“Xanoba” keçid məntəqələri

Bu sərhəd keçid məntəqəsi arasında avtomobil yolu genişləndirilir

12
(Yenilənib 18:52 08.02.2021)
Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaq.

BAKI, 8 fevral — Sputnik. Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində "Xanoba", "Şirvanovka" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirib ki, sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.

Bundan başqa, yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da avtomobil yolu sərnişinləri və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdırmaqla daha sürətli transfer rolunu oynayacaq.

Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq "Azəryolelmitətdiqatlayihə" İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.4 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni 2x2 metr təşkil edir.

Hal-hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Layihə üzrə marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi aparılır.

"Xanoba" "Şirvanovka" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2022-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

12
Berlin kinofestivalının mükafatları, arxiv şəkli

Erməni yalanları Berlin film festivalında ayaq tutacaqmı? - Azərbaycan əks-tədbirlər görür

4
Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Erməni yalanlarını təbliğ edən "Arsax Qara bağ" filmi 2021 Berlin Film Festivalında nümayiş olunacaq. Bununla bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Mədəniyyət Nazirliyinin bu barədə məlumatı var və bununla bağlı müəyyən addımlar atılıb: "Həmin film 71-ci Berlin film festivalında festival proqramlarının birində nümayiş etdirilməsi nəzərdə tutulub. Həmin film haqqında festivalın saytında məlumat gedən kimi Mədəniyyət nazirliyi bunun qarşısını almaq məqsədi ilə tədbirlər görməyə başladı. Mədəniyyət naziri Anar Kərimov Almaniyanın Mədəniyyət və Media üzrə müvəkkilinə etiraz məktubunu göndərdi. Bundan əlavə, Berlin film festivalının direktoruna da etiraz məktubu göndərilib. Bununla yanaşı, Almaniya Federativ respublikasının ölkəmizdəki səfiri ilə nazirlikdə görüş keçirildi. Görüş zamanı cənab nazir Anar Kərimov səfirə bu məsələ ilə bağlı öz etirazını bildirdi".

Kinematoqrafiya şöbəsindən verilən xəbərə görə, filmin məlumat hissəsində böhtan və qərəz xarakterli məlumatlar yer almışdı: "Hətta filmin istehsal edildiyi ölkə kimi qondarma "Arsax Respublikası" kimi qeyd olunmuşdu. Hazırda Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub. Amma film hələlik qalıb. Nazirlik öz işini davam etdirəcək. Biz nəticəni gözləyirik. Festivaldan çıxarılma məsələsi belədir ki, filmin proqramdan çıxarılması mələsi qəliz məsələdir. Bilirsiniz ki, festivallar Avropada müstəqil qurumlardır. Hər halda biz öz etirazımızı bildirmişik".

4
Söyüdlü – Zod qızıl yatağı

Yataqların ehtiyatları bir daha qiymətləndiriləcək

4
(Yenilənib 15:54 03.03.2021)
“AzerGold” QSC tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. "2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji İnformasiya Arxivi Fondunun 1991-ci ilə aid məlumatları və açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, 30 ilə yaxın işğal altında olan ərazilərdə ümumilikdə 70-dən çox əlvan, o cümlədən nəcib metal yataqları və təzahürləri mövcuddur. İşğala qədər metallar üzrə toplanan geoloji məlumatlar bu yataqların bir çoxunun böyük sənaye ehtiyatlarına malik olduğunu təsdiqləyirdi". Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, xüsusilə Kəlbəcər, Zəngilan və Tərtər rayonunun vaxtı ilə işğal olunan ərazilərində yerləşən yataqlarından qızıl, gümüş, mis və molibden ehtiyatları ötən əsrin 90-cı illərinin ortalarından etibarən Ermənistanın cəlb etdiyi xarici investorlar və erməni iş adamları tərəfindən intensiv talanmaya məruz qalıb: "Qanunsuz hasilat və satış nəticəsində əldə olunan qeyri-qanuni iqtisadi dividendlər Ermənistan Respublikasının, xüsusilə də qondarma rejimin maliyyələşdirilməsində mühüm rol oynayıb. Bununla da Azərbaycan Respublikasının iqtisadi və dövlət maraqlarına ciddi ziyan vurulub. Hazırda ölkəmizin nəzarətində olan sözügedən yataqların ehtiyatları bir daha qiymətləndiriləcək və əlaqədar dövlət qurumları tərəfindən qeyri-qanuni hasilat nəticəsində Azərbaycana vurulmuş ziyanın həcminin hesablanması işləri icra ediləcək".

"Öz növbəsində “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən qanunsuz istismar faktlarına xüsusi diqqət ayırıb. Cəmiyyət tərəfindən işğal edilən ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb. Bununla bağlı əldə edilən materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub", - deyə məlumatda bildirilib.

Bununla yanaşı, cəmiyyət tərəfindən işğaldan azad olunan ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar görülür: "İşğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq. Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilən ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq. Bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

4