Kombi , arxiv şəkli

"İstiliyin verilməsində hansısa problemin olacağı proqnozlaşdırılmır"

5
(Yenilənib 13:01 24.02.2021)
İstilik təchizatı ilə bağlı yaranacaq hər hansı problemlə əlaqədar olaraq 956 nömrli Çağrı Mərkəzi ilə əlaqə saxlanılması xahiş olunur. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən tabeli qurumlara gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı göstərişlər verilib.

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, hazırda "Azəristiliktəchizat"ın 558 qazanxanası və 90 istilik məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir: "Bizə məxsus istilik mənbələrində hər hansı qəza və ya fövqəladə halın yaranması gözlənilmir".

R.Əliyev deyib ki, "Azəristiliktəchizat" ASC-nin rəhbərliyi tərəfindən bu günlərdə yaşayış binaları və obyektlərdə istiliyə olana tələbatın artacağı nəzərə alınaraq qazanxana və istilik məntəqələrindən verilən istiliyin temperatur qrafikinə uyğun artırılması tapşırılıb: "Nəqliyyat və mexanizmlərin işlək vəziyyətdə saxlanılması, gecə növbəsində çalışanların sayının artırılması, istilik mənbələrindən yarana biləcək hər hansı nasazlığın, yaxud da magistral və məhlədaxili istilik xətlərində, binaların aşağı paylayıcı istilik sistemlərində baş verə biləcək problemlərin operativ aradan qaldırılması üçün aidiyyəti İSİS-ə (İstilik Sistemlərinin İsitsmar Sahələri), qəza-təmir xidmətinə və digər xidmətlərin məsul şəxslərinə xidmət sahələrində növbətçiliyin yaradılması ilə bağlı göstərişlər verilib".

Qeyd edək ki, yaranacaq hər hansı problemlə əlaqədar olaraq 956 nömrli Çağrı Mərkəzi ilə əlaqə saxlanılması xahiş olunur. 

5
Teqlər:
Bakı, qar, təchizat, istilik
Mövzu:
Bakı qarın əsarətində (30)
İnsanların kölgəsi, arxiv şəkli

Gecə yarısı qoca qadının əl-ağzını bağlayanların başqa cinayətləri üzə çıxdı

2
(Yenilənib 17:26 15.04.2021)
Balakən rayonu Katex kəndində iki nəfər tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər.

BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

2
Türkiyədə vətəndaşların vaksinasiyası, arxiv şəkli

İnsanları peyvənd olunmağa inandırmaq üçün xüsusi qruplar yaradılır

4
İndiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina etdiyindən Səhiyyə Nazirliyi bunun səbəblərini araşdırmaq qərarına gəlib.

BAKI, 15 aprel — Sputnik. Türkiyədə növbəsi çatsa belə hər dörd nəfərdən biri peyvənd olunmaqdan imtina edir. Artıq ölkənin Səhiyyə Nazirliyi insanları peyvənd vurdurmağa inandırmaq üçün tədbirlər görməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "Haberglobal"-a istinadla məlumat yayıb.

"Peyvənd komandaları yaradılacaq və onların üzvləri ev-ev gəzərək insanların hansı səbəbdən vaksinasiya olunmaq istəmədiklərini araşdıracaqlar", – deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, indiyə kimi növbəsi çatdığı halda 65 yaşdan yuxarı insanların 23,6 faizi peyvənd olunmaqdan imtina edib. Odur ki Səhiyyə Nazirliyi insanların hansı səbəbdən peyvənd olunmaq istəmədiklərini yerində araşdırmaq qərarına gəlib. Ailə həkimlərinin başçılığı ilə bu qruplar ev-ev gəzərək vaksinasiya olunmaq istəməyənləri dilə tutacaq.

Məqsəd vaksinasiya olunanların sayını artırmaqla koronavirusa yoluxma hallarının qarşısını almaqdır.

Qeyd edək ki, iyun ayının sonlarına kimi Türkiyədə 40 yaşdan yuxarı bütün vətəndaşların peyvənd olunması planlaşdırılır.

4