Əsgərovlar ailəsinin yaşadığı ev

Doğmalarını itirən Gəncə sakini: "Orada on dörd əzizimiz həlak olub, yeddisi uşaqdır"

418
(Yenilənib 13:02 14.02.2021)
Silduz Əsgərova dəhşətli gecədə həyat yoldaşını, 2 övladını, 2 nəvəsini itirib. Özü isə dağntılar altında qalaraq ağır xəsarət alıb: "Böyük övladımın "kömək elə ata" sözləri, qonşunun qışqırtısından sonra artıq evimizin səmtini belə tapa bilmədim".

Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 14 fevral - Sputnik. Gəncə şəhəri Muxtar Hacıyev, ev 18 ünvanında Əsgərovlar ailəsi yaşayırdı. O vaxta qədər ki, ermənilər ikinci böyük şəhərimizi raket atəşinə tutmamışdı. 17 oktyabr gecəsi bu ailədə faciə yaşandı, ata Suliddin Əsgərov, qardaş Bəxtiyar Əsgərov, bacı Sevil Əsgərova, onun 10 aylıq qızı Narin və böyük bacının 15 yaşlı qızı Nigar dağıntılar altda can verdilər. Rövşən Əsgərov həmin dəhşətli gecəni xatırladıqca, adamın ürəyi sızlayır.

O, Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində gecə yuxudan dağıntılar altında oyandığını deyib:

"Böyük övladımın "kömək elə ata" sözləri, qonşunun qışqırtısından sonra artıq evimizin səmtini belə tapa bilmədim. 72 yaşlı atamı, 40 yaşlı qardaşımı, 38 yaşlı bacımı, 10 aylıq və 15 yaşlı bacım qızlarını itirdim bir gecədə. Çox dəhşətli faciədir. Hadisə baş verməzdən əvvəl kiçik oğlum, həyat yoldaşım, bacım, qardaşımın həyat yoldaşı və 2 uşağı Şəmkirin Dəllər Cəyir kəndinə getmişdi. Raket atılan vaxtı evdə 8 nəfər olmuşuq. Anam, mən və böyük oğlum xəsarət aldıq, 5 nəfər isə dağıntılar altında qalıb məhv oldular. Hadisədən sonra 3-4 gün əmimgildə qaldıq. Sonra bizi yerləşdirdilər Aqrar Universitetin 1 saylı yataqxanasına".

© Sputnik / Rahim Mammadov
Əsgərovlar ailəsinin üzvü

Rövşən Əsgərovgil hazırda orada yaşayırlar. Onun sözlərinə gröə, dağılmış evlərlə bağlı layihə verilib, yaxında tikintiyə başlayacaqlar:

"Evimiz beşotaqlı idi. Yeni tikilən üçotaqlı və ikiotaqlı olacaq. Həmin gecə oğlum da xəsarət almışdı, hazırda müalicələri davam edir. Heydər Əliyev Fondunun dəstəyi ilə. Deyirlər, 3-cü əməliyyatdan sonra ola bilsin, əli açılsın. Hələ ki, gözləyirik, ümid edirik. Həmin vaxt anam da xəsarət almışdı, 2 ay yataqda yatdı. Şükür indi yaxşıdı. Düzdü itirdiklərimizi qaytara bilmərik. Amma mən istərdim ki, o dağılan evlərin yerində bir abidə ucaldılsın. Orada 14 nəfər əzizimiz rəhmətə gedib. Həmin adamların da 7 nəfəri uşaqdır. İstərdik ki, bizi başqa yerə yerləşdirsinlər, orada isə abidə olsun. Şəxsən mən və ailə üzvlərimiz bu fikirdəyik. Yenə də burada yeni evlər tikiləndən sonra özümüz bir abidə ucaldacağıq, əzizlərimizin, şəhidlərimizin xatirəsinə".

Silduz Əsgərova isə dəhşətli gecədə həyat yoldaşını, 2 övladını, 2 nəvəsini itirib. Özü isə dağıntılar altında qalaraq ağır xəsarət alıb. Gəncə sakini həmin gecə yuxudan oyananda artıq mənzilin uçduğunu, hətta qonşu otaqda olan nəvəsinin çarpayısı ilə birgə onun otağında olduğunu görüb. Elə onun qışqırtısına oyanıb:

"Heç partlayışın səsini belə eşitməmişdim. Nəvəmin səsinə oyandım. Deyirdi ki, "ay ata kömək elə". Mən əvvəl elə bildim uşaq qorxub. Sonra gördüm deyir ki, "çıxa bilmirəm, ay ata kömək elə". Gözümü açanda gördüm ki, hər şey üstümüzə düşüb. Sağ tərəfimi tərpədə bilmədim. Baxdım ki, uşaq yanımdadı. Dedim bu uşaq burada yatmamışdı axı! Sən demə, ara barı uçub tökülüb, onun çarpayısı mənim çarpayımın yanına düşüb. Nənə-bala qalmışıq dağıntılar altında. Çağırdım ki, Amin, Amin, gördüm səs vermir. O biri uşaqlarımı çağırdım, heç kim səs vermədi. Qonşular dedilər ki, burada adam var".

© Sputnik / Rahim Mammadov
Əsgərovlar ailəsinin üzvü

Xilasedicələr həmin vaxt artıq hadisə yerində olub.

"Sağ qolumdan yaralanmışdım, daş tökülüb ayaqlarımı sıradan çıxarmışdı. İki ay yeriyə bilmədim, yataq xəstəsi oldum. Allah heç bir anaya qismət eləməsin. Həyat yoldaşımı, 2 övladımı, gül parçası kimi nəvələrimi itirdim. Gedirəm, baxıram, ağlayıram, nə olsun, onları qaytara bilmirəm. Allah ermənilərə lənət eləsin. Neyləmişdik axı biz ki, cavan balalarımı, 10 aylıq nəvəmi öldürdülər. Bu elə ağır faciədir ki...", - deyə Silduz Əsgərova göz yaşlarını saxlaya bilmir.  

Ermənilərin Gəncədə törədiyi terrorun, müharibə cinayətinin qurbanlarından biri də 16 yaşlı Amin Əsgərovdur. Qolundan ağır xəsarət alan şəhər sakininin müalicələri davam edir. Tam sağalması üçün yenidən əməliyyat olunacağı bildirilib. Amin deyir ki, həmin gecəni xatırlayanda özünə gələ bilmir:

"Gözümü açanda toprağın, uçqunun altında qaldığımı gördüm. Yatmışdıq,  heç bir səs eşitməmişəm. Gözümü açdım ki, torpağın altdayam, üstümdə daşlar var.

© Sputnik / Rahim Mammadov
Əsgərovlar ailəsi

Nə qədər kömək istədim səsimə heç kim səs vermədi. Səsimə nənəm oyandı, üzümə sığal çəkib torpağını təmizlədi, üstümdəki daşların çoxunu o götürdü. Bir dənə qolumun üstündə böyük daş vardı onu götürə bilmədim. Əlimin birini də torpaq tam örtmüşdü, çıxara bilmirdim. Əvvəl nənəmi çıxartdılar, sonra xilasedicilər məni gördülər və dağıntıların altından çıxardılar. Gedib baxıram ora, çox pis oluram. Orada mənim doğmalarım rəhmətə gedib. Mən istərdim ki, ora abidə kimi saxlanılsın.”

Qeyd edək ki, Ermənistan ərazisindən Gəncə şəhərinə 17 oktyabr tarixində raket zərbəsi endirilməsi nəticəsində 14 nəfər həlak olub, 47 nəfər yaralınıb.

418
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

13
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

13
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı
Xocalı qurbanlarının anım mərasimi, arxiv şəkli

"Xocalı fəryadı" ingiliscə səsləndi - VİDEO

13
Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan "Xocalı fəryadı" adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

"Xocalı fəryadı" layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

13
Teqlər:
video, Xocalı soyqırımı