Qaz plitəsi, arxiv şəkli

Dəm qazı kabusu: Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin

31
(Yenilənib 01:08 25.02.2021)
"Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Az qala hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il qış mövsümündə xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir. Dəm qazından boğulub dünyasını dəyişənlərin ayrıca statistikası aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda yayılan xəbərlər də təsdiqləyir. Daha 5 nəfər iki gün əvvəl dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan dəm qazından boğulmaların səbəbini araşdırıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dəm qazından zəhərlənmə ilə bağlı 42 müraciət olub. Onlardan 36-sı xəstəxanaya qəbul edilib:

"Fevral ayında bu günədək 16 müraciət daxil olub. Onlardan 12 nəfər xəstəxanaya qəbul olub. Həmin şəxslər arasında iki azyaşlı da var. Amma dəm qazından zəhərlənmə ilə bağlı bizə müraciət edənlər arasında ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dəm qazından boğulmalara daha çox hamam otaqlarında rast gəlinir. Amma şöbə müdiri mənzillərdə də dəm qazı zəhərlənmələrinə rast gəlindiyini söyləyir. A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə bağlı zəhərlənmələrə səbəb qaz cihazının təmiz havaya çıxışı olmamasıdır:

"Dəm qazı o zaman yaranır ki, qaz yanarkən ayrılan tüstünü içəri verir. İnsan yuxulu vəziyyətdə olanda dəm qazını qətiyyən hiss etmir. Ona görə də harada qazla cihaz işləyirsə, mütləq nəzarət altında olmalıdır. Əgər hamamda qaz cihazı varsa, nəfəslik mütləq açıq olmalıdır. Su qızdırıcı cihazlar hamam otağında quraşdırılmamalıdır. Hamamda nəfəslik olmalıdır".

A.Maqsudov bildirir ki, dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır: "Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə, dərhal yorğana bükülməlidir. Çünki həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış aylarında dəm qazından boğulmalarda bütün məsuliyyət vətəndaşların üzərinə atılsa da, bu, yanlışdır:

"Düzdür, insanlar qazdan təhlükəsiz istfadəyə etinasızlıq edirlər. Amma vətəndaşların qazla işləyən cihazlarına texniki baxış keçirilməlidir. Nəzərə almaq lazımdır ki, soyuq günlərdə qazdan istifadə artır. Cihazda yanma prosesi düzgün getmədiyi zaman isə dəm qazı yaranma riski böyükdür. Qaz yandıqda dəm qazı ayrılır. Dəm qazı bayıra xaric olmadığından evdə insanı zəhərləyir. Dəm qazının bayıra xaric olması üçün mütləq boru xəttinin keçdiyi tüstü bacaları təmiz olmalıdır".

N.İbrahimovun sözlərinə görə, dəm qazından boğulmaların əsasən hamamda baş vermə səbəbi qazla işləyən cihazların hamama qoyulmasıdır: "1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Çox vətəndaşlar kombini qutuların içinə qoyurlar. Dəfələrlə maarifləndirmə apararaq bildirmişik ki, qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur".

Həmsöhbətimiz deyir ki, yaşayış binalarında sovet dövründə tüstü bacalarını Daxili İşlər Nazirliyinin nəzdindəki  yanğından mühafizə könüllü cəmiyyət təmizləyirmiş:

"Sonra bu səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı Mənzil İstismar Departamentinə verildi. İndi isə bu işlə hansı qurum məşğul olur, bilinmir".

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, artıq tüstü bacalarının təmizlənməsinə MİS-lər baxmır: "Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir. Bunun üçün özəl xidmət qurumları fəaliyyət göstərir. Mənzil İstismar Sahələri vətəndaşları o şirkətlərlə əlaqələndirə bilər".

Apardığımız araşdırma zamanı tüstü bacalarının təmizlənməsi ilə məşğul olan özəl şirkətlərlə əlaqə saxladıq. "Fire Alarm" şirkətindən bildirdilər ki, bu xidmətin qiyməti binaya yerində baxış keçirildikdən sonra müştəriyə deyilir: "Tüstü bacalarının təmizlənmə qiyməti binanın mərtəbəsindən, mənzilin hansı mərtəbədə yerləşməsindən və tüstü bacalarının qonşuların bacası ilə əlaqəsi olub-olmamasından asılıdır. Yerində baxış üçün qiymət 20 manatdan başlayır. Əgər bacanın qonşularla əlaqəsi varsa, digər qonşular da tüstü bacasını təmizlətməlidir. Bunun qiyməti isə mənzillərin sayı, tüstü bacasına qoşulmalara görə dəyişir".

31
İnsanların kölgəsi, arxiv şəkli

Gecə yarısı qoca qadının əl-ağzını bağlayanların başqa cinayətləri üzə çıxdı

2
(Yenilənib 17:26 15.04.2021)
Balakən rayonu Katex kəndində iki nəfər tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər.

BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

2
Türkiyədə vətəndaşların vaksinasiyası, arxiv şəkli

İnsanları peyvənd olunmağa inandırmaq üçün xüsusi qruplar yaradılır

4
İndiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina etdiyindən Səhiyyə Nazirliyi bunun səbəblərini araşdırmaq qərarına gəlib.

BAKI, 15 aprel — Sputnik. Türkiyədə növbəsi çatsa belə hər dörd nəfərdən biri peyvənd olunmaqdan imtina edir. Artıq ölkənin Səhiyyə Nazirliyi insanları peyvənd vurdurmağa inandırmaq üçün tədbirlər görməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "Haberglobal"-a istinadla məlumat yayıb.

"Peyvənd komandaları yaradılacaq və onların üzvləri ev-ev gəzərək insanların hansı səbəbdən vaksinasiya olunmaq istəmədiklərini araşdıracaqlar", – deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, indiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina edib. Odur ki Səhiyyə Nazirliyi insanların hansı səbəbdən peyvənd olunmaq istəmədiklərini yerində araşdırmaq qərarına gəlib. Ailə həkimlərinin başçılığı ilə bu qruplar ev-ev gəzərək vaksinasiya olunmaq istəməyənləri dilə tutacaq.

Məqsəd vaksinasiya olunanların sayını artırmaqla koronavirusa yoluxma hallarının qarşısını almaqdır.

Qeyd edək ki, iyun ayının sonlarına kimi Türkiyədə 40 yaşdan yuxarı bütün vətəndaşların peyvənd olunması planlaşdırılır.

4