Aytən Yusifova

Psixoloq diplomlu şirniyyatçı: Öz ayaqları üstə durmağı balacalıqdan öyrətmək lazımdır

3064
(Yenilənib 21:37 27.03.2021)
"Əslində boşanmaq yaxşı hal deyil. Hər kəs xoşbəxt yaşamaq istəyir. Hələ Azərbaycan mühitində böyüyən qadın heç istəməz. Uşaqları dava-şavanın içində böyütməkdənsə, ayrılsınlar. Valideynlər anlaşa bilmirlərsə, bundan ən çox əziyyət çəkən uşaqlar olur"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Aytən Yusifova şirniyyatçıdır. İxtisasca psixoloq olsa da, başqa sənəti seçməyə məcbur olub. Tək bu sahədə biliyi deyil, taleyi də ona dərs verib. Qəhrəmanımız çoxlarına örnək olacaq həyat hekayəsini Sputnik Azərbaycan-la bölüşüb.

"İyirmi üç yaşım var idi. Keçmiş həyat yoldaşım məni qaçırdı. Onu uzaqdan-uzağa tanıyırdım. Məni Tərtər rayonuna apardı. Valideynlərinə görə qaldım. Elə ilk gündən boşanmaq istəyirdim, amma o boşanmırdı. Bu minvalla 8 il onunla evli qaldım".

© Sputnik / Shahperi Abbasova
Aytən Yusifova

İki övlad anası olan Aytən xanımın boşanmasına öz anası mane olmağa çalışsa da qohumları ona bu yolda dəstək olublar: "Anam deyirdi, atan yox, qardaşın yox, ərin də olmasa, səni təkləyəcəklər. Övladlarına görə döz, otur. Həm də onun valideynlərinə yazığım gəlirdi. Uşaqları da düşünürdüm ki, oğlan uşaqlarıdır, atasız böyüməsinlər. Amma alınmadı".

"Hər şeyi keçirdim, içki içirdi, işləmirdi, keçirdim. Amma mənə xəyanət edəndə dözmədim" deyən Aytən xanım qadınları öz haqlarını tələb etməyə çağırır: "Mən ərdə olan vaxt heç nəyimiz yox idi. Çünki gözləyirdim ki, ərim nəsə etsin. O da ancaq içirdi, aramızda problemlər yaranırdı. Əsəbdən, stresdən heç nə edə bilmirdim. Şirniyyat bişirməyə həvəsim var idi, amma o qədər əsəbi olurdum ki, bütün istəyim itirdi. Boşanandan sonra şirniyyat işini genişləndirdim. Özümə bir ev də aldım. Sahibkarlığın İnkişafı Fonduna müraciət etdim. Məni 5 min manatlıq avadanlıqla təmin etdilər. Hazırda kiçik sahibkaram. Pandemiya dövründə gəlirim nisbətən azalsa da, pulsuz qalmadım".

"Əslində boşanmaq yaxşı hal deyil. Hər kəs xoşbəxt yaşamaq istəyir. Hələ Azərbaycan mühitində böyüyən qadın heç boşanmaq istəməz. Amma alınmırsa, yaşaya bilmirsinizsə, ayrılın. Uşaqları dava-şavanın içində böyütməkdənsə, ayrılsınlar. Valideynlər anlaşa bilməyəndə bundan ən çox əziyyət çəkən uşaqlar olur".

© Sputnik / Shahperi Abbasova
Aytən Yusifova

Aytən xanımın fikrincə, qadınların iqtisadi baxımdan azad olması vacib şərtdir. Bunun üçün onlar mütləq hansısa sənətə yiyələnməlidirlər: "Qızlar mütləq təhsil almalıdırlar. Mən ixtisasca psixoloqam. Amma o sahədə işləmədim. Qadınlar mütləq hansısa peşəyə yiyələnməlidirlər. Sabahlarını düşünməlidirlər. Kimdənsə asılı qalmamaq üçün öz qazancları olmalıdır. Bu gün intihar edən qadınların əksəriyyəti elə buna görə özünü öldürür. Çünki baxır ki, alınmır, boşansa, onun maddi ehtiyacını kim ödəyəcək? Əlacı özünü öldürməkdə görür".

Həmsöhbətimiz Füzulidəndir. Dediyinə görə, oradan gələndə 12 yaşı olub: "1992-ci il Füzulidə atışma oldu. Valideynlərimiz işdə idilər. Dedilər, gəlin qaçaq. Dedik, yox, valideynlərimiz gəlməsələr, heç yerə gedən deyilik. Axşam atamgil gəldilər, qərar verdilər ki, Bakıya gələk. Bakıda müvəqqəti qaldıq, amma arada gedirdik. İşğaldan sonra birdəfəlik gəldik. Boş bir bina var idi. Yaşamaq üçün yararsız idi, çünki yarımçıq idi. Orada bir müddət yaşadıq. Bakıya yenicə gəlmişdik ki, həmin binanın qabağında atamı silahla vurdular. Qatilini də tapa bilmədik. Atam dolların alış-verişi ilə məşğul idi. O zamanlar dolları bazarda dəyişirdilər. Anam üç qızı tək böyütdü, təhsil də verdi. Həyatda heç gözləmədiyimiz durumlara düşə bilərik. Buna görə düşünürəm ki, öz ayaqları üstə durmağı uşaqlara balacalıqdan öyrətmək lazımdır".

3064
Xadimə hoteldə hamam otağını təmizləyir, arxiv şəkli

Azərbaycanda pandemiya ocaqları: Birgünlük kirayə evlərdə vəziyyət necədir

36
(Yenilənib 23:22 19.04.2021)
"Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur" - Ədalət Rüstəm.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu günlərdə Türkiyədə birgünlük kirayə verilən evlərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reyd keçirilib. Səbəb pandemiyanın geniş yayıldığı şəraitdə belə evlərdə sanitar-gigiyenik tələblərə əməl edilməməsidir. 

Azərbaycanda da birgünlük kirayə evlər var. Bu evlərin qiyməti 3 manatdan başlayır. 3, 10, 15-35 manat arasında da birgünlük kirayə evlər tapmaq mümkündür.

Bəs, görəsən bu evlərdə sanitar-gigiyenik tələblər gözlənilirmi?

Sputnik Azərbaycan belə evlərin sahibləri və maklerlərlə əlaqə saxlayıb. Onlar bu evlərin vaxtaşırı dezinfeksiya edildiyini iddia ediblər. Lakin məsələnin gerçəkdə necə olduğunu heç kəs bilmir. 

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyədə baş verən bu hadisə çox maraqlı təcrübədir və Azərbaycan üçün də aktualdır. Deputataın fikrincə, bu istiqamətdə böyük təbliğat işi aparılmalıdır. Çünki belə vəziyyətdə evini kirayəyə verən sahiblərin də yoluxma təhlükəsi var. 

"Daxili İşlər Nazirliyinə belə yerlərə vaxtaşırı reyd keçirmə icazəsi verilməlidir. DİN və vergi orqanları ilə birgə reydlər keçirilə bilər", - deyə o, əlavə edib.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə əməkdaşımıza birgünlük evlərin təhlükəsindən danışarkən deyib: ""Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur. Təsəvvür edin, biri 3-5 gün fəhlə işləyib o evi tərk edəndən sonra bir başqa fəhlə həmin evdə kirayədə qalır. COVID-19-dan öncə də belə evlər var idi. Bu evlər infeksiya mənbəyidir və orada yoluxma ehtimalı yüksəkdir. Polis tərəfindən əməliyyat keçirilərək cəzalandırma tədbirlərinin görülməsi normal haldır".

Əli Rüstəmin sözlərinə gröə, Nəsimi bazarı, Biləcəri tərəfdə də belə evlər var: "Bir həyətdə 30 ailə yaşayır. Təbii ki, bu evlər, ərazilər infeksiya mənbəyidir. Virusun yayılmasında belə evlərin də rolu var".

Azərbaycanın hüquq-mühafizə orqanları isə hələlik belə müvəqqəti yaşayış yerlərində reyd keçirmək barədə fikirləşmirlər. "Bu barədə yuxarıdan hər hansı əmr və ya təlimat gəlməyib. Gəlsə, təbii ki, reyd keçiriləcək və sanitar-gigiyenik qaydaları pozanlar cəzalandırılacaq", - deyə paytaxt polisindən bildiriblər. 

36
Kəndir, arxiv şəkli

Tovuzda 20 yaşlı tələbə intihar edib

248
(Yenilənib 10:06 20.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

248