Qız qalası

Bakının məşhur tikililəri qırmızı işığa bürünəcək

35
(Yenilənib 22:11 22.03.2021)
Proqrama görə, 20:00-21:00-dək Bakı Olimpiya Kompleksi, 21:00-22:00-dək Qız Qalası və Hilton otel işıqlandırılacaq.

BAKI, 22 mart - Sputnik. Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.

“Sağlamlığa Xidmət” İctimai birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm günü ilə bağlı şüarları ("The clock is ticking" - "vaxt gedir", “End TB” - "Vərəmi dayandıraq") binalar üzərində nümayiş olunacaq.

Proqrama görə, 20:00-21:00-dək Bakı Olimpiya Kompleksi, 21:00-22:00-dək Qız Qalası və Hilton otel işıqlandırılacaq.

Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Stop TB (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbilə həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir. 2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbilə vərəmlə mübarizə dünyada bir qədər çətinləşib.

35
Teqlər:
mübarizə, vərəm, qırmızı işıq, Bakı Olimpiya Stadionu, Qız qalası, Bakı

Azərbaycanda bir gündə 2287 nəfər COVID-19-dan sağalıb

9
İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

BAKI, 17 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14583, ötən müddət ərzində isə ümumilikdə 3096740 test aparılıb.

9
 Bıçaq əlində kişi, arxiv şəkil

Yasamalda qadına bıçaqla zor tətbiq edərək əmlakını ələ keçirən şəxs tutulub

4
Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

BAKI, 17 aprel - Sputnik. Aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, naməlum şəxs Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq edib. Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyyəsinə bir neçə zərbə vurub, bıçaqla qol nahiyyəsinə xəsarət yetirib və pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

4
Qaz yatağı, arxiv şəkli

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi açıqlanıb

0
(Yenilənib 17:49 17.04.2021)
Hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib

BAKI, 17 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci rübdə ölkəmizdən İtaliyaya dəyəri 89,9 milyon ABŞ dolları olmaqla 435 milyon kubmetr, Yunanıstana 16,2 milyon dollarlıq 57,8 milyon kubmetr, Bolqarıstana isə 8 milyon dollarlıq 59,7 min kubmetr təbii qaz ixrac edilib.

Üç ayda Türkiyəyə 548,9 milyon dollarlıq 4 milyard 118,6 milyon kubmetr, Gürcüstana 203,9 milyon dollarlıq 1 milyard 494,2 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədən ümumilikdə 6 milyard 165,4 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 867 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

0