Bayram bazarlığı neçəyə başa gəlir?

689
(Yenilənib 16:16 19.03.2021)
Satıcılar yarmarkaya gətirdikləri məhsulların hamısını sata bilməsələr də, bu gün alış-verişin daha çox olacağına inandıqlarını bildirdilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Artıq 7-ci gündür paytaxtda Novruz yarmarkaları keçirilir. Sputnik Azərbaycan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında qiymətlərin bayram süfrəsi açmaq üçün nə qədər sərfəli olduğunu öyrənmək üçün Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı) ünvanında "Kənddən Şəhərə" Novruz yarmarkasında müşahidələr aparıb.

Yarmarkanın girişində pandemiya səbəbindən alış-veriş edənlərin temperaturu yoxlanır, əlləri dezinfeksiya edilirdi. Yarmarkanın girişində isə məhsulların qiyməti elektron lövhədə öz əksini tapmışdı. Burada alış-veriş etmək istəyənlər yarmarkanı gəzməmiş hansı məhsulun neçəyə satıldığını öyrənə bilirdilər. Bu gün yarmarkanın keçirilməsinin son günü olsa da, yarmarkada o qədər də çox alıcı yox idi. Buna rəğmən bayram bazarlığı üçün yarmarkanı seçənlər də vardı.

© Sputnik / Zulfiyya Guluyeva
Bakıda bayram yarmarkası

Elə ilk həmsöhbətimiz də bayram bazarlığı üçün yarmarkaya üz tutan Aygül Orucovadır. Bakının Nəsimi rayon sakini A.Orucova deyir ki, yaxınlığında iri supermarketlər olsa da, bayram bazarlığı üçün yarmarkaya gəlib:

"Adi günlərdə həmişə alış-verişi marketdən edirik. Amma Novruz elə bayramdır ki, bu bayrama bizim xalqımız xüsusi hazırlaşır. Qonaq gələnlər çox olur. Mənim də qızlarım, gəlinlərim bayramı bizdə qeyd edəcəklər. Ona görə də, bazarlıq üçün yarmarkaya gəlmişəm ki, hər şeyin ən yaxşısını alım. Qiymətlər marketlə müqayisdə ucuz olsa da, bazardan o qədər də fərqlənmir. Amma keyfiyyətli məhsullar var. Məsələn, burada olan innabı marketdən almaq mümkün deyil. Marketdə innabın qiyməti ucuz olsa da, çox keyfiyyətsizdir. Burada isə 50 qəpik marketdən baha, amma çox yaxşı innab satılır".

Alıcı deyir ki, çərəzlərin qiyməti isə yarmarkada bazarla müqayisədə ucuzdur: "Burada qoz ləpəsi 15-16 manatdır. Bazarda amma 18-19 manatdan aşağı ləpə yoxdur".

© Sputnik / Zulfiyya Guluyeva
Bakıda bayram yarmarkası

Alıcılarla söhbət etdikdən sonra yarmarkada qiymətlərə biz də nəzər salırıq. Əvvəlcə bayram süfrəsinin bəzəyi olan plovun hazırlanmasının neçəyə başa gəldiyini öyrənirik. Burada düyünün qiyməti 1 manat 50 qəpikdən 10 manatadək dəyişir. Şabalıd 4-5 manat, kişmiş 6, ərik qurusu 7, gavalı qurusu 6 manatdır. Mal ətinin  qiyməti isə 9 manat 50 qəpik-10 manat təşkil edir. Yarmarkada kənd çolpası 7-8 manata təklif olunur.

Çərəzlərin qiyməti isə keyfiyyətindən asılı olaraq dəyişir. Fındıq ləpəsi 16 manata, qoz ləpəsi 16-17 manata, püstə 20-25 manat, iydə 4-6 manat, innab 4, quru armud 4 manata satılır. Qarzaqlı qoz və fındığın qiyməti isə 3 manatdan 5 manatadək dəyişir.

  • Bakıda bayram yarmarkası
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakıda bayram yarmarkası
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakıda bayram yarmarkası
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
Bakıda bayram yarmarkası

Meyvələrin qiyməti də keyfiyyətinə görə fərqlənir. Qızıl Əhməd alması 2 manat 50 qəpikdən 4 manatadək, digər alma növləri isə 2-4 manatdır. Bununla belə bazarda 80 qəpiyə də alma almaq mümkündür. Armud isə 1 manat 60 qəpikdən 3 manat 50 qəpiyədək təklif olunur. heyva 1 manat 50 qəpik, nar 1 manat 50 qəpik-4 manatdır. Üzümün qiyməti 2 manat 75 qəpikdən 3 manatadək təklif olunur. Mandarin 2 manat-2 manat 90 qəpik, portağal 1 manat 80 qəpik -2 manat 50 qəpiyədir. Pomidorun qiyməti 3 manat, xiyar 2 manat 70 qəpik, bibər 3-4.manat 50 qəpikdir. Badımcanın qiyməti 1-2 manata təklif olunur.

Balıqların qiyməti də bazarla müqayisədə nisbətən ucuzdur. Kütüm balığı bazarda 15-16 manata satıldığı halda burada 12 manatdır. Meyvə qurularının qiyməti 3 manatdan başlayaraq 15 manatadək dəyişir. Yumurta 23-30 qəpiyə satılır.

Bazarda bayram süfrəsi üçün səmənilərin qiyməti 1 manat 50 qəpikdən başlayaraq 15 manatadəkdir.

© Sputnik / Zulfiyya Guluyeva
Bakıda bayram yarmarkası

Satıcılar yarmarkaya gətirdikləri məhsulların hamısını sata bilməsələr də, bu gün alış-verişin daha çox olacağına inandıqlarını bildirdilər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 13-19 mart tarixlərində "Kənddən Şəhərə" yarmarkaları  üç ünvanda təşkil olunub. "Kənddən şəhərə" Novruz yarmarkası - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı),  Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı),- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A  ünvanlarda bu gün saat 19:00-a dək fəaliyyət göstərəcək.

689
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

6
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

6
Azərbaycanlı müğənni Rəqsanə İsmayılova, arxiv şəkli

Müğənni Rəqsanə: "Müğənnilər puldan ötrü elə yerdə çıxış edirlər ki"

6
(Yenilənib 00:02 13.04.2021)
"İndi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm"

 

BAKI, 12 aprel — Sputnik. Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova  Rusiyada toya gedən müğənniləri tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi özünün "Instagram" səhifəsində canlı yayım açaraq öz həmkarları haqqında bunları deyib: "Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətini qoruyub saxlaya bilmir, puldan ötrü elə yerdə çıxış edirlər ki. Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram. Səhvsiz insan yoxdur. 5-6 ildir ailə qurmuşam, ərim, uşağım var. Mənim də bəzi səhvlərim olub. Onları etdiyim üçün özümü bağışlamıram. Amma bura gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiniz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacağam, deyəcəyəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır".

Müğənni əlavə edir ki, indi elə xalq artistləri var ki, bir toy idarə edə bilmir: "Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm".

"Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiniz. Ömür boyu pul qazanan musiqiçilər puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısını gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin qazanın, ağılla, başla. Damağınızda siqaret, oturursunuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın".

Qeyd edək ki, pandemiya ərəfəsində Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Fədayə Laçın, Damla, Kərim Abbasov və başqaları Rusiyaya köçərək, orada işləməyə başlayıblar.

6