Qar adamı, arxiv şəkli

Rekord olmasa da üşüyəcəyik - ilin ən soyuq günü gəlir

40
(Yenilənib 17:40 22.02.2021)
Havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi isə meteohəssas insanlar üçün əlverişsiz olacaq.

BAKI, 22 fevral — Sputnik. "Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə, arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir:

"Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq. Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq".

U.Tağıyeva əlavə edib ki, bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir: "Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq".

40
Teqlər:
Umayra Tağıyeva, çovğun, qar, fevral, soyuq, hava şəraiti, hava
Qarabağda qəbiristanlıq, arxiv şəkli

Hərbçilər Şuşada Növrəsli qardaşlarının ulu babalarının qəbrini tapıblar- VİDEO

4
(Yenilənib 16:17 08.03.2021)
Öz yaradıcılıqları ilə Azərbaycanda məşhur olan qardaşlar bildirilbər ki, ilk fürsətdə dövrünün görkəmli şairi olmuş ulu babalarının qəbrini ziyarət edəcəklər.

BAKI, 8 mart — Sputnik. Azərbaycanlı hərbçilər Şuşada məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbrini tapıblar. Növrəs öz yaradıcılıqları ilə məşhur olan azərbaycanlı qardaşların – Şahin, Tərlan, Nurlan və Arslan Növrəslilərin ulu babasıdır.

Bu barədə Sputnik Azərbaycan-a şair Tərlan Növrəsli məlumat verib. Onun sözlərinə görə, qardaşlar şokdadırlar və eyni zamanda şaddırlar ki, ulu babalarının qəbrindən nəsə qalıb.

"Şuşadakı bütün tarixi abidələr, o cümlədən də qəbirlər ermənilər tərəfindən vandalizmə məruz qalıb. Ona görə də bizim orada ulu babamız Mirzə Ələsgər Növrəsin qəbrini tapacağımıza ümidimiz demək olar ki, yox idi. Biz hazırda Şuşada xidmət çəkən hərbçilərimizə minnətdarıq. Onlar məşhur azərbaycanlıların dəfn edildiyi yeri tapıblar, daha doğrusu onlardan nələrinsə qaldığı yeri. Şuşa qəbiristanlığında şair Qasım bəy Zakirin qəbrini tapıblar, onun yanında da bizim ulu babamızın", - deyə Növrəsli bildirib.

Qardaşlar onu da bildiriblər ki, ilk fürsətdə ulu babalarının qəbrini ziyarət edəcəklər.

Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığıncağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə yanaşı, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. O, 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.

Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.

© Photo : Courtesy of Tarlan Novrasli
Məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbri

1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib

1912-ci ildə vəfat edərkən o, Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.

Onun adını daşıyan nəvəsi İqtisad Elmləri namizədi, dosent Növrəs Növrəslidir.

4
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

5
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

5
Teqlər:
intihar, kişi, Bakı