Tehran şəhərinə mənzərə, arxiv şəkli

Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb

25
(Yenilənib 20:49 09.03.2021)
Şərtlərdən biri də səyahətçinin koronavirusa yoluxmadığına dair PCR testinin nəticəsini İran tərəfinə mütləq qaydada təqdim etməsidir

BAKI, 9 mart — Sputnik. İranın Azərbaycandakı səfirliyi İrana müayinə və müalicə məqsədilə səfər etməyin əsas şərtini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

İran səfirliyi bildirir ki, İrana getmək məqsədilə giriş icazəsi almaq istəyən şəxslər səfirliyin Konsulluq Şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidirlər.

Səfirlik qeyd edir ki, giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PCR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidirlər.

Qeyd edək ki, İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdırlar. Bununla əlaqədar müayinə və müalicə məqsədilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları ünvanı aşağıda göstərilən İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.

25
Teqlər:
test, COVID-19, şərt, səfər, müalicə, Azərbaycan, İran
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
İnsanın kölgəsi, arxiv şəkli

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

4
(Yenilənib 19:02 17.04.2021)
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

4
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

6
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

6