DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi

Ermənistanla sərhəddə DSX yeni hərbi hissə açdı - FOTO

49
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olan yeni hərbi hissənin fəaliyyətə başlaması xüsusi əhəmiyyət kəsb edir - İlham Mehdiyev

BAKI, 12 mart — Sputnik. Bu gün Zəngilan rayonu ərazisində, Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin saytında qeyd olunur.

Bununla əlaqədar təşkil olunmuş tədbirdə çıxış edən DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev yeni hərbi hissənin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

© State Border Service of Azerbaijan Republic
DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi

İ.Mehdiyev döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçilərinin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini vurğulayıb. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə dağıdıcı zərbələr endirilərək Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız sancılmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilib.

General-leytenant sərhəd komendantlığının açıldığı ərazilərdə DSX bölmələri tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən çoxsaylı silah-sursatının qənimət kimi götürülməsini, noyabrın 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətimizə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçilərimiz tərəfindən atıcı silahlarla məhv ediməsinin və bu kimi digər hərbi uğurların Vətən Müharibəsi tarixinin önəmli hadisələrindən olmasını qeyd edib.

  • DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
1 / 5
© State Border Service of Azerbaijan Republic
DSX-nın yeni hərbi hissəsinin açılış mərasimi

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə cavabdeh olan yeni hərbi hissənin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsini deyən İ.Mehdiyev hər zaman dövlət maraqlarının keşiyində duran Azərbaycan sərhəd­çi­sinin ölkəmizin müqəddəs hüdudlarını qorumaq kimi şərəfli missiyanın öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Mərasim iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi üçün yaradılmış şəraitlə, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlar, kazarma və yeməkxana, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələrinə baxış keçiriblər.

 

49
Teqlər:
DSX, sərhəd, Azərbaycan, Zəngilan
Təcili yardım avtomobili

Bakıda binanın damında gənc qızın meyiti tapıldı

6
(Yenilənib 10:27 21.04.2021)
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

BAKI, 21 aprel — Sputnik. Bakıda binanın damında 25 yaşlı qızın meyiti tapılıb. Sputnik Azərbaycan Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

6
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

7
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Teqlər:
klublar, UEFA, futbol
Manat, arxiv şəkli

Ünvanlı dövlət sosial yardımın ödəniləcəyi tarixi açıqlandı

0
(Yenilənib 10:31 21.04.2021)
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

BAKI, 21 aprel — Sputnik. Aprel ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

0