Ağgül Həmdizadə

"Eləmədiklərimizə görə cavabdehlik daşıyırıq" - Polis qadın

118
"Deyirlər ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Məndə də belədir. Məzuniyyətdə oluram, evdə qala bilmirəm, işim üçün darıxıram. Elə olur ki, işə məzuniyyətdən bir həftə tez qayıdıram" - Ağgül Həmdizadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. İnsanlar düşüncəsinə görə fərqlidir. Bu, ictimai münasibətlərdə müxtəlif xarakterli meyarlar yaratdığı üçün insanları bir-birindən fərqləndirən başlıca əlamətdir. Məhz ictimai münasibətlərin hüquqi tənzimlənməsində və nizamlanmasında qanunla polisin vəzifələri var. Kişilərlə bərabər, qadın polislərin fəaliyyəti diqqət çəkir. Gərgin, normalaşmayan iş rejimində çalışan xanım qəhrəmanımız Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru, 31 yaşlı Ağgül Həmdizadədir.

Əsas işi fəaliyyət istiqamətinə uyğun olaraq, etimad göstərilən vəzifədə özünü doğrultmaq, eyni zamanda da cəmiyyəti informasiya ilə təmin etmək olan Ağgül xanım iki uşaq anasıdır. 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr, 2014-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vuran Ağgül xanım artıq on ildir ki, daxili işlər orqanlarında xidmət edir.

Anası kimyaçı, atası riyaziyyatçı olan Ağgül xanımın nəslində mundirli məmur – polis olmayıb. Ən çətin iş, məsuliyyətli peşə bir qadın olaraq onun taleyinə qismət olub. O, bundan qürur və iftixar hissi keçirdiyini, polis adı, polis andının uca olması üçün çalışdığını deyir.

© Sputnik / Nigar Iskanderova
Ağgül Həmdizadə
"Qadın üçün polis peşəsi çətindir demirəm, ümumiyyətlə, bu peşənin məsuliyyəti, öhdəliyi var, - deyə həmsöhbətimiz bildirir. - Qadın peşəsi dedikdə adətən müəllim, pedaqoq, yaxud da həkim olmaq düşünülür. Valideynlərim həkim olmağımı istəyirdilər. Zamanla mənə müəyyən qədər təsir ediblər. Həmişə deyirdilər ki, həkim ol. Nə bilim, uşaqlıqda düşünürdüm ki, bəlkə, mən də başqaları kimi digər peşəni sevə, seçə bilərəm. Amma olmadı. Həm də həkim olmaq daha böyük zəhmət tələb edirdi. Düzü, buna bir qədər istəyim olmadı deyə bilərəm.

Amma etiraf edim ki, polis olmaq arzum, məqsədim idi. Daha çox oxumaq, daha hazırlıqlı olmaq üçün çalışırdım. 2007-ci ildə ali məktəbə sənəd verəndə o zamanlar Polis Akademiyasına qadınların qəbulu yox idi, bu səbəbdən də BDU-nun hüquqşünaslıq fakültəsini seçdim. Düşündüm ki, hüquq təhsili alsam, hüquq-mühafizə orqanlarında çalışa bilərəm. Hərbiləşdirilmiş sistemdə, hüquq-mühafizə orqanlarında işləmək uşaqlıq arzum olub. Mündir daşımaq, paqonlu olmaq mənim üçün cəlbedici idi. Həmişə polis obrazında film qəhrəmanlarına, küçədə rastlaşdığım polislərə xüsusi rəğbətlə yanaşmışam. Ailəmizdə həmişə valideynlərimdən eşitmişəm ki, "polis olmasa..." Bu ifadənin içərisində polisin cəmiyyət həyatında rolu, ictimai qaydanın qorunmasındakı fədakarlığı var. İndi bu sözün mahiyyətini daha aydın dərk edirəm".

Uşaqlıq arzusu onu istədiyi ünvana doğru apardı. 2011-ci ildə daxili işlər orqanlarında hüquq təhsilli namizədlər üçün xidmətə qəbulla bağlı müsabiqə keçirildi. Beləcə, Ağgül Həmdizadə 100 ballıq sistemlə 92 bal toplayaraq DİN-də işə qəbul olundu. 

Polis leytenantı kimi işləməyə başlayanda nişanlı olan A.Həmdizadə bu qərarının qarşı tərəfdən narazılıqla qarşılanmadığını deyir: "Həyat yoldaşımla öncədən tanışlığımız olduğu üçün o mənim seçimimdən də xəbərdar idi. Bu səbəbdən də polis olmağıma etiraz etmədi. Əksinə, dəstək verdi".

İşinin gərginliyinə baxmayaraq o yorulmadığını deyir: "Deyirlər ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Məndə də belədir. Məzuniyyətdə oluram, evdə qala bilmirəm, işim üçün darıxıram. Bu sahədə çalışan insanlar üçün polislik həyat tərzidir. Peşənin stimullaşdırıcı xüsusiyyəti insanla, mənəviyyatla bağlı olan məsələdir. Bunun izahı yoxdur. Çünki insanları mənəviyyat birləşdirir.

İki övladım böyüyür, onların tərbiyəsi, yaxşı təhsil alması da diqqətdən kənarda qala bilməz. İndi hər bir şəxs, xüsusilə cəmiyyətin həyat və fəaliyyəti ilə əlaqəli sahələrdə çalışan insanların faydalı olması labüddür. Etibar edilən vəzifənin xidmət üzrə öhdəlikləri ilə yanaşı, ana olduğumu unutmuram. Çünki həyat tərzimiz övladlarımız üçün də örnəkdir. Bu öhdəlik vərdişə çevrilmiş əməllərdir. Heç vaxt unutmuram - yalnız elədiklərimizə yox, eləmədiklərimizə görə də cavabdehlik daşıyırıq. Buna görə qadın – ana olmaq məsuliyyəti öhdəliyi artırır".

Suallarım fərqlidir, çoxdur. Qadın polis müsahibi danışdırmaq olduqca maraqlıdır. Görünür ki, üzərində çox çalışmış, özünü formalaşdırmışdır. Verdiyi cavablar hər bir insan üçün qəbuledilən, anlaşılandır. Ondan insan xarakteri ilə bağlı soruşuram. Deyir ki, xarakter insanın mahiyyətini, onun ümumi məzmununu təşkil edir: "Xaraktersiz insan yoxdur. Xarakter, tərbiyə, dünyagörüşü insanların davranışlarını müəyyən edir. Və polisin fəaliyyəti də insanların davranış normalarının hüquqla tənzimlənməsinə yönəlib. Yəni ictimai qayda – cəmiyyətdə qəbul edilən birgəyaşayış qaydaları ilə bağlı olan dəyərlərdir. Fəaliyyətim ictimaiyyətlə əlaqəli olduğu üçün bir ildən artıqdır ki, DİN-in fəaliyyəti ilə bağlı mətbuatda çıxışlarım olur. Keçirilən tədbirlər, üstü açılan cinayət işləri haqda məlumatları səsləndirirəm. İctimaiyyət üçün maraqlı olan, rezonans doğuran məsələlərlə bağlı çalışırıq ki, operativ cavablar verilsin".

Ağgül Həmidzadə, Daxili İşlər Nazirliyinin əməkdaşı
© AR Ministry of Internal Affairs
Ağgül Həmdizadə

Polisin ictimai mühitdə nüfuzu, etibar və etimad ünvanına çevrilməsindən danışan müsahibim vurğulayır ki, ekstremal vəziyyətdə dövlət nümayəndəsi olan polis əməkdaşından məntiqi olaraq yüksək intellekt tələb olunur: "Ziddiyyətləri doğuran səbəbləri araşdırmaqla yanaşı, qanunçuluğu tətbiq etmək, dözümlülük nümayiş etdirmək polisin fəaliyyətinin əsas meyarlarındandır. Hər yerə sirayət edən sosial şəbəkə seqmentlərində yayılan informasiyalar bəzən hadisələrin, faktların mahiyyətini başqa şəkildə təqdim edir. Bu, çaşqınlıqla bərabər, cəmiyyətdə bəzən məyusluq yaradır. Belə olduqda hər kəs polisin hadisə və fakta münasibətini gözləyir. Ona görə DİN-in fəaliyyəti çağırış və təhdidlərə adekvat olduğuna görə, qanunla müəyyən edilən səlahiyyətlər çərçivəsində istənilən hala qarşı dərhal müvafiq tədbirlər görülür. Xüsusilə vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ qaydada baxılması diqqətdə saxlanılır. Belə demək mümkünsə, heç bir əməkdaş vətəndaşın çağırışına laqeyd yanaşa bilməz.

Polis necə olmalıdır ki, hamı razı qalsın? Bunun düsturu varmı? Nə etməli, necə davranmalı? Suallar çoxdur. Əgər insan duyğu və düşüncələrdən ibarətdirsə, 24 saat sabit əhvalda qalması nə qədər mümkündür? Ancaq polis 24 saat təmkinli, sakit, diqqətli, məsuliyyətli olmalıdır, həm də bunu hamı 24 saat ərzində tələb edib gözləyirsə..."

Həqiqətən də polisə insanlar güzəştsiz yanaşırlar. "Borcudur" deyib polisdən ona qayğı ilə yanaşmasını gözləyirlər. Bu barədə də müsahibimin mövqeyini soruşuram. O da bildirir ki, polisə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyil: "Səbəblər müxtəlifdir. Çünki cinayət və cinayətkarlıq, inzibati xəta varsa, onu törədənlər, törətməyə meylli şəxslər polisi sevə bilməzlər. Məsələn, hansısa sürücü işıqforun qırmızı işığından keçirsə, polis onu saxlayıb barəsində tədbir görürsə, o şəxs polisdən razı qalarmı, yaxud təşəkkür edərmi? Etməyəcək! Bu və ya digər halda, xeyli belə nüanslar var. Bütün bunlar fikir müxtəlifliyi yaradır. Nəzərə alaq ki, polis peşəsi ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər sahələrdən fərqlənir. Ona görə insanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edirlər. Polisin hər bir hərəkəti hadisədir. Dünyamız nə qədər rəqəmsallaşsa da, yaxud polisdən rəqəmsal (digital) münasibət gözləyənlər bilməlidirlər ki, polis də insandır.

118
Teqlər:
müsahibə, qadın, polis
Yaşlı qadın, arxiv şəkli

Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır - ekspert "islahat"ı əsassız hesab edir

4
"Pensiya yaşı artırmağa məcbur qalan ölkələrin demoqrafik dalğaları zəif olduğu üçün onlar məcburən yaşın artırılması yolu ilə müəyyən dərəcədə işçi, əmək bazarı problemini həll etməyə çalışırlar. Azərbaycanda isə buna ehtiyac yox idi", - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Azərbaycanda 65 yaşa çatmadan ölənlərin sayı yüksəkdir. Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı hesabata görə, ümumilikdə hər iki cinsə görə ölənlərin ümumi sayı 55 min 916 nəfərdir. Statistikaya nəzər yetirdikdə 61-65 yaşadək insanlar arasında ölüm hallarının daha çox olduğunu görə bilərik. Ən çox ölüm halı isə 60-64 yaş aralığında qeydə alınır.

İlk olaraq yaşlar üzrə ölüm statistikasına nəzər yetirək:

1 yaşı tamam olmayanlar -1557

1-4 yaş - 278

5-9 yaş - 254

10-14 yaş - 234

15-19 yaş - 340

20-24 yaş - 449

25-29 yaş - 601

30-34 yaş - 744

35-39 yaş - 918

40-44 yaş - 1246

45-49 yaş - 1916

50-54 yaş - 3025

55-59 yaş - 5135

60-64 yaş - 6214

Bu isə deməkdir ki, bir il ərzində 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir. Bu hesabatlardan belə qənaətə gəlmək olar ki, əhalinin 40 faizi 64 yaşdan daha tez dünyasını dəyişir.

Belə olan halda pensiya yaşının azaldılması necə, məqbuldurmu? Sputnik Azərbaycan olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda deyib:

"Pensiya yaşının artırılması ilə bağlı qərar verilərkən də mövqeyimiz ondan ibarət idi ki, Azərbaycanda əmək bazarı və demoqrafiyanı nəzərə alaraq pensiya yaşının artırılmasına ehtiyac yox idi. Bu addımı atmağa məcbur qalan ölkələrin demoqrafik dalğaları zəif olduğu üçün onlar məcburən yaşın artırılması yolu ilə müəyyən dərəcədə işçi, əmək bazarı problemini həll etməyə çalışırlar. Azərbaycanda isə buna ehtiyac yox idi".

Ekspert qeyd edib ki, indi də gec deyil. Pensiya yaşı ilə bağlı öncəki təcrübəyə qayıtmaq olar, yəni qadınlar 60, kişilərdə isə 63 yaş pensiya yaşı kimi götürülə bilər.

Cəfərlinin fikrincə, icbari tibbi sığortanın tətbiqinə başlanılıb ki, bu da xəstəliklərin zamanında üzə çıxmasına imkan verəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi İlham Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında fərqli rakursdan çıxış edib. O bildirib ki, yayılan COVID-19 virusu xüsusən 60-65 yaş qrupunu əhatə etdi: "Ümumən Azərbaycanda pensiya yaşı 6 ay müddətinə artırılmaqla həyata keçirilir. Artıq pensiya islahatlarının aparılması baş verib".

"Hazırda Azərbaycanda pensiya yaşına baxılması real görünmür. Çünki orta yaş həddinin artırılması və əhalinin sağlamlığının qorunması üçün lazımı addımlar atılıb. Bu səbəbdən düşünmürəm ki, bu məsələ gündəmdə olsun", - deyə millət vəkili əlavə edib.

O bildirir ki, COVID-19 gün ərzində orta hesabla 30 can alır ki, bu zaman da ölənlərin neçəsinin 65 yaşdan yuxarı olması da bir tədqiqat obyekti olmalıdır.

4
Orucluğun ilk duası

Orucluqda qidalanma ilə bağlı vacib tövsiyələr

3
(Yenilənib 11:01 18.04.2021)
Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar immunitetin güclənməsi üçün insan orqanizminə yardımçı vasitə hesab oluna bilər.

BAKI, 18 aprel — Sputnik. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Bu sözləri Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov koronavirus və orucluq şəraitində düzgün qidalanma ilə bağlı tövsiyələrini verərkən deyib. Onun qidalanma ilə bağlı müvafiq tövsiyələrini təqdim edirik. 

Koronavirusdan qoruyacaq bir qida varmı?

Bütün dünyaya yayılan yeni tip koronavirus ( COVID-19 ) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur. Ümumiyyətlə hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz. COVID-19-a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır.

Ramazan ayında necə qidalanmaq lazımdır ki, immun sistemimiz zəifləməsin?

Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvan mənşəli məhsullar : süd – ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupdan olan komponentlərdir.

Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sisteminin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq.

Hansı xəstələr oruc tutarkən diqqət etməlidirlər?

Xroniki xəstəliyi olan insanlar diqqət etməlidirlər. Məsələn insan şəkərli diabet xəstəsidirsə, aydın məsələdir ki, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Və ya bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sitemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.

Ramazanda nə qədər su içməliyik?

Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli, su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələr olub, insan orqanizminin həyati funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan yaxşı olar ki, insanlar qəbulda canlı suya üstünlük versin. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Qəbul etdiyimiz maye miqdarının təxminən 25-30%-ni xörəklərin, 15-20%-ni isə məhsulların tərkibində qəbul edirik. Sərbəst maye şəklində isə qəbul edəcəyimiz miqdar xüsusilik təşkil edir. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və s. asılıdır. Orta hesabla götürsək, müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ödənilərsə, kifayətdir. Əslində maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa, mərkəzi sinir siteminə gedən reaksiya hesabına susuzluq yaranır. Və bu zaman tövsiyə edərdim ki, canlı (qaynadılmamış su) sudan istifadə olunsun. Əsas məqamlardan biri isə su qəbulunu birdəfəlik 1 litr içməklə deyil, fasilələrlə qəbul etməkdir. Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsaq zamanı 3-4 stəkan maye qəbul etməsi kifayətdir. Əsasən də Ramazanın ilk günlərində diqqət etmək lazımdır. Gündəlik qəbul etdiyimiz maye miqdarının 40-50%-ni imsaq zamanı qəbul etsək, iftar zamanına kimi bədənimizə yardımçı olmuş olarıq.

İmsaq və iftarda tövsiyə olunmayan qidalar hansılardır?

Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsaqda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Bu baxımdan imsaqda ilk növbədə duzlu qidaları rasiyondan çıxarmaq lazımdır. Turş qidalar, konservləşdirilmiş məhsullar, duzlu pendirlərdən, şirniyyatlardan imsaq zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsaq və iftarda olması yaxşıdır.

İftar bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.

İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda kilo artımına səbəb olur. Kilo artımından asılı olaraq qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut edilib. ÜST tərəfindən nəşr olunan 27 maddəlik hesabatda işlənmiş ətlər 1-ci kateqoriya risk təsnifatına daxil edilib.

3