Qarabağ qazisi müalicə zamanı, arxiv şəkli

"YAŞAT" Fondunun rəhbəri hər kəsi narahat edən sualları cavablandırdı

470
(Yenilənib 18:13 08.02.2021)
"YAŞAT" Fondu hansısa qazini əməliyyat etmir. Biz yaralı qazilərin müalicəsi məsələsində həkimlər nə deyirsə, onu edirik" - Elvin Hüseynov.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bu gün diqqətdə olan əsas məsələlərdən biri Azərbaycan xalqına zəfər sevinci yaşadan şəhid ailələrinin sosial durumu, yaralı qazilərin müalicəsi istiqamətində aparılan işlərlə bağlıdır. Sputnik Azərbaycan "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovla bu mövzuda müsahibəni təqdim edir.

"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov

- Elvin müəllim, bu gün sosial platformada "YAŞAT" Fondunun fəaliyyəti ilə bağlı yaranan suallardan biri bu Fonda müraciətlə bağlıdır. Şəhid ailələri, eləcə də Vətən müharibəsində xəsarət alan hərbçilərimiz sizin Fonddan kömək üçün hara və necə müraciət etməlidirlər?

- Şəhid ailələri və yaralalılar elektron qaydada Fonda müraciət edə bilərlər. Fonda müraciət elektron qaydada Fondun www.yasat.gov.az rəsmi internet səhifəsi üzərindən həyata keçirilir. Həmçinin 8110 nömrəsinə zəng edərək də müraciət etmək mümkündür.

- Bəzən sosial şəbəkələrdə hansısa qazinin, yaxud da şəhid ailəsinin diqqətdən kənarda qaldığını əks etdirən videolara rast gəlirik. Bəzən bu cür paylaşımlarda "YAŞAT" Fondu yaralı qazilərimizə və şəhid ailələrinə etinasızlıqda günahlandırılır, qınaq obyektinə çevrilir. Fond yaralı qazilərə və şəhid ailələrinə baş çəkərkən, yardım edərkən ardıcıllığı hansı prinsiplə həyata keçirir?

- Şəhid ailələrinin problemləri və Vətən müharibəsində xəsarət alan hərbçilərimizin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılır. Onlara dəstək müraciətlərin növbəliliyinə uyğun olaraq həyata keçirilir. Amma yaralı qazilərimizin səhhətlərinin ağır və ya yüngüllüyünə görə növbəlilik prinsipi pozula bilər. Elə qazilərimiz var ki, onların təcili əməliyyata ehtiyacı var. Bu məsələ mütləq şəkildə nəzərə alınır.

- Elvin müəllim, yaranan suallardan biri də qazilərimizin müalicəsinin dövlət xəstəxanasında mümkün olmadıqda özəl tibb müəssisələrində aparılması ilə bağlıdır. Hansı halda bu mümkün olur?

- Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumat verirlər. Qoyulan diaqnozlara əsasən qazilər üçün zəruri olan müalicə metodları barədə onlara məlumat verilir. Əgər qazilərimiz hansısa özəl xəstəxanada hər hansı həkim tərəfindən əməliyyat olunaraq daha tez sağlamlıqlarına qovuşacaqlarına inanırlarsa, bu məqam nəzərə alınır.

Biz həmin tibb müəssisəsi ilə müqavilə bağlayırıq və qazimizin həmin tibb müəssisəsində müalicəsini təşkil edirik. Elə qazilərimiz var ki, özəl xəstəxanada əməliyyat olunmaq istəyirlər. Bu cür vəziyyətlərdə onların istəkləri nəzərə alınır və ona uyğun tədbirlər görülür. Müxtəlif cərrahi prosedurlar - ayaq və qolda ağır zədələnmələr səbəbindən yaranan fəsadlar, ortopedik əməliyyatlar, bel nahiyyəsində əməliyyatlar və digər ağır xəsarətləri olan qazilərimizin istəklərinə uyğun olaraq özəl xəstəxanalarda müalicələri həyata keçirilir.

- Maraqlıdır, yaralı qazilərin müalicəsi üçün ayrılan vəsaitin məbləğində limit varmı? Yəni, Fond hər bir qazinin müalicəsi üçün maksimum nə qədər vəsait ayıra bilir?

- Fond qazinin sağlamlığına qovuşması üçün imkan daxilində öz dəstəyini göstərir.

- Qazilər arasında belə bir fikirdə olanlar var ki, onların müalicəsi xaricdə aparılsa, sağlamlıqlarına qovuşa bilərlər. Amma Fond xaricdə müalicə üçün maliyyə ayırmır...

- Qeyd edim ki, YAŞAT Fondu hansısa qazini əməliyyat etmir. Biz yaralı qazilərin müalicəsi məsələsində həkimlər nə deyirsə, onu edirik. Əgər həkimlər hansısa əməliyyatın aparılmasının tibbi göstəriş olduğuna qərar verirsə, bizim Fond vəsaiti ayıraraq qazinin cərrahi əməliyyat olunmasına dəstək göstərir. Hər hansı qazinin müalicəsinin hansı formada davam etdirilməli olduğuna Fond qərar vermir.

- Qazilərimizin müalicəsi və reabilitasiyası üçün avadanlıqların alınmasında da "YAŞAT" Fondunun dəstəyi böyükdür. Yaralı qazilərin ehtiyacı olan hər hansı avadanlığın alınması, onlara verilməsi proseduru necədir?

- Yaralı qazilərimizin daha sürətli və keyfiyyətli reabilitasiya olunması üçün xaricindən RGO cihazları sifariş verilmişdi. Artıq o cihazlar ölkəyə gətirilib və yaralı qazilərin istifadəsinə verilib. Onların bundan sonra reabilitasiyası tez bir zamanda yekunlaşacaq, ən qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Biz artıq bu cihazın altısını gətirmişik. Biri daha əvvəl gətirilmişdi, beşi isə bu gün gətirilib. Həkimlərlə mütəmadi olaraq məsləhətləşmələr aparılır, hansı yaralıya individual olaraq cihazlar lazımdırsa, Fond tərəfindən sifariş verilir. Əgər ölkə daxilindədirsə, buradan alınır, xaricdədirsə, xaricdən alınıb gətirilir ki, yaralılarımız, qazilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşsunlar.

- Vətən müharibəsi iştirakçılarının psixoloji durumunun yoxlanması ilə bağlı hansı işlər aparılır?

- Yaralı hərbçilərimizin pre-reabilitasiya müddəti ərzində psixoloji vəziyyətləri də yoxlanılır.

470
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

9
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

9
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

168
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

168