Avtomobil moykası, arxiv şəkli

Avtoyumada qiymətlər artıb, amma "günah" tək suda deyil

1894
(Yenilənib 11:57 15.02.2021)
Hazırda sedan avtomobilləri 8, SUV avtomobilləri 10, 7 oturacaq yeri olan avtomobillər isə 12 manata yuyulur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Paytaxtda bəzi avtoyuma məntəqələrində qiymətlər bahalaşıb. Məlumatlara görə, qiymətlər sedan və SUV avtomobillərinə görə dəyişir. Sosial şəbəkələrdə avtoyuma məntəqələrində qiymətlərin suyun qiymət artımından sonra baş verdiyi bildirilsə də, avtoyuma məntəqələrində bahalaşmanın səbəbi başqa amillərlə izah edilir.

Sputnik Azərbaycan-a paytaxtın Yasamal rayonu ərazisində avtoyuma məntəqəsinin yuyucusu bildirib ki, qiymət 2 manat civarında bahalaşıb.

© Sputnik / Zulfiyya Guluyeva
Avtomobil yuma məntəqəsi

Rüfət Orucov adlı yuyucu bildirib ki, qiymətlər suyun qiymətində bahalaşmadan sonra artsa da, səbəb əslində bu deyil: "Hazırda sedan avtomobilləri 8 manata yuyuruq. Əvvəl isə bu qiymət 6 manat idi. SUV avtomobilləri isə 10 manata yuyuruq. Əvvəl qiymət 8 manat idi".

R.Orucov deyir ki, qiymətdə bahalaşmanın səbəbi bazardakı qiymət artımıdır: "Qeyri-əhali abonentləri üçün suyun qiyməti bahalaşmayıb. Amma biz qiyməti həm də suyun qiyməti artdığı üçün artırmışıq. Biz evdə işlətdiyimiz suya görə artıq pul ödəməli oluruq. Bazarda isə bütün ərzağın qiyməti bahalaşıb. Biz də qiyməti artırmalıyıq ki, dolana bilək".

© Sputnik / Zulfiyya Guluyeva
Avtomobil yuma məntəqəsi

Digər avtoyuma məntəqələrində də qiymət artımının 2-3 manat arasında dəyişdiyini bildirdilər. Avtoyuma məntəqələrində çalışan yuyucular bildirdilər ki, ölkədə ümumi bahalaşma fonunda avtoyuma qiymətləri də bahalaşıb.

Həmsöhbət olduğumuz avtomobil yuyucuları bildirdilər ki, hazırda sedan avtomobilləri 8, SUV avtomobillər 10, 7 oturacaq yeri olan avtomobillər isə 12 manata yuyulur.

Amma qiyməti bahalaşdırmayan avtoyuma məntəqələri də var. Onlar deyirlər ki, bazarda bahalaşma qiyməti artırmağa əsas versə də, onlar öz müştərilərini itirməmək üçün qiyməti qaldırmırlar: "Biz elə əvvəldən suyun bir kubuna 1 manat ödəyirik. 1 manat isə tullantı sularının axıdılmasına görə ödənilir. Bizim üçün heç nə dəyişməyib. Amma bazarda bütün məhsulların qiyməti artıb. Təkcə avtoyumada qiymət bahalaşmayıb. Avtotəmir yerlərində də, digər xidmətlərdə də bahalaşma var".

1894
Teqlər:
Tarif Şurası, Bakı, qiymət artımı, qiymət, yuma, avtomobil
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

12
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

12
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı
Xocalı qurbanlarının anım mərasimi, arxiv şəkli

"Xocalı fəryadı" ingiliscə səsləndi - VİDEO

13
Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan "Xocalı fəryadı" adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

"Xocalı fəryadı" layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

13
Teqlər:
video, Xocalı soyqırımı