Tələbə, arxiv şəkli

Ali məktəblər açılır, tələbələr isə kirayə mənzil otaq yoldaşı axtarışında...

884
(Yenilənib 14:17 10.02.2021)
"Dərslər qismən bərpa olunub. Ona görə də tələbələr otaq yoldaşı tapmaqda çətinlik çəkirlər""Dərslər qismən bərpa olunub. Ona görə də tələbələr otaq yoldaşı tapmaqda çətinlik çəkirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Fevralın 15-dən etibarən ali təhsil müəssisələrində tədrisin qismən bərpa olunması bölgələrdə yaşayan tələbələri yenidən kirayə ev axtarmağa məcbur edib. Sputnik Azərbaycan koronavirus pandemiyasına görə dərs ilinin ikinci yarımilində kirayə ev axtarışına çıxan tələbələrin problemlərini araşdırıb.

Bu gün tələbə bileti almaq üçün Bakı Dövlət Universitetinin qarşısına toplaşan bir qisim tələbə arasında da kirayə ev axtarışında olanlar vardı. Aydın Həsənov adlı tələbə Sputnik Azərbaycan-a açıqlamasında billdirib ki, dərslər onlayn keçirildiyindən rayonda yaşayan tələbələrin çoxu bu tədris ili Bakıda kirayə ev tutmasalar da, ali məktəblərdə tədrisin bərpa edilməsi onları yenidən kirayə mənzil axtarmağa məcbur edib: "Kirayə evlərin qiyməti universitetlərə yaxın ərazilərdə çox bahadır. Ona görə də mən iki tələbə yoldaşımla Dərnəgüldə kirayə qalırdım. Orada kirayə mənzillərin qiyməti şəhərin mərkəzinə nisbətən ucuzdur. Amma dərslər onlayn olduğundan biz həmin evdən çıxdıq. İndi yenidən kirayə mənzil axtarırıq. Hələki aylığı 250 manata ev tapa bilməmişik".

© Sputnik / Zulfiyya Guluyeva
Tələbələrin çoxunun mərkəzdən kənarda, Bakıətrafında ev kirayələyir

 

Ramidə Məmmədova adlı tələbə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, kirayə ev yox, özünə otaq yoldaşı axtarır: "Biz Mətbuat prospektində aylığı 450 manata ev kirayələmişik. İndi özümüzə otaq yoldaşı axtarırıq. Mənzil üç otaqlı olduğundan, 5 qızla qalmaq fikrimiz var. Çünki kirayə evlərin qiyməti çox bahadır. Tələbələrin çoxunun bu qiymətə ev kirayələməyə imkanı yoxdur. Ucuz evlər Bakıətrafındadır. Uzaqdan isə universitetə gəlib çatmaq olmur".

R.Məmmədova deyir ki, tələbələrin çoxu ayı 75 manatdan baha evdə qalmaq istəmir: "Tələbələrin çoxu ucuz ev axtarır. Universitetlərə yaxın, şəhərin mərkəzində isə ucuz ev tapmaq mümkün deyil".

Tələbələr bildirdilər ki, qışda ev dəyişmək istəyən az olduğundan, kirayə ev tapmaq da onlar üçün çətinləşib: "Demirik ki, kirayə ev yoxdur. Var, amma bizə münasib olanı tapmaq çətindir", - deyə tələbələr əlavə ediblər.

© Sputnik / Zulfiyya Guluyeva
Tələbələrin çoxu ucuz ev axtarır

 

Ev alqı-satqısı, kirayəsi ilə məşğul olan Vahid Heydərov isə Sputnik Azərbaycan-a bildirib ki, ali məktəblərdə dərslərin qismən bərpası hələ ki, kirayə mənzil bazarında elə də canlanma yaratmayıb. Onun sözlərinə görə, ötən həftə 7 tələbə kirayə ev üçün onlara müraciət edib. V.Heydərov bildirib ki, ali məktəblərdə dərslərin qismən bərpası metronun Elmlər Akademiyası ətrafında evini tələbələrə kirayə təklif edənlərin də işini çətinləşdirib: "Dərslər qismən bərpa olunub. Ona görə də tələbələr otaq yoldaşı tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti isə baha olduğundan tələbələrə tək qalmaq sərf etmir. Universitetlərdə dərslər tam bərpa olunsa, tələbələr otaq yoldaşı tapmağa çətinlik çəkməzlər".

Həmsöhbətimiz deyir ki, hazırda kirayə təklif olunan 1 otaqlı evlər 300-350, 2 otaqlı 400-450, 3 otaqlı mənzillər isə 500-550 manat arasında dəyişir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir aydır ki, kirayə mənzil bazarında canlanma var: "Pandemiya dövründə kirayə mənzil bazarında durğunluq yaranmışdı. Bu, ali məktəblərdə tədrisin qismən bərpası ilə yox, iş yerlərinin açılması ilə bağlıdır. Amma tələbələrlə bağlı kirayə mənzil bazarında bu tələbat bir qədər də artacaq".

© Sputnik / Zulfiyya Guluyeva
Elanlar

 

E.Fərzəliyev bildirib ki, kirayə mənzil bazarında qiymətlər tələbələr üçün sərfəli deyil. Ekspert buna görə də tələbələrin çoxunun mərkəzdən kənarda, Bakıətrafında ev kirayələdiyini bildirib. Onun sözlərinə görə, tələbələrin bu problemlərinin həll olunması üçün mütləq universitetlərin yataqxanası olmalıdır: "Tikinti üçün ən çox xərc aparan torpaq sahəsidir. Tələbə yataqxanalarının çoxunda məcburi köçkünlər yaşasa da, yeni evlər tikildiyindən, onların əksər hissəsi köçürülüb. Bu gün həmin yataqxanalar yararsız halda olsa da, həmin yataqxanaların bərpası, yerində yenisinin tikilməsi mümkündür. Bu həm tələbə üçün rahat olur, həmçinin də ictimai nəqliyyatı yüklənmədən də azad edir. İndi tələbələr ucuz olması üçün şəhərin kənarında kirayə ev tutur. Bu isə tələbənin vaxtının çoxunun yollarda itməsinə səbəb olur. Torpaqların işğaldan azad olunması ilə tələbə yataqxanalarının yenidən bərpa olunması, inşa edilməsi məsələsi aktuallaşıb. Əgər həmin yataqxanaların yerində yeniləri inşa olunsa, tələbələr kirayə mənzil əzabından və xərcindən xilas olarlar".

© Sputnik / Zulfiyya Guluyeva
Ali məktəblərdə tədrisin bərpa edilməsi onları yenidən kirayə mənzil axtarmağa məcbur edib

 

Qeyd edək ki, bu günlərdə Bakı Dövlət Universitetinin Tələbə evinin açılışı oldu. Sputnik Azərbaycan-a BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, Tələbə evində tələbələr ənənəvi tədris bərpa olunduqdan sonra yaşaya bilərlər. Bundan əvvəl isə tələbə evində qalmağa ehtiyacı olan tələbələr müəyyənləşəcək.

884
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

5
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

5

Nazirlikdən şaxta ilə bağlı ciddi xəbərdarlıq: Ehtiyac olmadıqda küçəyə əsla çıxmayın!

9
(Yenilənib 22:38 24.02.2021)
Hazırda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir.

BAKI, 24 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir. 

9
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0