Qızcığaz, arxiv şəkli

Küçədən tapılan Nərgizin kədərli hekayəsi: anası var, amma ayrılmalı olacaqlar

395
(Yenilənib 12:56 10.03.2021)
Polis küçəyə atılan beş yaşlı uşağın valideynlərini tapıb. Məlum olub ki, o, ailənin tək övladı deyil, üstəlik, anası da psixi xəstədir

BAKI, 9 mart - Sputnik, Zarina Orucəliyeva. Bakıda körpə qızı küçənin ortasında qoyub gedən valideynlər tapılıblar. Məlum olub ki, beş yaşlı uşağın anası psixi cəhətdən sağlam deyil.

Sputnik Azərbaycan-ın məlumatına görə, martın 2-də paytaxtın Xətai rayonunda, P.Naximov küçəsində sakinlərin küçənin ortasından tapdıqları qız Uşaq Reinteqrasiya Mərkəzinə gətirilmişdi. Onlar isə uşağı polisə təhvil vermişdilər. 

Mərkəzin direktoru, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, qızcığaz adının Nərgiz olduğunu desə də, bu adla çağıranda reaksiya vermir. 

Sığınacaqda uşağı çimdirib, başını pedikulyozdan təmizləyib, təmiz paltar geyindiriblər. Uşaq heç nəyə maraq göstərməyib: yaşıdları ilə, demək olar ki, ünsiyyət qurmayıb, həmçinin aqressiv davranıb. Ağazadə hesab edir ki, uşaq küçədə uzun müddət qalmayıb. 

İntensiv axtarışlar nəticəsində onun valideynlərini tapmaq mümkün olub. Məlum olub ki, beş yaşlı Nərgiz evin tək uşağı deyil, dörd yaşlı, Dəniz adlı bacısı və yaşyarımlıq Əziz adlı qardaşı var. 

"Uşaqların atasıyla görüşdük. Dedi ki, uşaqların anası psixi xəstədir və ona nəzarət etməyə artıq gücü qalmayıb. Qadını çoxdan müalicə etmədiklərindən vəziyyəti günü-gündən pisləşir. Uşaqlar da bu səbəbdən nəzarətsiz qalıblar. Nərgiz itən gün kişi işdəymiş. Yəqin, anasının yenidən depressiyası güclənib və o, uşağı küçəyə atıb", - K.Ağazadə bildirib. 

Ata ilə ananın valideynlik hüquqları məhdudlaşdırılmalıdır, Ağazadə belə fikirləşir. Çünki bu, uşaqların təhlükəli şəraitdə qaldıqları yeganə hal deyil. Ata danışırmış ki, qadın uşaqları evdə tək qoyaraq dəfələrlə evdən qaçıb. Onların tez-tez mübahisə etmələrindən isə polislər də xəbərdardırlar, çünki DİN-in 112 qaynar xəttinə dəfələrlə zənglər olub. 

Son hadisədən sonra qadını psixonevroloji xəstəxanaya yerləşdiriblər. Ən pisi də budur ki, qadının psixi durumunun normal olmadığını yaxınları hələ ikinci uşağı doğulandan sonra bilirmişlər. Hazırda isə qadın dördüncü uşağına hamilədir. 

Uşaqların atasını isə Xətai İcra Hakimiyyətinə yönləndiriblər ki, müvafiq sərəncam əsasında onun 3 uşağını sığınacağa yerləşdirsinlər. Hazırda atalarının yazılı razılığı ilə Nərgizin bacısı ilə qardaşı da sığınacağa gətiriliblər. Yəni indi üçü də bir aradadır. 

Nərgizin özündə də psixonevroloji sapmalar müşahidə olunur, məlum olub ki, qızcığazın qıcolmaları var. Ola bilsin ki, uşaqda epilepsiya var. Yaxın günlərdə nevropatoloqlar onu müayinə edəcəklər. 

Digər uşaqların sağlamlığında problem müşahidə olunmayıb. Ancaq Ağazadənin sözlərinə görə, onların üçü də şiddət görüb, çünki ətrafdakı insanlardan qorxurlar. 

Hüquq müdafiəçisinin sözlərinə görə, müəyyən prosedurlardan keçdikdən sonra uşaqların atalarına himayə hüququ qaytarıla bilər.

395

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

0
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

0
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

57
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

57
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film