Bakıda turistlər, arxiv şəkli

Azərbaycana bu ölkədən gələn turist sayı artacaq

32
(Yenilənib 20:41 10.02.2021)
İki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün turizm üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir

BAKI, 10 fevral — Sputnik. "Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək. Ölkələrimiz arasında turizm münasibətlərinin inkişafında qarşılıqlı turist mübadiləsinin artması bizim üçün önəmlidir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında çıxış edərkən bildirib. Fuad Nağıyev normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.

Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün turizm üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir.

2019-cu il ərzində Azərbaycandan Türkiyəyə 1 milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turistin gəldiyini qeyd edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan turizm sahəsində əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar kimi qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də aviauçuşların sayının artırılmasının, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasının, birgə layihələrin keçirilməsinin önəmini vurğulayıb.

O, Türkiyənin Azərbaycandakı Səfirliyində Mədəniyyət və Turizm Müşavirliyinin fəaliyyət göstərdiyini bildirib.

"Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün Azərbaycanın da Türkiyədə tanıtım nümayəndəliyinin açılması çox önəmlidir", - deyə nazir müavini qeyd edib.

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov görüş zamanı müzakirə edilən məsələləri şərh edərkən bunları qeyd edib: "Təbii ki, iki qardaş ölkə olaraq biz bütün sahələrdə olduğu kimi turizm sahəsində də birgə işlər həyata keçiririk. Xüsusilə də bu gün yeni investisiyaların və birgə layihələrin icrası ilə bağlı işlər müzakirə olunur. Gələcəkdə Qarabağda həyata keçirilə biləcək layihələrdə Türkiyə təcrübəsindən, eyni zamanda onların illərlə formalaşmış investisiya imkanlarından yararlanmaq barəsində fikir mübadilələri aparılır. Eyni zamanda təhsil proqramlarının inkişaf etdirilməsi, kadr hazırlığı məsələsi, birgə layihələrin dünya ictimaiyyətinə təqdimat məsələləri müzakirə olunur".

Videokonfrans formatında baş tutan iclasının gündəliyinə pandemiya dövründə turizm sahəsinin inkişafı istiqamətində Azərbaycan və Türkiyə tərəfindən görülən işlər, turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, turizm və rəqəmsallaşma kimi mövzular daxil edilib.

İclas çərçivəsində 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib.

İclasın gündəliyində, həmçinin iki ölkə arasında bu sahədə təhlükəsizlik, turizmin müxtəlif növləri, turizm və mədəni irs sahəsi üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin aparılması, milli turizm məhsullarının qarşılıqlı tanıtımı istiqamətində fəaliyyət imkanlarının araşdırılması, iki ölkənin turizm təşkilatları və assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və əməkdaşlıq mexanizmlərinin rolu, işçi qrupunun 2-ci iclasının yeri və tarixlərinin müəyyənləşdirilməsi məsələləri də yer alıb.

32
Teqlər:
Türkiyә, Azərbaycan, turizm, turistlər
Söyüdlü – Zod qızıl yatağı

Yataqların ehtiyatları bir daha qiymətləndiriləcək

3
(Yenilənib 15:54 03.03.2021)
“AzerGold” QSC tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. "2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olan ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur. İşğala qədər metallar üzrə toplanan geoloji məlumatlar bu yataqların bir çoxunun böyük sənaye ehtiyatlarına malik olduğunu təsdiqləyirdi". Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunan ərazilərində yerləşən yataqlarından qızıl, gümüş, mis və molibden ehtiyatları ötən əsrin 90-cı illərinin ortalarından etibarən Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalıb: "Qanunsuz hasilat və satış nəticəsində əldə olunan qeyri-qanuni iqtisadi dividendlər Ermənistan Respublikasının, xüsusilə də qondarma rejimin maliyyələşdirilməsində mühüm rol oynayıb. Bununla da Azərbaycan Respublikasının iqtisadi və dövlət maraqlarına ciddi ziyan vurulub. Hazırda ölkəmizin nəzarətində olan sözügedən yataqların ehtiyatları bir daha qiymətləndiriləcək və əlaqədar dövlət qurumları tərəfindən qeyri-qanuni hasilat nəticəsində Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması işləri icra ediləcək".

"Öz növbəsində “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb. Cəmiyyət tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb. Bununla bağlı əldə edilən materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub", - deyə məlumatda bildirilib.

Bununla yanaşı, cəmiyyət tərəfindən işğaldan azad olunan ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar görülür: "İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilən ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq. Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

3

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

9
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

9
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Qasparyanın həbs olunmasını əmr etdi

0
(Yenilənib 15:58 03.03.2021)
Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

 

BAKI, 3 mart — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın həbs edilməsi barədə qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Armlur" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

0