İnsanlar Mübariz İbrahimovun məzarı ziyarət edirlər

Xalq qəhrəmanını unutmur - Hamı Mübarizin evinə doğru axışır

861
(Yenilənib 20:12 07.02.2021)
Ağakərim İbrahimov: “Bu gün özümü fərqli hiss edirəm. Fərqli ad günü keçiririk. Bunu gələnlərdə də hiss edirəm, özümdə də belə hiss yaranıb. Bu hiss də əsgərlərimizin, müzəffər ordumuzun qələbəsi sayəsində yaranıb”.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Hər il olduğu kimi bu il də vətəndaşlar doğum günü münasibətilə Milli Qəhrəman Mübariz İbrahimovun həm Biləsuvardakı evinə, həm də II Fəxri Xiyabandakı məzarı önünə axın ediblər. Budəfəki doğum gününün fərqliliyi həm ailəsinin, həm də evini ziyarətə gələnlərin simasında da hiss olunurdu. Hər kəs Zəfərin verdiyi sevinc, qələbənin yaşatdığı qürurla üz tutmuşdu Mübariz İbrahimovun evinə. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da budəfəki doğum gününün əvvəlkilərdən fərqli olduğu bildirib:

“Bu gün özümü fərqli hiss edirəm. Fərqli ad günü keçiririk. Bunu gələnlərdə də hiss edirəm, özümdə də belə hiss yaranıb. Bu hiss də əsgərlərimizin, müzəffər ordumuzun qələbəsi sayəsində yaranıb”.

Milli Qəhrəmanın doğum gününü qeyd etmək üçün həm Biləsuvardan, həm də müxtəlif bölgələrdən gələnlər var idi. Vüsal Mustafayev də ziyarətə gələnlərdəndir. 

© Sputnik / Ibrahim Hashimov
Milli Qəhrəman Mübariz İbrahimovun məzarı

“Biz bu gün özümüzə borc bilmişik. Qəhrəmanımızın, şəhidimizin ad gününə gəlmişik. Mübariz İbrahimov bizə vətənpərvərlik ruhunu yaratdı. Biz Mübarizimizlə, bütün qəhrəmanlarımızla fəxr edirik” - deyə Mustafayev bildirib.

Gün ərzində Mübariz İbrahimovun məzarı önündə də ziyarətçi izdihamı yaşanıb. Paytaxt sakini Həsənağa Cabbarov isə nəvəsi, 2-ci sinif şagirdi Aidanın istəyi ilə gəlib buraya.

“Mən nəvəmə söz vermişdim ki, səni Mübarizin ad gününə aparacağam. Allah Mübariz İbrahimova rəhmət eləsin. Bu gün bazar günüdür. Söz vermişdim, gətirdim uşağı buraya” – deyə H. Cabbarov vurğulayıb.

© Sputnik / Ibrahim Hashimov
İnsanlar Mübariz İbrahimovun məzarı ziyarət edirlər

Aida isə Milli Qəhrəmanın məzarını ziyarət ilə bağlı təssüratlarını “Mən babama demişdim, o məni gətirdi. Demişdim ki, məni şəhidlər xiyabanına, Mübariz İbrahimovun qəbrinə apar. Mübariz İbrahimovu tanıyıram. Milli Qəhrəmandır” – deyərək bölüşüb.

Şəhidi yad etməyi özünə borc bilərək bölgələrdən gələnlər də var idi. Aydın Seyfullayev də Mübariz İbrahimovun xatirəsini yad etmək, ruhuna dualar oxumaq üçün Masallıdan gəlib.

“Doğum günüdür, həm də “Yasin” oxutdururuq. Masallıdan gəlmişik. Qohumlar, gəlinim, özüm, ailəlikcə gəlmişik. Şəhidlərə hörmət, gəlib onları yad eləmək borcumuzdur. Ordumuzun, əsgərlərimizin qazandığı zəfər sayəsində artıq alnıaçıq gəlirik buraya”.

© Sputnik / Ibrahim Hashimov
İnsanlar Mübariz İbrahimovun məzarı ziyarət edirlər

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidməə yollanıb.

© Sputnik / Ibrahim Hashimov
İnsanlar Mübariz İbrahimovun məzarı ziyarət edirlər

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Ermənistan onun cəsədini 141 gün saxlayıb. Onun meyiti 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Azərbaycan tərəfinə təslim edilib. Mübariz İbrahimov 2010-cu il noyabrın 7-də İkinci Fəxri xiyabanda dəfn olunub. Həmin ildə Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" (ölümündən sonra) adı verilib.

861
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

11
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

11
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

267
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

267