Müsəlman zəvvarlar Həcc ziyarətində, arxiv şəkli

Hacı olmaq əvvəldən çətin idi, indi Səudiyyə Ərəbistanı bir söz deyir, infeksionist başqa

3305
(Yenilənib 00:14 04.03.2021)
"Nəzərə almaq lazımdır ki, koronavirusun bir neçə ştammı var. Həccə isə dünyanın müxtəlif ölkələrindən insanlar gəlirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Ötən il koronavirus pandemiyası səbəbindən müsəlmanların çoxu hacı ola bilmədi. Bu il isə həcc ziyarəti müəyyən şərtlər əsasında baş tuta bilər. Səudiyyə Ərəbistanının səhiyyə naziri Təvfiq əl-Rabianın ictimaiyyətə verdiyi məlumata görə, bu il həcc ziyarəti üçün müqəddəs Məkkə və Mədinə şəhərlərinə getmək 2021-ci il iyulun ikinci yarısında mümkün olacaq. Onun sözlərinə görə, 2021-ci ildə həcc ziyarəti üçün tətbiq olunan qaydalara COVID-19-a qarşı peyvənd olunması da əlavə edilib. Nazir bildirib ki, həcc ziyarətinə qatılmaq üçün əsas şərtlərdən biri də koronavirusa qarşı peyvənd olunmaqdır.

Qeyd edək ki, hər il Azərbaycanda həcc ziyarətinə xeyli sayda insan gedir. Ötən il pandemiya səbəbindən həccə getmək istəyənlərin ödədiyi vəsait geri qaytarıldı. Bəs görəsən, bu il Azərbaycandan həcc ziyarətinə getmək mümkün olacaqmı?

Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana kvota ayrılmalıdır: "Hələ ki bununla bağlı Səudiyyə Ərəbistanından bizə bir məlumat daxil olmayıb. Azərbaycana həcc ziyarəti üçün ayrılacaq kvota bəlli deyil. Əgər belə bir müraciət olarsa, biz ictimaiyyətə məlumat verəcəyik".

O ki qaldı Azərbaycandan həccə gedəcək insanların koronavirus əleyhinə vaksin vurdurmasına, Qafqaz Müsəlmanları İdarəsindən bildirdilər ki, indidən bu barədə qəti fikir söyləmək mümkün deyil. Amma həcc ziyarəti üçün tətbiq olunan qaydalarda COVID-19-a qarşı məcburi peyvənd nəzərdə tutulacaqsa, Azərbaycandan gedəcək zəvvarlar da bu tələbə əməl etməlidirlər.

Həcc ziyarətinin qiyməti ilə bağlı da bir məlumat yoxdur. Qafqaz Müsəlmanları İdarəsindən aldığımız məlumata görə, kvota ayrıldıqdan sonra Azərbaycandan nümayəndə Məkkəyə gedərək orada hotellərlə bağlı danışıqlar aparacaq, bundan sonra həcc qiyməti bəlli olacaq. İdarədən ötən il həcc üçün müraciət edənlərin ödədiyi vəsaitin tam şəkildə geri qaytarıldığını da bildirdilər.

İnfeksionistlər isə vaksin vurdurduqdan sonra həccə getməyin təhlükəli olduğunu söyləyirlər. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər il həcc ziyarətinə bir milyondan yuxarı insan gedir. Bu qədər insanın bir yerə toplaşması, sıx təması yoluxma riski yaradır: "Hətta həcc ziyarətinə vaksin tələbi qoyulsa belə, insanlar oraya gedib koronavirusun yeni mutasiya olunmuş formasını gətirə bilərlər. Nəzərə almaq lazımdır ki, koronavirusun bir neçə ştammı var. Həccə isə dünyanın müxtəlif ölkələrindən insanlar gəlirlər.

Bu gün Azərbaycanda virusa görə peyvənd edənlərin sayı 300 min nəfərdir. Ölkəmizdə yaşı 65-dən yuxarı olan insanların sayı isə 700 mindən yuxarıdır. Bu o deməkdir ki, yaşlı əhalinin çoxu peyvənd edilməyib. Həccə gedənlər arasında isə bu kateqoriya üstünlük təşkil edir. Bu gün virusa yoluxmada yaşlı insanlar risk qrupu sayılır. Odur ki, mən vaksin vurduranların belə həcc ziyarətinə getməsini məsləhət görmürəm. Biz peyvəndin nə dərəcədə effektivliyini də tam bilmirik".

Qeyd edək ki, ötən il pandemiya səbəbindən həcc ziyarətində 10 min nəfər iştirak edib. Zəvvarların 30%-i Səudiyyə Ərəbistanı, 70%-i ölkədə yaşayan xarici vətəndaşlar olub. Digər ölkələrdən gələn zəvvarlar həcc ziyarətinə buraxılmayıblar. Xüsusi icazələr xroniki xəstəlikləri olmayan, koronavirusa yoluxmayan, əvvəllər həcc ziyarətində olmayan və karantin müddətinə tab gətirməyə hazır olan 20-50 yaş arası insanlara verilib.

3305
Teqlər:
infeksionist, tələb, pandemiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19, Səudiyyə Ərəbistanı, Mədinə, Məkkə, Həcc ziyarəti, hacı
Rusiyada vaksinasiya, arxiv şəkli

Vaksinasiya prosesində yanlışlığa görə iki həkim işdən çıxarıldı

2
(Yenilənib 15:05 22.04.2021)
Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

BAKI, 22 aprel — Sputnik. "Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

2
Teqlər:
işdən qovulma, həkim, vaksinasiya, vaksin
Bıçaq əlində qadın, arxiv şəkil

Qadın ərini ürəyindən bıçaqlayıb

3
(Yenilənib 14:17 22.04.2021)
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 22 aprel — Sputnik. Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həyat yoldaşı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

3
Putin və Lukaşenko, arxiv şəkli

Putin Lukaşenkonun müzakirə edəcəyi məsələlər açıqlandı

0
(Yenilənib 15:33 22.04.2021)
Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib.

 

BAKI, 22 aprel — Sputnik. Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko Moskvada Belarusa qarşı diversiya planlarının üstünün açılmasını müzakirə edəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar müntəzəm olaraq gündəmdəki məsələləri müzakirə edirlər və hər dəfə məsələlərin sayı azalmır. Bundan əlavə, əlbəttə ki, Belarusda təxribat planlarının açıqlanması ilə bağlı son hadisələrə dair mövcud vəziyyət barədə fikir mübadiləsi aparılacaq", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvlərinin Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idilər.

0