Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. "Əhali xətləri üzrə ayın 23-də 32 milyon kub metrə yaxın qaz qəbul etmişik".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyib. O bildirib ki, havaların soyuması ilə əlaqədar olaraq qazın verilişində artım olub: "Ötən ilin eyni dövrü, 2020-ci ilin 23 fevral tarixi ilə müqayisə etsək, 6 milyon kubmetr artıq qaz qəbul olunub. Havaların daha soyuq olması ilə laqədar olaraq tələbat böyük olduğundan qazın qəbulunda da artım olub. Fevralın 21-də hava mülayim olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə qazın verilişində 8 milyon kubmetr artım olmuşdu".
"Fevralın 17-dən 21-dək isə gündəlik olaraq qazın verilişində azı 4 milyon kubmetr artım olub", - deyə C.Səfərov bildirib.
Qeyd edək ki, minik avtomobillərinin qaz xətlərinə çırpılması ilə əlaqədar olaraq hazırda bəzi ərazilərin qaz təchizatında problemlər var. Bu səbəbdən mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.
BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.