Sürüşmə zonasında olan evlər, arxiv şəkli

Dövlətin sərvəti sənədsiz evlər - hər kəsi sevindirmək mümkün deyil

2502
(Yenilənib 18:39 17.03.2021)
"Əgər vətəndaş evi tikib içində yaşayırsa, həmin əmlak artıq onun mülkiyyətidir. Böyük ehtimalla o ərazidəki evlərə kompensasiya veriləcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Azərbaycanda sənədsiz evlərin inventarlaşdırması ilə bağlı yayılmış xəbərlər illərdir qanunsuz tikililərdə yaşayanları sevindirsə də, sən demə, sənədsiz tikililərin hər birinə sənəd vermək mümkün olmayacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elşad Məmmədov mətbuata açıqlamasında bildirib ki, sənədsiz evlərin gələcəkdə sənədləşdirilməsinin mümkün olub-olmadığı bütün ölkə üzrə araşdırılır. E.Məmmədovun sözlərinə görə, bölgələrdə 75 min daşınmaz əmlakın inventarlaşdırılması yekunlaşdırılıb. O bildirib ki, vətəndaşların yaşaması üçün təhlükə yaradan ərazilərdə yerləşən tikililər bu inventarlaşdırmaya daxil edilməyəcək. Onun sözlərinə görə, təhlükə təşkil edən yerlərdə - Xəzər dənizi zolağında, neft-qaz-su kəmərlərinin keçdiyi ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin, dəmir yolu xətlərinin yaxınlığında yerləşən, zəbt olunmuş yaşıllıq ərazilərdə tikilən evlərin sənədləşdirilməsi nəzərdə tutulmayıb. Digər ərazilərdə yerləşən sənədsiz evlərin inventarlaşdırılması yekunlaşdıqdan sonra hökumətə bununla bağlı təkliflər veriləcək.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki təhlükə zonasında yerləşən tikililərə sənəd verilməsi nəzərdə tutulmasa da, həmin ərazilərdə yaşayan vətəndaşlara hər hansı formada kompensasiya verilməlidir: "Əgər vətəndaş evi tikib içində yaşayırsa, həmin əmlak artıq onun mülkiyyətidir. Böyük ehtimalla o ərazidəki evlərə kompensasiya veriləcək. Hətta bir müddət həmin ərazidə yaşayışa da icazə verilə bilər. Çünki vaxtilə o ərazilər boş olub. Sakinlər isə orada ev tikiblər. Ona görə də təhlükəli ərazilərlə də bağlı hesablamalar aparılacaq ki, sakinlərin ərazidən köçürülməsi sərfəlidir, yoxsa qəsəbəni köçürmək? Ola bilər ki, yüksək elektrik naqillərinin yeri dəyişdirilsin. Çünki bu ərazilərdə yüzlərlə ev tikilib. Sakinlərin əllərində hər hansı bir sənəd var. Bu, əsasən bələdiyyə sənədidir".

E.Fərzəliyev deyir ki, hansı ərazilərdə ki yaşamaq olmaz, ora təhlükəli ərazi sayılır:

"Bu gün neft ərazilərində xeyli sənədsiz tikili var. O ərazidə torpağın altında dövlətin sərvəti yatır. Bu gün neft ərazilərinin hamısı yaşamağa təhlükəli sayılmır. Neft buruqları ilə bağlı müəyyən metr məsafə var. Həmin əraziyə düşməyən evlərə hansısa formada sənəd verilə bilər. Məsələn, bu gün Badamdarda köhnə neft boruları var. O borularda neft yoxdur. Amma ərazi olaraq ora sənəd verilmir ki, neftli ərazidir. Hansı neft mancanağı işlək vəziyyətdədirsə, orada yaşayışa icazə verilməməlidir".

Ekspert bildirir ki, tikiliyə sənəd vermək üçün torpağın təyinatı tikintiyə yararlı olmalıdır: "Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər də var. Bakı və Abşeronda 500 mindən çox sənədsiz ev var ki, torpağın təyinatı tikinti üçün nəzərdə tutulmayıb. Bu evlərə sənəd verilməlidir. Çünki qərarda torpağın təyinatının dəyişdirilməsi məsələsi də yer alıb".

Qeyd edək ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə prezidentin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. 

Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir. Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

Bir daha xatırladaq ki, Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

2502
Teqlər:
neft, əmlak, Azərbaycan, Bakı, kompensasiya, ev, sənədsiz torpaq

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

2
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

2
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

69
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

69
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film