Xəstəxana, arxiv şəkli

On il ərzində 800-dən çox vərəm xəstəsi azadlığa buraxılıb

9
(Yenilənib 12:12 24.03.2021)
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aktiv vərəm xəstəsi il ərzində 15 nəfəri yoluxdurmaq qabiliyyətinə malikdir. Bu səbəbdən bu şəxslərin azadlığa çıxmalarına 3 ay qalmış onlarla görüş keçirilir" - Pərvanə Vəliyeva.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. "İctimai Birlik olaraq 2011-ci ildən cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrin sağlamlığını izləyirik. Həmin ildən bu günədək 800-dən çox vərəm xəstəsi azadlığa buraxılıb və vərəm əleyhinə müəssisələrdə onların müalicəsi davam etdirilib".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı Sputnik Azərbaycan-da keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirir ki, 2011-ci ilədək əksər hallarda məhkumlar azadlığa çıxdıqdan sonra müalicələrini davam etdirmirdilər:

"Bu şəxslər penitensiar müəssisələrdə, ixtisaslaşmış müalicə müəssisələrində vərəm müalicəsinə qoşulur, müalicə müddəti tamamlanmadan azadlığa buraxılırlar. 2011-ci ilədək həmin şəxslər azadlığa buraxılırdı, lakin bundan sonra müalicələrini davam etmirdilər. Bu zaman da dərmana davamlılıq yaranırdı. Belə olan halda həmin şəxslər bu xəstəliyi ətraflarına yayırdılar".

Vəliyeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aktiv vərəm xəstəsi il ərzində 15 nəfəri yoluxdurmaq qabiliyyətinə malikdir. Bu səbəbdən də bu şəxslərin azadlığa çıxmalarına 3 ay qalmış onlarla görüş keçirilir. Bu görüşlər maarifləndirmə məqsədi daşıyır:

"Həmin şəxslərin əlaqə məlumatları toplanır və bizim təşkilatın məsul şəxsinə ötürülür. Azadlığa buraxılan kimi pentensiar xidmətdən bizə məlumat verilir, həmin şəxslə əlaqə saxlanılır. Onun yaşayış yeri üzrə dispanserdə qeydiyyatını müşahidə edirik".

O bildirir ki, hər ay bu xəstələrin dərmanları penitensiar müəssisələrin apteklərindən alınaraq həmin xəstələrin qeydiyyatda olduqları dispanserlərə çatdırılır və aylıq olaraq da onlarla görüşlər keçirilir.

"2018-ci ildə 30 nəfər dərmanlara həssas, 42 nəfər dərmanlara davamlı, 2019-cu ildə 24 nəfər dərmana həssas, 32 nəfər dərmana davamlı olub. 2020-ci ildə isə rəqəmlərdə bir qədər azalma müşahidə olunub", - Pərvanə Vəliyeva əlavə edib.

Onun sözlərinə görə, ötən il 16 nəfər dərmanalara həssas, 22 nəfər dərmanlara davamlı şəxs azadlığa buraxılıb:

"Ümumilikdə 2011-2020-ci illərdə 792 belə məhbus azadlığa buraxılıb ki, onların arasında 447-i dərmana həssas, 345 nəfər isə dərmana davamlı vərəm xəstəsi olub".

Qeyd edək ki bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.

9
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

6
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

6
Azərbaycanlı müğənni Rəqsanə İsmayılova, arxiv şəkli

Müğənni Rəqsanə: "Müğənnilər puldan ötrü elə yerdə çıxış edirlər ki"

6
(Yenilənib 00:02 13.04.2021)
"İndi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm"

 

BAKI, 12 aprel — Sputnik. Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova  Rusiyada toya gedən müğənniləri tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi özünün "Instagram" səhifəsində canlı yayım açaraq öz həmkarları haqqında bunları deyib: "Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətini qoruyub saxlaya bilmir, puldan ötrü elə yerdə çıxış edirlər ki. Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram. Səhvsiz insan yoxdur. 5-6 ildir ailə qurmuşam, ərim, uşağım var. Mənim də bəzi səhvlərim olub. Onları etdiyim üçün özümü bağışlamıram. Amma bura gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiniz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacağam, deyəcəyəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır".

Müğənni əlavə edir ki, indi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir: "Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm".

"Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiniz. Ömür boyu pul qazanan musiqiçilər puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısını gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla, başla. Damağınızda siqaret, oturursunuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın".

Qeyd edək ki, pandemiya ərəfəsində Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Fədayə Laçın, Damla, Kərim Abbasov və başqaları Rusiyaya köçərək, orada işləməyə başlayıblar.

6