və bu, fərqli, xoş bir təəssürat yaradır. Bir anlıq özümüzü ötən əsrin əvvəllərində hiss edirik.

Hələlik isə pandemiya ilə əlaqədar olaraq muzey ziyarətçilərin üzünə açıq deyil. Qazi və şəhid ailələri üçün muzeyə giriş tamamilə pulsuz olacaq. Yəqin ki, istifadəyə verildikdən sonra bu muzey çox uşaqlarda dənizçi olmaq arzusunu yaradacaq və onlar üçün bir xəyala çevriləcək.

© Sputnik / Nigar Iskanderova
"Suraxanı" tanker-muzeyi

Qeyd edək ki, 2017-ci ildə "Suraxanı" tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar verilib. Muzey 2019-cu ildə istismara hazır vəziyyətə gətirilib. Son 10 il ərzində "Suraxanı" tankeri neft təmizləyici stansiya olaraq fəaliyyət göstərib.

62
Teqlər:
virtual, səyahət, Suraxanı, muzey, tanker

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

2
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

2
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

31
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

31