İsinmək üçün çadır

Gecələmək mümkün deyil: qar-çovğunda qalanlar üçün çadırlar necə işləyir - FOTO

83
(Yenilənib 19:39 25.02.2021)
Paytaxtın beş ünvanında quraşdırılan çadırlar sırf hava şəraitində isinməyə ehtiyacı olanlar üçündür. Yatmağa yeri olmayanlar isə başqa quruma yönəldilirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Qar yağanda, çovğun olanda sığınmağa isti evi, isinməyə isti ocağı olanlar o qədər də narahatlıq keçirməsələr də, bu havada müxtəlif səbəblərdən çöldə, şaxtada qalanlar da az olmur. Elə bu səbəbdən də hava şəraiti ilə əlaqədar dünəndən paytaxtın beş məkanında isinməyə ehtiyacı olan vətəndaşlar üçün xüsusi çadırlar quraşdırılıb. Ehtiyacı olan hər kəs çadırda göstərilən xidmətlərdən yararlanaraq, burada isinə, isti çay içə və yemək yeyə bilər. Çadırlar əlverişsiz hava şəraitinin davam etdiyi bütün günlərdə səhər saat 09:00-dan 00:00-dək açqdır. Bu işə nəzarət İcra Hakimiyyətinin əməkdaşları və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) könüllüləri tərəfindən həyata keçirilir.

Sputnik Azərbaycan cəmiyyət tərəfindən təqdir olunan bu işin hansı müddətədək davam edəcəyini, ümumiyyətlə soyuq havalarda nə qədər insanın bu çadırlara, sığınacaqlara müraciət etdiyini araşdırıb.

© Sputnik / Taleh Mahmudov
İsinmək üçün çadır

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, paytaxtın beş ünvanında quraşdırılan çadırlar sırf hava şəraitində isinməyə ehtiyacı olanlar üçündür: "Bu çadırların sahibləri müxtəlif sahibkarlardır. Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarlara bu çadırların quraşdırılması üçün müraciət edib və belə bir çadırı olan sahibkarlara isinməyə ehtiyacı olan insanlara xidmət göstərilməsi üçün vəsait ödənilib. Gün ərzində bu çadırlara müraciət edənlərə çay verilir. Əgər kimsə yemək istəyirsə, onlar iki cür yeməklə təmin olunurlar. Həmin çadırlarda RİİB-nin könüllüləri də nəzarət aparırlar. Müraciət edənlərin sayı ilə bağlı məlumat sonda ictimaiyyətə açıqlanacaq. Çünki bu proses hələ ki, davam edir".

İcra Hakimiyyətindən bildirdilər ki, çadırlarda gecələmək üçün şərait yoxdur. Belə insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdindəki sığınacaqlara yerləşdirilir.

O ki qaldı çadırların hansı müddətədək fəaliyyət göstərməsinə, bildirildi ki, qarlı və şaxtalı hava normallaşan kimi çadırlar söküləcək.

© Sputnik / Taleh Mahmudov
İsinmək üçün çadır

Çadırların hava normallaşdıqdan sonra sökülməsi nəzərdə tutulsa da, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi öz fəaliyyətini hava şəraitindən asılı olmayaraq davam etdirir. Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son üç gündə sığınacağa 8 nəfər qəbul olunub. Onlardan 3 nəfəri dünən qəbul edilib:

"Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar hazırda müəssisə gücləndirilmiş iş rejimində işləyir. Aidiyyəti qurumlardan və vətəndaşlardan müəyyən yaşayış yeri olmayan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslərlə qarşılaşdıqda Sosial Xidmətlər Agentliyinin hər gün və 24 saat fəaliyyət göstərən (012) 550 39 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir. Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar".

M.Həşimov onu da bildirib ki, hava şəraiti kəskinləşəndən sığınacağa 20 zəng daxil olub. Sığınacağa yerləşdirilən şəxslərə gəlincə, M.Həşimov deyir ki, onlar arasında evsizlər, tüfeyli həyat tərzi sürənlər, hətta övladı imtina edənlər də var: "Sığınacağa müraciət edənlər arasında bəziləri var ki, evlərini satıblar. İndi bu səbəbdən də küçədə gecələyirlər. Bəzilərinin isə alkoqol asılılığı var. Aralarında övladları imtina edənlər də var. Son üç gündə sığınacağa qəbul etdiklərimizdən biri övladı imtina edən şəxsdir".

© Sputnik / Taleh Mahmudov
İsinmək üçün çadır

M.Həşimovun sözlərinə görə, sığınacağa gətirilən kimsəsizlər 14 günlük karantin zonasında gündə üç dəfə qidalanma ilə təmin olunur. Onların il ərzində 180 gün sığınacaqda qalmaq hüquqları var:

"Amma biz bu müddət başa çatan kimi onları çıxartmırıq. Çovğun olanda isə heç kəs müddətinin bitməsindən asılı olmayaraq sığınacaqdan çıxardılmır".

Amma həmsöhbətimiz bildirir ki, bununla belə sığınacaqda bir gün qaldıqdan, hava normallaşandan sonra çıxanlar da var: "Biz heç kəsi məcbur sığınacaqda saxlaya bilmərik. Bu həmin şəxslərin azadlığının məhdudlaşdırılması olar. Buna isə qanun yol vermir".

© Sputnik / Taleh Mahmudov
İsinmək üçün çadır

M.Həşimov deyir ki, soyuq günlərdə quraşdırılan çadırlardan onlara müraciət edən olmayıb: "Şəhərdə quraşdırılan çadırların bizim quruma aidiyyəti yoxdur".

Məlumat üçün qeyd edək ki, çadırlar "İnşaatçılar", "Azadlıq prospekti" və "Nəriman Nərimanov" metrostansiyalarının yaxınlığı, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkı və Bakıxanov qəsəbəsi, Sülh küçəsi ərazisində quraşdırılıb. Bu sosial aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib. "Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb.

83
Teqlər:
çay, yemək, qar, soyuq hava, evsizlər, çadır, Bakı, sığınacaq
Mövzu:
Bakı qarın əsarətində (30)

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

557
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

557
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

5
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

5
Kitabın çapı, arxiv şəkli

Füzulidə "Araz" qəzetinin redaksiyası bərpa ediləcək - nazirdən anons

0
(Yenilənib 16:03 12.04.2021)
Anar Kərimov: "Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi".

BAKI, 12 aprel — Sputnik. Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Twitter" hesabında yazıb.

"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.

 

0