Oyuncaq, arxiv şəkli

Cəzasızlığın ayaq səsləri - Cəmiyyətdə pedofiliya sevgisi formalaşır

40
(Yenilənib 21:24 19.02.2021)
"Təəssüf hissi ilə deyim ki, qanunları əzənlər arasında elə məmurlar da var. Baxın, bizə daxil olan şikayət əsasında məlum oldu ki, 16 yaşında ana olan qadının qaynatası Ağstafada icra nümayəndəliyində çalışır"

BAKI, 19 fevral — Sputnik. "Erkən nikahlar cəmiyyətimizin böyük fəlakətinə çevrilib. O, bizim dünənimizdə, bu günümüzdə olsa da, gəlin onu sabaha saxlamayaq. Bu gün erkən nikahın tərəfdarı olanlar arasında bizim nəsildən olanlar, bizim nəslimizdən öncəki nəsildən olanlar, o cümlədən gənc nəslin nümayəndələri də var.

 Artıq cəmiyyətimizdə pedofiliya sevgisi formalaşıb". Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bu gün Sputnik Azərbaycan-da "Erkən nikahla mübarizə üçün nə etməli?" mövzusunda canlı yayımda danışarkən deyib.

K.Ağazadə bir müddət öncə Gürcüstanda yaşayan azərbaycanlı ailənin öz azyaşlı qızını 15 yaşlı oğlanla nişanlaması hadisəsinə də münasibət bildirib: "Gürcüstanda baş verən hadisə ilə bağlı mənə o kənddən də zənglər gəldi. Həmin qızın təhsil aldığı məktəbin direktoru da zəng vurmuşdu. Məlum oldu ki, qız 8-ci sinifdə oxuyurmuş. Bir sözlə, məsələyə dərhal reaksiya verilsə də, valideynlər cəzasız qaldılar. Nəyə görə?! Çünki bu mərasimin nişan, adqoydu olduğunu deyərək cəzasız qaldılar. İnanın, bu gün biz qızları erkən nikaha sövq etməklə nə qədər qızcığazın çiyninə böyük yük, içinə bir qadın, ana qoyuruq, artıq onun bətnini formalaşdırırıq".

K.Ağazadə övladlarının hüquqlarını əlindən alan, erkən yaşda ailə qurmaq, ana olmağın nə olduğunu anlamayan qızcığazlara qarşı bu cür rəftar edən valideynlərlə bağlı qanunvericilikdə müəyyən sərtləşmələrin olmasının tərəfdarıdır:

"Valideynlər "nişandır, adqoydudur" deyib məsuliyyətdən yayınırlar. Biz bunun da qarşısını almalıyıq. Qanunvericiliyə müəyyən bəndlər əlavə etməliyik ki, sabah erkən nikahı nişan, adqoydu adlandıranlar belə məsuliyyətlərinin yarandıqlarından xəbərdar olsunlar. Belə olan halda biz onların qarşısına qanunu qoyacağıq və valideyn biləcək ki, bu etdiyinə görə azı 3-4 min manat dəyərində cərimələnəcək".

Birlik sədri erkən yaşlarda qızlarını ərə vermək istəyən, davamlı olaraq qızlarına bunu aşılayan valideynlərin həm də psixoloji zorakılığa səbəbkar olduqlarını deyir: "Biz bu mövzudan danışarkən psixoloji zorakılığı unutmamalıyıq. Axı bu qızcığazlar hələ də kuklalarını sevirlər, onları geydirməkdən, bəzəməkdən zövq alırlar.

 Nə qədər bu qızların qulaqlarının dibində "filankəs ərə getdi, sən qaldın", yaxud da, "at o kuklanı bir qırağa, sənin ərə gedən yaşındır" ifadələri səsləndirilir. Valideynlərdən niyə qızlarını erkən nikaha sövq etdiyini soruşduqda isə "nə edək, bu bizim kəndimizin adətidir" deyirlər. Biz nə qədər ki ənənələri şah bilsək, qanunlarımız əziləcək, özümüz əziləcəyik. Amma təəssüf hissi ilə deyim ki, qanunları əzənlər arasında elə məmurlar da var. Baxın, bizə daxil olan şikayət əsasında məlum oldu ki, 16 yaşında ana olan qadının qaynatası Ağstafada icra nümayəndəliyində çalışır. Qız isə "könüllü cinsi münasibətə girmişəm" deyir. Mənə nə qədər gənc qadınlar müraciət edirlər, hansı ki, onlar müxtəlif xəstəliklərdən, o cümlədən də döş xərçəngi və xərçəngin digər növlərindən əziyyət çəkirlər. Araşdıranda bəlli olur ki, onlar da erkən yaşlarda ərə veriliblər".

"Çox istərdim ki, Azərbaycanda icra hakimiyyətləri yanındakı komissiyalar erkən nikahla bağlı məsələləri araşdırsınlar, onlar mütəmadi işlər aparsınlar, həssas qrupları araşdırıb ortaya çıxarsınlar. Bilirsiniz, bu kimi arzuolunmaz hadisələrdən xəbərdar olanlar əksər hallarda anonimliyinin qorunmamasından narahat olurlar. Onlar deyirlər ki, biz sizə inanırıq ki, anonimliyi qoruyacaqsınız, amma dindirən şəxs bunu etməyəcək axı. Baxın, bunun da bir mexanizmini işləyib hazırlamalıyıq", - deyə K.Ağazadə əlavə edib.

K.Ağazadə canlı yayımda günümüzün digər aktual məsələlərinə də toxunub:

"Bu gün erkən nikah günümüzün əsas bəlasıdır. Amma digər problem də var. Baxın, erkən nikaha sövq edilən qızlarla yanaşı, hicablı ailədə böyüyən qızların da seçimləri yoxdur. Mən qızlarını erkən nikaha sövq edənlərlə erkən yaşda qızına hicab bağlatdıranları bərabər tuturam".
40
Teqlər:
uşaqlar, valideyn, hüquq, qızlar, erkən nikah
Üç bacı dolması

"Washington Post" Azərbaycan mətbəxindən yazdı

2
(Yenilənib 19:07 27.02.2021)
Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir

BAKI, 27 fevral — Sputnik. "Washington Post" qəzeti ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən "Şərbət" şirniyyat evindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixçəsi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya da vurulduğu bildirilir. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən xeyli fərqləndirdiyi qeyd olunur.

© Sputnik / Ilham Mustafa / Səbinə Əsədova

Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir. Bundan əlavə, Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir, onların nəfis şəkilləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu, özünü nüfuzlu mətbu orqanlarda ölkəmizin mətbəxinə həsr olunan guşələrdən də göstərməkdədir. "Şərbət" şirniyyat evi qısa müddətdə açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanıb.

 

2
Teqlər:
məqalə, "The Washington Post", ABŞ, Azərbaycan mətbəxi, Azərbaycan
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə üçün mənzillər

Bu il evlə təmin olunacaq şəhid ailəsi müharibə əlillərinin sayı açıqlandı

2
(Yenilənib 18:56 27.02.2021)
"Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar”

BAKI, 27 fevral — Sputnik. Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

O bildirib ki, bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

Nazir qeyd edib ki, Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir: "Həmin tədbirdə çıxışında Prezident İlham Əliyev ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verildiyini diqqətə çatdırdı. Dövlət başçısı "Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqət ilə əhatə olunacaqlar" deyə bəyan etdi".

İlham Əliyev Bakının Ramana qəsəbəsində mənzillərin təqdim olunması mərasimində
© Official website of President of Azerbaijan Republic

S.Babayev yeni açılan 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatının önəmini qeyd edib: "Ölkə Prezidentinin bildirdiyi kimi: "Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək". Ümumilikdə dövlət başçısının tapşırığı əsasında son illərdə qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı üçün xüsusi önəm kəsb edir".

Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq.

"Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları"nın, "Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu"nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.

2
Teqlər:
təminat, mənzil, qazi, şəhid ailələri