Yaşlı qadın, arxiv şəkli

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

7
Həmin şəxslərdən 53 mindən çoxu yaşa görə, 18 mindən çoxu əlilliyə görə, 13 mindən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır

BAKI, 29 mart — Sputnik. 2021-ci ilin fevral ayında xüsusi şərtlərlə əmək pensiyası alanların ümumi sayı 85 min nəfərdən çox olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən 53 mindən çoxu yaşa görə, 18 mindən çoxu əlilliyə görə, 13 mindən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

7
Teqlər:
say, Azərbaycan, əmək pensiyası
Yaşlı qadın, arxiv şəkli

Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır - ekspert "islahat"ı əsassız hesab edir

5
"Pensiya yaşı artırmağa məcbur qalan ölkələrin demoqrafik dalğaları zəif olduğu üçün onlar məcburən yaşın artırılması yolu ilə müəyyən dərəcədə işçi, əmək bazarı problemini həll etməyə çalışırlar. Azərbaycanda isə buna ehtiyac yox idi", - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Azərbaycanda 65 yaşa çatmadan ölənlərin sayı yüksəkdir. Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı hesabata görə, ümumilikdə hər iki cinsə görə ölənlərin ümumi sayı 55 min 916 nəfərdir. Statistikaya nəzər yetirdikdə 61-65 yaşadək insanlar arasında ölüm hallarının daha çox olduğunu görə bilərik. Ən çox ölüm halı isə 60-64 yaş aralığında qeydə alınır.

İlk olaraq yaşlar üzrə ölüm statistikasına nəzər yetirək:

1 yaşı tamam olmayanlar -1557

1-4 yaş - 278

5-9 yaş - 254

10-14 yaş - 234

15-19 yaş - 340

20-24 yaş - 449

25-29 yaş - 601

30-34 yaş - 744

35-39 yaş - 918

40-44 yaş - 1246

45-49 yaş - 1916

50-54 yaş - 3025

55-59 yaş - 5135

60-64 yaş - 6214

Bu isə deməkdir ki, bir il ərzində 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir. Bu hesabatlardan belə qənaətə gəlmək olar ki, əhalinin 40 faizi 64 yaşdan daha tez dünyasını dəyişir.

Belə olan halda pensiya yaşının azaldılması necə, məqbuldurmu? Sputnik Azərbaycan olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda deyib:

"Pensiya yaşının artırılması ilə bağlı qərar verilərkən də mövqeyimiz ondan ibarət idi ki, Azərbaycanda əmək bazarı və demoqrafiyanı nəzərə alaraq pensiya yaşının artırılmasına ehtiyac yox idi. Bu addımı atmağa məcbur qalan ölkələrin demoqrafik dalğaları zəif olduğu üçün onlar məcburən yaşın artırılması yolu ilə müəyyən dərəcədə işçi, əmək bazarı problemini həll etməyə çalışırlar. Azərbaycanda isə buna ehtiyac yox idi".

Ekspert qeyd edib ki, indi də gec deyil. Pensiya yaşı ilə bağlı öncəki təcrübəyə qayıtmaq olar, yəni qadınlar 60, kişilərdə isə 63 yaş pensiya yaşı kimi götürülə bilər.

Cəfərlinin fikrincə, icbari tibbi sığortanın tətbiqinə başlanılıb ki, bu da xəstəliklərin zamanında üzə çıxmasına imkan verəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi İlham Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında fərqli rakursdan çıxış edib. O bildirib ki, yayılan COVID-19 virusu xüsusən 60-65 yaş qrupunu əhatə etdi: "Ümumən Azərbaycanda pensiya yaşı 6 ay müddətinə artırılmaqla həyata keçirilir. Artıq pensiya islahatlarının aparılması baş verib".

"Hazırda Azərbaycanda pensiya yaşına baxılması real görünmür. Çünki orta yaş həddinin artırılması və əhalinin sağlamlığının qorunması üçün lazımı addımlar atılıb. Bu səbəbdən düşünmürəm ki, bu məsələ gündəmdə olsun", - deyə millət vəkili əlavə edib.

O bildirir ki, COVID-19 gün ərzində orta hesabla 30 can alır ki, bu zaman da ölənlərin neçəsinin 65 yaşdan yuxarı olması da bir tədqiqat obyekti olmalıdır.

5
Orucluğun ilk duası

Orucluqda qidalanma ilə bağlı vacib tövsiyələr

3
(Yenilənib 11:01 18.04.2021)
Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar immunitetin güclənməsi üçün insan orqanizminə yardımçı vasitə hesab oluna bilər.

BAKI, 18 aprel — Sputnik. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Bu sözləri Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov koronavirus və orucluq şəraitində düzgün qidalanma ilə bağlı tövsiyələrini verərkən deyib. Onun qidalanma ilə bağlı müvafiq tövsiyələrini təqdim edirik. 

Koronavirusdan qoruyacaq bir qida varmı?

Bütün dünyaya yayılan yeni tip koronavirus ( COVID-19 ) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur. Ümumiyyətlə hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz. COVID-19-a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır.

Ramazan ayında necə qidalanmaq lazımdır ki, immun sistemimiz zəifləməsin?

Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvan mənşəli məhsullar : süd – ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupdan olan komponentlərdir.

Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sisteminin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq.

Hansı xəstələr oruc tutarkən diqqət etməlidirlər?

Xroniki xəstəliyi olan insanlar diqqət etməlidirlər. Məsələn insan şəkərli diabet xəstəsidirsə, aydın məsələdir ki, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Və ya bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sitemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.

Ramazanda nə qədər su içməliyik?

Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli, su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələr olub, insan orqanizminin həyati funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan yaxşı olar ki, insanlar qəbulda canlı suya üstünlük versin. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Qəbul etdiyimiz maye miqdarının təxminən 25-30%-ni xörəklərin, 15-20%-ni isə məhsulların tərkibində qəbul edirik. Sərbəst maye şəklində isə qəbul edəcəyimiz miqdar xüsusilik təşkil edir. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və s. asılıdır. Orta hesabla götürsək, müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ödənilərsə, kifayətdir. Əslində maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa, mərkəzi sinir siteminə gedən reaksiya hesabına susuzluq yaranır. Və bu zaman tövsiyə edərdim ki, canlı (qaynadılmamış su) sudan istifadə olunsun. Əsas məqamlardan biri isə su qəbulunu birdəfəlik 1 litr içməklə deyil, fasilələrlə qəbul etməkdir. Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsaq zamanı 3-4 stəkan maye qəbul etməsi kifayətdir. Əsasən də Ramazanın ilk günlərində diqqət etmək lazımdır. Gündəlik qəbul etdiyimiz maye miqdarının 40-50%-ni imsaq zamanı qəbul etsək, iftar zamanına kimi bədənimizə yardımçı olmuş olarıq.

İmsaq və iftarda tövsiyə olunmayan qidalar hansılardır?

Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsaqda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Bu baxımdan imsaqda ilk növbədə duzlu qidaları rasiyondan çıxarmaq lazımdır. Turş qidalar, konservləşdirilmiş məhsullar, duzlu pendirlərdən, şirniyyatlardan imsaq zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsaq və iftarda olması yaxşıdır.

İftar bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.

İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda kilo artımına səbəb olur. Kilo artımından asılı olaraq qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut edilib. ÜST tərəfindən nəşr olunan 27 maddəlik hesabatda işlənmiş ətlər 1-ci kateqoriya risk təsnifatına daxil edilib.

3

Xalq artisti ilə vida mərasimi keçirilir

0
(Yenilənib 12:42 18.04.2021)
Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 18 aprel - Sputnik. Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Mərhum "Qurd qapısı" qəbristanlığında dəfn ediləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, onun dəfn yeri ailəsi tərəfindən, özünün vəsiyyəti ilə mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbristanlığı müəyyən edilib.

Daha əvvəl Nazirlikdən bildirilmişdi ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə, dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

0