Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə

"Məni bu uniformada görəndə təəccüblənirlər" - Ağstafalı qadın mühafizəçi

415
(Yenilənib 13:08 07.03.2021)
Ağstafa sakini Elnarə Əlizadə həm uşaqlarına analıq edir, həm də hamının "kişi işi" saydığı mühafizəçi vəzifəsində nöqsansız çalışır.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Peşələr müxtəlif olduğu kimi insanların bu peşələrə münasibətləri də fərqlidir. Cəmiyyətdə "Kişi peşəsi, qadın peşəsi" deyə fikirlərə tez -tez rast gəlirik. Müsahibimiz isə bu fikrə deyil, qabiliyyətinə inananlardandır.

Xəstəxanada mühafizəçi kimi çalışan zərif cinsin nümayəndəsi Elnarə Əlizadə Ağstafa rayonunda yaşayır. O, bir müddət rayon xəstəxanasında xadimə kimi çalışıb. Xəstəxanada mühafizəçi ştatı yarandıqdan sonra isə bu sahədə özünü sınamağa qərar verib. İşə başlayarkən ona bu sahənin kişilər üçün olduğunu, bacarmayacağını deyiblər. Lakin o işini sevməsi, işlədiyi az müddət ərzində məsuliyyəti və vəzifəsinin öhdəsindən layiqincə gəlməsi ilə seçilib. Baxmayaraq ki cəmi iki aydı bu sahədə işləyir, kollektiv də artıq ona öyrəşib. İlk vaxtlarda çətinlik çəksə də, sonradan işlərinin qaydasına düşdüyünü deyir.

© Sputnik / Ilham Mustafa
Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə

"İşim mühafizədir. Gələnlərin hansı həkimə gəldiyini soruşub yönəldirəm. Maskadan düzgün istifadəyə nəzarət edirəm. Gələnlərin hərarətini yoxlayıram. Hər cür insanlarla rastlaşıram. Lazım gələndə sərt olmalıyam. Xəstəxanadır. Çox adam aqressiv gəlir. Hamıyla dil tapıb danışmaq lazımdı. Biz bu sahəni seçmişiksə, dözməliyik", - deyə öz işinin incəliklərindən bəhs edir.

E.Əlizadə xəstəxanaya gələnlər arasında onu mühafizə uniformasında görüb təccüblənənlərin çox olduğunu, lakin tədricən qəribə baxışların azaldığını deyir. Dəfələrlə emosianal insanlarla qarşılaşdığını, onları sakitləşdirib işləri qaydasına sala bildiyini söyləyir:

  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
  • Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Ağstafada xəstəxanada mühafizəçi işləyən Elnarə Əlizadə

"Dəfələrlə olub ki, dava olanda sakitləşdirmişəm. Qorxum, çəkinməyim yoxdur deyə dava-dalaşdan da çəkinmirəm. Hətta digər korpusda dava olanda da sakitləşdirmək üçün mən getmişəm. Qapıda dayananda xəstəxanaya aqressiv gələn adamlar olur. Tələbləri aqressiv qarşılayırlar. Lakin dəfələrlə olub ki onlara cavab qaytarmadığımı, yenə öz işimi normal etdiyimi görüb sonradan gəlib üzr istəyiblər. Səhvlərini başa düşdüklərini deyiblər".

Həftənin altı gününü işləyən Elnarə səhərlər övladlarını da məktəbə hazırlayır, dərsləri ilə maraqlanır. Sonra özü uniformasını geyinib işə tələsir. Hamıdan qabaq öz işinin başına keçməsinə baxmayaraq, işdən də hamıdan axırda çıxır.

Gün ərzində gələn vətəndaşların həm hərarətini yoxlamaq, həm onları həkimlərə yönəltmək, həm də qayda-qanuna riayət etmək elə də asan iş deyil. Yeri gələndə, işinin xatirinə öz sərtliyini də ortaya qoyur. Təki işləri qüsursuz getsin. Bir sözlə, o, hamının "kişi peşəsidir" dediyi mühafizə sahəsində nöqsansız çalışır. Bu işdə həm də qadın olmağın məsuliyyətini dərk edərək ikiqat əmək sərf edir.

415
Kitbaxanaçı Nazlı Əliyeva

Dünyanı qəlbləri ilə görənlər - Görmə məhdudiyyətli şəxslərin kitabxanası

39
(Yenilənib 23:43 11.04.2021)
Kitabxananın zirzəmidə yerləşməyi həm onun fəaliyyəti, həm də oxucular üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Cəmiyyətdə bu şəxsləri, "dünyanı qəlbləri ilə görənlər" adlandırırlar. Bir çox sahələrdə fitri istedadalara sahib olan görmə məhdudiyyətli şəxslər nə qədər qəribə səslənsə də, əksər hallarda asudə vaxtlarında mütaliə edir və bundan zövq alırlar.

Maraqlıdır, respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxanada durum necədir?

Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən kitabxana 4 mərtəbəli binanın zirzəmisindədir. Zirzəminin qapısını açaraq üzüaşağı dik pilləkənləri gördükdə, görəsən, görmə məhdudiyyətli şəxslər bu pilləkənlərlə necə qalxıb-düşürlər, deyə sual ağlımıza gəlir. Ehtiyatla aşağı enirik.

© Sputnik / Nigar Iskanderova
Gözdən əlillər kitabxanası

Kitabxanaçı Nazlı Əliyeva bizi kitabxana ilə tanış edir: "Kitabxanamız 1981-ci ildə yaranıb. 262 kvadrat metrlik ərazisi olan kitabxana 4 mərtəbəli binanın zirzəmisində yerləşir. Burada brayl əlifbası ilə yazılan, eyni zamanda audio formatda olan, həmçinin adi kitablar var. Oxucularımız isə 5 yaşdan 90 yaşadəkdir. Anaları 5 yaşlı yaxud da bir qədər böyük yaşlı övladlarını gətirərək onlara burada kitab oxuyurlar. Burada hətta abituriyentlər üçün lazım olan bəzi vəsaitlər də var".

Kitablarla tanış oluruq, burada dünya ədəbiyyatı, uşaq ədəbiyyatına aid müxtəlif növ - Azərbaycan, rus və türk dillərində kitabalr var. Az sayda olsa da, ingilis dilli kitablara da rast gəlmək mümkündür. Kitabxananın 19 işçisindən 13-ü görmə məhdudiyyətlidir.

Nazlı xanım deyir ki, buradakı audio kitablar səsyazma məntəqələrində diktorlar tərəfindən səsləndirilir: "Bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndirib. Bəzən tələbələr gəlir ki, biz ödənişsiz olaraq kitabları səsləndirmək istəyirik. Bu zaman həmin şəxsin səsi dinlənilir. Çünki bizim auditoriya görmədiyi üçün onlar səsə daha həssasdılar. Bu səbəbdən də səsin xoş, avazlı olub-olmadığı yoxlanılır. Səslə yanaşı, ləhcənin olmaması, düzgün oxunma çox önəmlidir".

© Sputnik / Nigar Iskanderova
Kitbaxanaçı Nazlı Əliyeva

Kitabxanaçı deyir ki, brayl tipli kitablar xüsusi avadanlıqlarla çap olunur. Düzdür, bu kitablar audio kitablarla müqayisədə az olsa da, ona maraq var. Audio tipli kitablar buradakı kitabların təxminən 70 faizini təşkil edir.

Söhbət boyu suallar da beynimizdə gəzib-dolaşır: Havalandırma sistemi, pəncərəsi olmayan və görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş kitabxanada görəsən ən çox nə qədər oturub mütaliə etmək olar?

Elə Nazlı xanım da deyir ki, onlaırn əsas problemləri məhz yerləşdikləri məkanla bağlıdır: "Əsas problemimiz bu məkanla bağlıdır. Mərkəz olaraq yerimiz yaxşıdır, "Gənclik" metrostansiyasının yanından bura beş dəqiqəyə çatmaq olur. Amma kitabxananın zirzəmidə yerləşməyi həm fəaliyyətimiz, həm də oxucularımız üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var. Onların arasında əsa ilə gəzənlər, arabada olanlar da var ki, bura düşüb-çıxmaq heç də rahat olmur".  

© Sputnik / Nigar Iskanderova
Taktil kitab

"Yaşayış binasının zirzəmisində yerləşirik deyə, burada nəmişlik olur, bir də görürsən ki, yuxarıdan su damır. İldə bir neçə dəfə bu iş başımıza gəlir, kitab fondumuz xarab olur, Pəncərələr olmadığndan havalandırma sistemi də yoxdur", - deyə o əlavə edir.   

N.Əliyeva deyir ki, oxucular əvvəllər daha çox gəlirdi, hazırda isə gündəlik gələn oxucuların sayı 10-15-dir: "Bunun da səbəbi ictimai nəqliyyatda, taksilərdə qiymətlərin artması ilə bağlıdır. Bu şəxslər gələndə tək gəlmirlər, mütləq onlarla kimsə də gəlir. Yəni, hər dəfə taksi ilə gəlmək onlar üçün heç də sərfəli deyil. Lakin biz kitabları onlara əlçatan etmək üçün bəzən özümüz ünvana aparırıq. Görmə məhdudiyyətli şəxslər adətən kompakt olaraq bir ərazidə yaşayırlar. Belə olanda, yaxud da şəxslərdən biri gəlib kitab götürdükdə sonradan digər görmə məhdudiyyətli şəxslərə də verir. Bu zaman həmin şəxs bizimlə əlaqə saxlayaraq kitabı kimə verdiyini deyir və kitab onun adından çıxarılaraq başqasının adına salınır".

© Sputnik / Nigar Iskanderova
Səsli kitab

Pandemiya dövründə oxucuların evdən çıxmaması üçün kitabxanın digər əməkdaşları təəfindən "Youtube" və "Facebook" vasitəsi ilə kitablar oxuyaraq səsləndirirlər: "Pandemiya dövründə "Zoom" proqramı vasitəsi ilə tədbirlər də keçirmişik. Bizim əsas kontingentimiz Gözdən Əlilər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərimizə qatılır, müxtəlif proqramlarla çıxış edirlər. Biz onların şairlər, yazıçılar, qəhrəmanlarımızla görüşlərini də təşkil edirik".        

Kitabxananın direktoru Şəhla Vəliyeva da zirzəmi şəraitinin çətinliklərindən danşır: "Bizim kitablar xüsusi kitablardır. Brayl əlifbası ilə nəşr olunan kitablar müəyyən temperaturda, şəraitdə qorunub saxlanılmalıdır. Bu kitablarla yanaşı disklərin də zirzəmi şəraitində saxlanılması düzgün deyil. Bu bizim başlıca problemimizdir. Təsəvvür edib, bəzən təmir  bitməmiş divarlar yenidən nəm verir".

  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Gözdən əlillər kitabxanası
    © Sputnik / Nigar Iskanderova
1 / 4
© Sputnik / Nigar Iskanderova
Səsli kitab

"Ev sahibləri evlərini kirayə verirlər. Kirayədə qalanlar isə gördüyünüz kimi, vəziyyətimizi bu hala gətiriblər. Zirzəmidə olmasaydıq, vəziyyət fərqli olardı", - deyə o əlavə edir.

Hazırda kitabxananın 1200 oxucusu olduğunu deyən direktor bu auditoriyada 83-85 yaşlı nənə-babaların da yer aldığını diqqətə çatdırır.

39

Yasamal rayonunda avtomobilə atəş açılıb

25
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

25