CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağçalar valideynləri təbəqəyə böldü: "Nənəsinə tapşırın" - REPORTAJ

© Sputnik / Zulfiyya GuluyevaUşaq bağçasından reportaj
Uşaq bağçasından reportaj - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
"Biz onlarla profilaktik söhbət apararaq bildirmişik ki, pandemiya dövründə qruplarda uşaq sayı 10-dan artıq ola bilməz" - bağça müdiri

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Bu gündən etibarən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyətini bərpa edib. Paytaxtdakı uşaq bağçalarında hər zaman sıxlıq olduğundan, pandemiya dövründə məktəbəqədər təhsil müəssisələrinin necə fəaliyyət göstərəcəyi, hər qrupda maksimum neçə uşağın olacağı maraq doğurur.

Sputnik Azərbaycan pandemiya dövründə bağçaların necə fəaliyyət göstərdiyini araşdırıb.

Elə bu məqsədlə yolumuzu Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçasından salırıq.

Bağçanın direktoru Rəna İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, məktəbəqədər təhsil müəssisəsində 7 qrup var. Pandemiyadan əvvəl bağçaya gələn uşaqların sayı 135 nəfər olubsa, bu gün bu rəqəm 47-yə enib. R.İbrahimovanın sözlərinə görə, bağçaya gələn uşaqların sayının azaldılmasının səbəbi məhz yoluxma riskini aşağı salmaq məqsədidir: "Pandemiyadan əvvəl hər qrupda 20 uşaq vardısa, bu gün hər qrupda 10 uşaqdan artıq ola bilməz. Valideynlərlə əlaqə saxlayaraq onlara əvvəlcədən məlumat vermişik ki, qruplarda uşaq sayı azaldılacaq. Hansı valideyn işləmirsə, uşağa evdə nəzarət etməyə nənəsi varsa, onlara uşaqlarını bağçaya gətirməmək tövsiyə olunub.

Biz onlarla profilaktik söhbət apararaq bildirmişik ki, onların uşaqlarını bağçadan çıxartmağa heç kəsin icazəsi yoxdur. Sadəcə olaraq pandemiya dövründə qruplarda uşaq sayı 10-dan artıq ola bilməz. Ona görə də əsasən işləmək məcburiyyətində olan, evdə uşağına nəzarət etməyə yaxını olmayan valideynlərə uşaqlarını bağçaya qoymağı tövsiyə etmişik. Bununla belə, əgər hansısa valideyn uşağını bağçaya gətirərsə, qrupda uşaq sayı 10-u keçərsə, biz həmin uşaqları uşaq sayı az olan qruplara bölməyi nəzərdə tutmuşuq.

Amma bu günə belə bir problem yaranmayıb. Qruplarda uşaq sayı 10 nəfərə ancaq çatır. Bəzi valideynlərin özləri də uşağı bağçaya göndərməyə risk etmirlər".

© Sputnik / Zulfiyya Guluyeva"Turac" körpələr evi-uşaq bağçasının direktoru Rəna İbrahimova
Bağçalar valideynləri təbəqəyə böldü: Nənəsinə tapşırın - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 15.02.2021
"Turac" körpələr evi-uşaq bağçasının direktoru Rəna İbrahimova

Bağça müdiri müəssisədə uşaqların virusa yoluxmasının qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü söyləyir. Onun sözlərinə görə, bağçanın qapısından içəri heç bir valideyn buraxılmır: "Uşaqların temperaturu qapıda yoxlanılır, valideynlərdən alınaraq tərbiyəçilər tərəfindən üst geyimləri çıxarılır, ayaqqabıları dəyişdirilir. Bağçada iki saatdan bir tibb bacısı uşaqların temperaturunu yoxlayacaq. Uşaqlar üçün izolyasiya kabinetləri ayrılıb. Əgər hansısa uşağın bağçada səhhətində narahatlıq olarsa, həmin uşaq izolyasiya otağına aparılacaq".

Bağça müdiri uşaqlar maska taxmasalar da, bağçada bütün əməkdaşların tibbi maskadan, baxıldan istifadə etdiyini söylədi. Onun sözlərinə görə, uşaqların otaqlarının gündə iki dəfə havalandırılması nəzərdə tutulur.

Bağçada bu gün uşaq sayının azlığını direktor körpələrin və məktəbəhazırlıq yaşlı uşaqların az gəlməsi ilə əlaqəli olduğunu bildirdi.

O ki qaldı bağçaya gələn uşaqların oyuncaqlarla oynamasına, direktor tüklü oyuncaqlarla oynamağa qəti icazə verilmədiyini, digər oyuncaqların isə çay sodası ilə təmizləndiyini söylədi.

Bağçalarda virusa yoluxmanın qarşısını almaq üçün tədbirlər görüldüyü bildirilsə də, valideynlərin çoxu uşaqlarını ehtiyat etdikləri üçün bağçaya göndərmədiklərini söyləyirlər.

Övladı 339 saylı körpələr evi-uşaq bağçasında tərbiyə alan valideyn Venera Məmmədova üç övladından ikisinin bağçaya getdiyini, pandemiya dövründən uşaqları bağçaya göndərmədiyini söyləyir. Onun sözlərinə görə, bağçanın "Whatsapp" qrupuna bu gündən bağçanın fəaliyyət göstərdiyi barədə məlumat göndərilsə də, virusdan ehtiyat etdiyindən uşaqlarını bağçaya göndərməyib.

© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonunda yerləşən Turac körpələr evi-uşaq bağçası - Sputnik Azərbaycan
1/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonunda yerləşən Turac körpələr evi-uşaq bağçası - Sputnik Azərbaycan
2/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonunda yerləşən Turac körpələr evi-uşaq bağçası - Sputnik Azərbaycan
3/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
© Sputnik / Zulfiyya Guluyeva
Səbail rayonunda yerləşən Turac körpələr evi-uşaq bağçası - Sputnik Azərbaycan
4/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
1/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
2/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
3/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
4/4
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası

İşləyən valideynlər isə bağçaların açılmasını səbirsizliklə gözlədiklərindən elə ilk gündən uşaqlarını bağçaya qoyduqlarını söyləyirlər. Fərizə Salmanova adlı valideyn bildirir ki, övladını səhər 86 saylı bağçaya qoyub, özü isə işə gedir. Valideyn pandemiya dövründə bağçaların bağlı qalmasının ən çox işləyən anaları çətin durumda qoyduğunu söyləyir: "Mən bağçaların fəaliyyəti dayandırılandan uşağı elə uşaqlara, öz əmisi qızlarına tapşırıb işə gedirdim. Çünki başqa çarəm də yox idi. Bağçaların fəaliyyətinin bərpa edilməsinə, bəlkə də ən çox sevinən işləyən analardır. İşdə müdiriyyəti başa salmaq olmur ki, uşağa baxan yoxdur. Bağça təhlükəsiz və rahatdır".

Qeyd edək ki, bağçaların fəaliyyətini dayandırmasından azyaşlı övladı olan müəllimlər də narazı idilər. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu mətbuata açıqlamasında bildirmişdi ki, işləyən müəllimlər fevralın 1-dən ənənəvi dərslər bərpa olunduğundan məktəbə gəlməli olsalar da, bağçaların işləməməsi onların işini çətinləşdirib. Odur ki, övladı azyaşlı olan müəllimlər bağçaların fəaliyyətinin bərpa olunmamasından əziyyət çəkirdilər.

Bu gündən özəl bağçalar da fəaliyyətə başlayıb. Əlaqə saxladığımız uşaq bağçalarından bildirdilər ki, qruplarda uşaq sayı 5-6 olsa da, onlar fəaliyyət göstərirlər.

© Sputnik / Zulfiyya GuluyevaSəbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası
Bağçalar valideynləri təbəqəyə böldü: Nənəsinə tapşırın - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Səbail rayonunda yerləşən "Turac" körpələr evi-uşaq bağçası

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, İdarənin tabeliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarətölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. Bağçaların oyun, yataq və digər otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Təlimata görə, mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar artıq qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.

Paytaxtın uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Xəbər lenti
0