Vidadi Ağagülov

"Ordumuz 21-ci əsr müharibəsinin olduğunu göstərdi" - "Maştağa" ləqəbli qəhrəman

734
(Yenilənib 01:19 16.03.2021)
"Bu gün dünya ölkələri Azərbaycanın müharibə təcrübəsindən danışır. Çünki xalqımızın qəlbində ata-baba ruhu var və bu ruh hər zaman yaşayacaq da" - Vidadi Ağagülov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. "II Qarabağ müharibəsi bir daha xalqımızın birliyini göstərdi. Artıq 30 ilə yaxın idi ki, biz bu zəfər gününü gözləyirdik". Bunu "Maştağa" ləqəbli Vidadi Ağagülov Sputnik Azərbaycan-a II Qarabağ müharibəsi ilə bağlı danışarkən deyib.

O, 1990-cı illərdə gedən Qarabağ müharibəsini xatırladıb:

"Biz elə 90-cı illərdəki xalqıq, ruhumuz da elə həmin ruhdur. O vaxt da irəliləmişdik, bir sıra əraziləri azad etmişdik. Sadəcə olaraq vahid komandanlıq olmadığından, siyasi söhbətlər və hakimiyyət uğrunda gedən davalara görə qüvvələr param-parça idi, tabeçilik yox idi. Nəticədə o torpaqları da qurban verdik, şəhidlərimiz də qurban getdilər. Siyasi oyunlar oldu. Lakin oğullarımız elə həmin oğullar, həmin igidlərdir. Bu xalqın ömür boyu döyüşən gücü olub və bu, yenilməz bir güc olub".

V.Ağagülov deyir ki, ruh yüksəkliyi və inam Azərbaycan ordusunu irəli, qələbəyə doğru apardı: "Bizim ordu 21-ci əsr müharibəsinin nə olduğunu göstərdi, hegemon dövlətləri belə adımızdan söz etdirdik. Bu gün dünya ölkələri Azərbaycanın müharibə təcrübəsindən danışır. Qələbə üçün əsas rol oynayan faktorlardan biri də inam idi. Rəhbərliyə, orduya, generallara inam bizi qələbəyə doğru apardı. Bizim igidlər döyüşlərdə mümkünsüzü belə mümkün etdilər. Çünki xalqımızın qəlbində ata-baba ruhu var və bu ruh hər zaman yaşayacaq".

1990-cı illərdə idarəçilikdə yol verilən səhvlər, torpaqlarımızın işğal olunması isə 30 ilə yaxındır ki, onun qəlbini qubar edib. O, uzun illər müharibə arzusu ilə yaşayıb: "Mən müharibənin başlaması arzusu ilə yaşayırdım. Arzulayırdım ki, Qarabağ müharibəsi başlasın və bu döyüşlərdə iştirak edim ki, gələcək nəsillər üçün müharibə qalmasın.

© Sputnik / Nigar Iskanderova
"Maştağa" ləqəbli Vidadi Ağagülov

Arzu edirdim ki, bu yük boynumuzda qalmasın. Əsas odur ki, şəhidlərimizin qanını aldıq. İndi isə bu qələbəni bərkitməyin zamanıdır. Bunun üçün Ali Baş Komandanın ətrafında birləşməliyik".

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində ürəyindən güllə yarası alan və 28 il o gülləni ürəyində daşıyan “Maştağa” ləqəbli qazimiz Ağagülov Vidadi 44 günlük Vətən müharibəsində yenidən ön cəbhədə olub. O deyir ki, Qarabağa ayaq basandan sonra 28 ildir ki, ona əziyyət verən güllənin artıq heç bir ağrısını hiss etmir.

Özü şəhid ailəsindən olan həmsöhbətimiz 2019-cu ilin dekabrında Ali Baş Komandan tərəfindən ona hədiyyə edilən evi şəhid ailəsinin yeni evlənən övladına bağışlayıb.

734
Teqlər:
müharibə, Qarabağ, qazi
İmtahan, arxiv şəkli

Bu şəhərlərdə buraxılış imtahanlarının vaxtı açıqlandı

4
(Yenilənib 11:09 20.04.2021)
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

 

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün , aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə), məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

4
Bakıda avtobus, arxiv şəkli

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

31
(Yenilənib 10:40 20.04.2021)
51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

31
Evdən icazəsiz çıxan koronavirus xəstəsi, arxiv şəkli

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

BAKI, 20 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

0