Kişi dollarları gizlədir, arxiv şəkli

Dövlətin cibini sökməyin yolu asanmış - "Heç kim məlumat yerləşdirmir"

124
(Yenilənib 17:56 18.02.2021)
Ekspertlər hesab edirlər ki, əsas korrupsiya fəaliyyətləri dövlət satınalmaları prosesində baş tutur

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bir sıra dövlət şirkətlərinin bugünkü fəaliyyəti günün tələblərinə uyğun deyil, bəzi hallarda isə idarəetmənin effektivliyi aşağıdır. Nazir deyib ki, dövlət şirkətləri büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, zərərlə çalışırlar.

Əslində, iqtisadiyyat nazirinin dövlət şirkətlərinin fəaliyyəti haqqında söylədikləri bu gün ortaya çıxmış həqiqət deyil. 2019-cu ilin nəticələrinə görə, ölkədə ən böyük zərərlə işləyən dövlət şirkətləri “Azərbaycan Dəmir Yolları” QSC və “Azərsu” ASC-dir. Yetərincə subsidiyalar ayrılmasına, kreditlər verilməsinə rəğmən dövlət şirkətləri zərərlə çalışıb, dövlətə yük olmağa davam edirlər. Bu şirkətlərin zərərlə işləməsinin yükünü isə həm də vətəndaş çəkir. Dövlət şirkətlərinin zərərlə işləməsi adiləşsə də, zərərin səbəbləri aktuallığını qoruyur. Hüquqşünasların fikrincə, dövlət şirkətlərinin zərərlə fəaliyyətinin əsas səbəbi qeyri-effektiv idarəetmə sisteminin qurulmasıdır və bu sistem korrupsiya fəaliyyətinə geniş imkanlar açır.

Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir: “Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi rüşvət və dələduzluğa görə həbs edilib>>

Hüquqşünas Əkrəm Həsənov da dövlət şirkətlərindəki problemlər, xüsusən də korrupsiyaya şərait yaradan hallarla bağlı fikirlərini bölüşüb.

Hüquqşünas deyir ki, dövlət şirkətləri üzərində vahid nəzarətin olmaması korrupsiyaya yol açır: “Hər şirkət özü üçün bir qayda müəyyən edib, elə də fəaliyyət göstərir. Qeyd etmək istərdim ki, əsas korrupsiya fəaliyyətləri dövlət satınalmaları prosesində baş tutur. Ehtimallar var ki, bu satınalmalar zamanı şişirdilmiş qiymətlər göstərilir, zəruri ehtiyac duyulmayan xidmətlər üçün xərclər çəkilir. Bəzi iddialar var ki, satınalmanın qalibi olan şirkətlər dövlət şirkətlərinə yaxınlığına görə seçilir. İndi isə İnvestisiya Holdinqi yaradılıb. Düşünürəm ki, bundan sonra dövlət şirkətlərində korrupsiya hallarına yol verməmək üçün vahid yanaşma olacaq”.

""Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununa riayət etmək lazımdır. Bu qanunda da göstərilib ki, satınalma həyata keçirmək istəyən dövlət şirkəti cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və dövlət satınalmalarının vahid internet portalında yerləşdirməlidir. Ancaq biz bu gün həmin internet portalına baxsaq, əksər dövlət şirkətlərinin bu məlumatları yerləşdirmədiyini görəcəyik. İqtisadiyyat Nazirliyi doğru yoldadır ki, belə halları ifşa edir”, – deyə o bildirib.
124
Teqlər:
idarəçilik sistemi, dövlət, korrupsiya
Gülsurə İbadova

Kişilərlə yarışa girib: "Beş yüz min manatlıq maşından əvvəl ehtiyat edirdim" - FOTO

30
(Yenilənib 17:00 08.03.2021)
Üç qız, üç oğul anası olan Gülsurə İbadovaya həyat yoldaşı və ailəsi dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Hər gün sübh tezdən yuxudan oyanır. Həyət-bacada işlərini sahmana salıb, tarlaya yollanır. Texnikanın hər tərəfini yoxlayır, sazlığına əmin olandan sonra kombaynı işə salır. Düz otuz ildən çoxdur ki, kombaynçı işləyən pambıqçı-mexanizator Gülsurə İbadovanın günü belə başlayır. 16 yaşından kombayn sürücüsü işləyən bu qadın 60 yaşı olmasına baxmayaraq, bu gün də işinin başındadır. Sputnik Azərbaycan bir çox kişinin bacarmadığı ağır işin ödəsindən ustalıqla gələn zərif cinsin nümayəndəsini oxucularına təqdim edir. 

Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib bir il Texniki Peşə məktəbində təhsil aldıqdan sonra pambıqçılıq sahəsində işə başlayır. Ona köməkçi kimi işləmək tövsiyə olunsa da, G.İbadova Sevil Qazıyevanın başına gələnlərdən sonra buna razı olmur. Özünün dediyinə görə, pambıq sahəsində işə becərmədən başlayır. Sonra ona sürmək üçün traktor verirlər. Elə həmin ilin avqust ayında yeni pambıqdərən kombayn idarə edir. Sovet dövründə qabaqcıl sürücü-mexanik kimi dəfələrlə mükafatlara layiq görülür. Hətta Ulu öndər Heydər Əliyevlə də görüşərək ondan mükafat alır. Həmin illəri xatırlayan Gülsurə İbadova Heydər Əliyevin onun saçına sığal çəkərək tövsiyə verdiyini də unutmayıb: "Mənim uzun saçım vardı. Heydər Əliyev saçıma sığal çəkib mənə dedi ki, pambıq yığanda mütləq saçımı yığım. O mənə Sevil Qazıyevanın başına gələnləri xatırlatdı".

© Photo : Courtesy of Gyulsura Ibadova
Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib

Sovetlər Birliyi dağıldıqdan sonra bir müddət bələdiyyədə çalışan G.İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir. Həmsöhbətimiz deyir ki, Şirvan Şəhər Kənd Təsərrüfatı İdarəsi ona rayona gələn yeni kombaynı sürməyi təklif edir. G.İbadova Kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bu istəyini səsləndirir. Nazirin tapşırığı ilə ona yeni gətirilən pambıqdərən kombaynı idarə etmək həvalə olunur. G.İbadova nazirin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısından da ağızdolusu danışır.

Yeni pambıqdərən kombaynın sovet dövründəki kombayndan fərqli olduğunu söyləyən G.İbadova çətin olsa da, bu işin də öhdəsindən gəlir:

"Yeni kombaynı idarə etmək üçün sürücülük vəsiqəm köhnə idi. Bu kombaynı sürmək üçün imtahandan keçib 5 kateqoriyalı sürücülük vəsiqəsi aldım. Kombaynı Şirvandan sürüb Sabirabada gətirdim. Əlbəttə ki, bu  texnika müasir olduğundan, sovet dövründəki kombayndan çox fərqlənir. Bu texnikanın 17 ton ağırlığı var. 500 min manat qiyməti olan texnikanı idarə edəndə əvvəlcə ehtiyat edirdim. Hətta iki gün idi işə çıxmışdım ki, kombaynda şlanq partladı.

Yoldaşım çilingər olduğundan mayenin axmaması üçün "salnik" (kipgəc) qoydu. Kombaynı sürüb Məmişlər kəndinə getdim. Oraya çatmışdım, yenə problem yarandı. Texniki dəstək üçün mühəndisə müraciət etdim. O bildirdi ki, xamutu açıb boşaltmaq lazımdır. Bundan sonra  bəzi xırda detalları özüm bağlamağı öyrəndim. Amma sovet kombaynını sıfırdan - mühərrikinə qədər - özüm yığa bilirdim. Bu kombayn bahalı olduğu üçün problem olanda əlimi vurmağa çəkinirəm. Problem yarananda servisə zəng edirik, gəlib həll edir. Amma yeni kombaynlarda hələ ki ciddi problem yaranmayıb".

© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova

Həmsöhbətimiz deyir ki, sovet dövründəki kombaynlarda yerə şeh düşən kimi pambıqdərənin "şpindeli" (oxu) tutulurdu: "Amma yeni kombaynlar şampunla özü yuyub-təmizlədiyi üçün problem yaranmır".

İşinin incəliklərindən danışan G.İbadova bununla belə, şeh olanda pambıq yığımının çətin olduğunu söyləyir: "Sentyabrın sonuna qədər şeh olmur. Biz o vaxtdan səmərəli istifadə edirik. Elə vaxt olub ki, bir həftə evə getməmişəm. Gecə-gündüz pambıq yığmışam. Elə şam yeməyimizi də sahədə yemişik. Yuxusuz işləmək çətin olsa da, pambıq mövsümündə bu əziyyətə qatlaşmalısan. Çünki sentyabrın sonunda bəzən yağışlar yağmağa başlayır. İnsanların əməyi itməsin deyə biz çalışırıq ki, sahələrdə məhsulu yağış yağanadək yığıb qurtaraq".
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Heydər Əliyev Gülsurə İbadovaya mükafat verib
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
1 / 4
© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova kollektivlə

Çox məhsul yığımının onların qazancına da təsir etdiyini söyləyən G.İbadova  sentyabrın 13-dən noyabrın sonuna qədər 380 hektardan pambıq yığdığını, 2600 manata qədər pul qazandığını söyləyir: "Pambıq əsasən yayda yığılır. Saat 6-da yuxudan durub, evdə işləri sahmana salıb, "VAZ 2106" ilə "Aqroservis"ə gedirəm. Pambıqdərənin yağına, mühərrikinə baxıb, avtoyuyucuda aparatını  yuyub-təmizləyirəm. Sonra hansı sahəyə göndərirlərsə, oraya gedirəm. Son illər pambıq istehsalında məhsuldarlıq artıb. Elə vaxt olub ki, 80 hektar sahədən 300 ton pambıq yığmışıq. Bir həftə ərzində bu işə üç kombayn cəlb olunub. Məhsulun çoxluğu həm də bizim qazancımıza təsir edir".

© Photo : Courtesy of Gyulsura Ibadova
İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir

G.İbadova bildirir ki, pambıq yığımından qazandığı pulu ailəsinə xərcləyir. Üç qız, üç oğul anası olan G.İbadovaya həyat yoldaşı və ailəsi də dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib: "Yoldaşım narşərab zavodunda çilingər işləyirdi.  Qohumluğumuz olsa da sevib ailə qurmuşuq. Hər ikimiz torpağa bağlı, zəhmətsevər insanlarıq. Övladlarımızı da belə tərbiyə etmişik".

G.İbadova 60 yaşında kombayn sürməyin heç də çətin olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, bu yaşda işləmək  ona zövq verir. "İş adamı gümrah saxlayır. Bəlkə, elə mənim gümrah qalmağımın səbəbi işimdir", - deyir kombaynçı müsahibimiz.

30
Teqlər:
müsahibə, sürücü, pambıq, kombayn, qadın
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayında azalma, ölüm sayında artım baş verib

183
(Yenilənib 18:21 08.03.2021)
İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

BAKI, 8 mart - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

183
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, yoluxma, pandemiya, Koronavirus, COVID-19