BAKI, 21 mart - Sputnik. Azərbaycanda sabah gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olcaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 9-12 dərəcə idti olacaq.
ETSN hava durumu ilə bağlı xəbərdarlıq da edib. Məlumata görə, sabah gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdın 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Martın 22-si şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.
Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKI, 15 aprel — Sputnik. Türkiyədə növbəsi çatsa belə hər dörd nəfərdən biri peyvənd olunmaqdan imtina edir. Artıq ölkənin Səhiyyə Nazirliyi insanları peyvənd vurdurmağa inandırmaq üçün tədbirlər görməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "Haberglobal"-a istinadla məlumat yayıb.
"Peyvənd komandaları yaradılacaq və onların üzvləri ev-ev gəzərək insanların hansı səbəbdən vaksinasiya olunmaq istəmədiklərini araşdıracaqlar", – deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, indiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina edib. Odur ki Səhiyyə Nazirliyi insanların hansı səbəbdən peyvənd olunmaq istəmədiklərini yerində araşdırmaq qərarına gəlib. Ailə həkimlərinin başçılığı ilə bu qruplar ev-ev gəzərək vaksinasiya olunmaq istəməyənləri dilə tutacaq.
Məqsəd vaksinasiya olunanların sayını artırmaqla koronavirusa yoluxma hallarının qarşısını almaqdır.
Qeyd edək ki, iyun ayının sonlarına kimi Türkiyədə 40 yaşdan yuxarı bütün vətəndaşların peyvənd olunması planlaşdırılır.
BAKI, 15 aprel - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin 13 aprel 2021-ci il tarixli bəyanatına münasibət bildirib.
Abdullayeva deyib ki, həmsədrlərin öz bəyanatında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrası istiqamətində tərəqqini alqışlaması müsbət qiymətləndirilməlidir.
“Eyni zamanda qeyd etməliyik ki, həmsədlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub.
Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində və münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik və dini və ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda, münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır.
Ümid edirik ki, həmsədrlər Azərbaycan Respublikası Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyən edəcək və təqdim edəcəklər”, - deyə XİN rəsmisi vurğulayıb.