CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanacaq və su bahalaşandan ət ucuzlaşıb, çünki camaatın onu almağa pulu yoxdur - ekspert

© Sputnik / Ilham MustafayevМясо, фото из архива
Мясо, фото из архива  - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Natiq Cəfərli: "Digər xərclər (məsələn, kommunal) artdıqca, ət məhsullarının alınması üçün vəsaitin daha az xərclənməsinin şahidi oluruq. Bu da tələbin azalması, yəni qiymətlərin aşağı düşməsinə səbəb olan amilə çevrilib".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. "Ətin qiymətində kəskin və bütün yerlərdə hiss ediləcək qədər ucuzlaşma yoxdur". Bunu iqtisadçı Natiq Cəfərli Sputnik Azəraycan-a son vaxtlar ətin ucuzlaşması məsələsindən danışarkən deyib.

İqtisadçı bildirib ki, məsələn, iri market şəbəkələrində ucuzlaşma hiss edilmir və qiymətlər dəyişməyib: "Lakin bəzi məhəllə qəssablarında, kiçik dükanlarda ətin qiyməti 50 qəpik-1 manat civarında ucuzlaşıb".

Onun fikrincə, ucuzlaşmanın əsas iki səbəbi ola bilər: "Birinci səbəb alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Əhalinin alıcılıq qabiliyyəti azaldıqca, ətin qiymətində də dəyişiklik olur. Yanvar ayından başlayaraq bir sıra ərzaq məhsullarının qiymətində ciddi artımlar müşahidə edilir. Digər xərclər (məsələn, kommunal) artdıqca, ət məhsullarının alınması üçün vəsaitin daha az xərclənməsinin şahidi oluruq. Bu da tələbin azalması, yəni qiymətlərin aşağı düşməsinə səbəb olan amilə çevrilib. İkinci səbəb xaricdən ət idxalının artması ilə bağlı ola bilər. Son 3 ildə ət idxalının artması tendensiyası davam edir. Həmin ətlər birbaşa bazara çıxarılmasa da, lakin ətdən istifadə edilən sahələrə yönəldilir. Ona görə yerli ətlərin həmin istiqamətlərə yönəlməsi azalır. Bu da məhsulun bolluğuna səbəb olan amilə çevrilir".

"Bir müddət iri market şəbəkələrində ətin qiyməti sabit qala bilər. Lakin burada da alıcılıq qabiliyyəti, yəni satışın həcmi aşağı düşdükcə, qiymətlərdə endirimə getməyə məcbur olacaqlar. Əgər bu tendensiya kiçik dükanlarda davam etsə, iri marketlər də məcburən qiyməti aşağı salacaqlar", - deyə o qeyd edib.

"Dizelin bahalaşması ətin qiymətinə təsir edəcəkmi?" sualına ekspert belə cavab verib: "Əsasən yemlər daşınarkən dizel yanacağından istifadə olunur. Müəyyən dərəcədə dizelin bahalaşmasının məhsulun maya dəyərinə təsiri olacaq. Hələlik logistikada müəyyən təsirləri var, amma əkin-biçinə təsiri təxminən mart ayından sonra daha çox hiss olunacaq. O zaman yemin qiymətində dəyişiklik ola bilər, hətta artım da mümkündür. Beləcə, ətin qiymətinin aşağı düşməsi tendensiyası dayana bilər. Lakin ən azından mart ayınadək ətin ucuzlaşmasının davam etməsi mümkündür".

Xəbər lenti
0