Bakının mərkəzində insanlar, arxiv şəkli

"Ordudan qalib kimi qayıtdım, yenə tapa bilmirəm" - Azərbaycan gənclərinin dərdləri

641
(Yenilənib 15:40 02.02.2021)
Gənc yazar Emin Piri: "İstədiyi əməkhaqqını ala bilməyən və ya işlə məşğul ola bilməyən gənclik sonda istədiyi rihafı tapmadığından gənclik azadlığını da yaşaya bilmir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Bu gün Azərbaycanda Gənclər Günüdür. Bəs görəsən, müasir Azərbaycan gəncləri bugünkü gəncliyin durumunu necə qiymətləndirir? Sputnik Azərbaycan ölkə gənclərinin əsas problemlərini elə onların öz dilindən eşitmək məqsədilə gənclər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi, 20 yaşlı Lalə İsmayılova bildirib ki, o, coğrafiya ixtisası üzrə təhsil alır. Bununla belə, təhsili başa vurduqdan sonra gələcəyini, karyerasını ürəyi istədiyi kimi qurmasına şərait yoxdur:

"Hesab edirəm ki, bu gün gənclərin ən böyük problemi gələcəyini qurmaq üçün lazımi şəraitin olmamasıdır".

Eyni qrupda təhsil alan digər tələbə Firidə Nəcəfova isə gənclərin əsas probleminin bugünkü təhsil sistemi olduğunu düşünür:

"Mənim fikrimcə, müasir gəncliyin əsas problemi təhsilimizin durumudur. Dərs oxumaq əslində insanı bu qədər stressə salmamalıdır".

21 yaşlı Səma Məmmədova isə gənclərin əsas probleminin yuxusuzluq olduğunu düşünür.

Texniki Universitetin 4-cü kurs tələbəsi Nəbi Pənahov bildirir ki, gənclərin əsas problemləri işsizliklə bağlı olsa da, onu narahat edən əsas məsələ gənclərin müasirlik adı altında xalqımıza yad davranışları, geyim tərzidir:

"Çox təəssüf ki, bəzən gənclərimiz gəncliyi səhv başa düşürlər. Elə hesab edirlər ki, gəncdirlərsə, müasirlik adı altında hər şeyi etmək olar. Bugünkü gəncliyin əsas problemlərindən biri də budur".
© Sputnik / Zulfiyya Guluyeva
Pənahov Nəbi

23 yaşlı Turqut Abdullayev isə düşünür ki, gəncliyin heç bir problemi yoxdur.

Texniki Universitetin tələbəsi, 23 yaşlı Hikmət Rüstəmov gənclərin əsas probleminin onlayn dərslər olduğu fikrindədir.

26 yaşlı Seymur Haqverdiyevin fikrincə, bugünkü gəncliyin ən böyük problemi işsizlikdir:

"Mən ordudan yeni qayıtmışam. Kollecin yol hərəkəti ixtisasını bitirmişəm. Amma özümə iş tapa bilmirəm. Ordudan qalib kimi qayıtdım, yenə də iş tapa bilmirəm".
© Sputnik / Zulfiyya Guluyeva
Seymur Haqverdiyev

Gənc fəal Nərmin Şamilbəyli gəncləri ən çox narahat edən məqamın təhsil sistemində olan problem olduğu qənaətindədir:

"İlk növbədə, təhsilimiz çox zəifdir. İkinci problem işsizliklə bağlıdır. Gənclərin işə qəbulu zamanı onlardan çox şey tələb olunur. İşə qəbul şərtləri çox ağırdır. Gənclər məcbur olurlar ki, bir müddət könüllü kimi, yaxud da çox aşağı maaşa işləsinlər. Gənclər idarəetmədə hələ də yoxdurlar. Yəni formal olaraq, təyinatla idarəetmədə çalışırlar".

Yazar Emin Piri deyir ki, gəncləri narahat edən məsələlər şəxsə görə dəyişir:

"Sıralamaq istəsəm, ən birinci halda maddi problemləri qeyd edərdim. İstədiyi əməkhaqqını ala bilməyən və ya işlə məşğul ola bilməyən gənclik sonda istədiyi rihafı tapmadığından gənclik azadlığını da yaşaya bilmir. Maddi azadlığın olmaması onların mental dəyərlər adı altında basqıya uğramasına səbəb olur. Xüsusən, gənc ailələrin dolanışıq, evsizlik problemi ailədə əlavə söz-söhbətlərə başqalarının onların həyatına qarışmasına səbəb olur ki, bu da gənc ailənin hüzurunu pozur. Maddi azadlıq olmadığından sonradan bu mənəvi azadlığın da pozulmasına səbəb olur".

Gənclər təşkilatının sədri, Səbuhi Abbasov isə Sputnik Azərbaycan-a bildirib ki, Gənclər Günü təkcə adi təqvim deyil, fəal gənclərin əməyinin dəyərləndirilməsi üçün unikal fürsətdir, fəaliyyətləri üçün stimuldur: "Gənclərin ən böyük problemi işsizlikdir. Bu problem, xüsusən də regionlarda daha çoxdur. Region gəncləri ali təhsil alır, regiona qayıdır, amma ixtisasına uyğun iş tapa bilmir. Hesab edirəm, gənclər üçün effektiv əmək şəraiti yaradılmalı, xüsusi proqram qəbul edilməlidir".

S.Abbasov deyir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən proqramlar gənclər siyasətini daha praqmatik və müasir dünya standartlarına çatdırdı: "Təəssüflə qeyd edək ki, 2013-cü ildən gənclər təşkilatlarının ən böyük problemi beynəlxalq platformalarda effektiv təmsilçilik məsələsidir. Düzdür, Yusuf Məmmədəliyevin gənclər şöbəsinə rəhbər təyin edilməsi və Gənclər Fondunda həyata keçirilən əsaslı dəyişikliklər bu sahədə ciddi dönüş yaratdı. Ancaq gənclər təşkilatlarının beynəlxalq qrantlara əlçatanlığının təmin edilməsi vacibdir və olmalıdır. Vətən müharibəsi zamanı da biz bu çatışmazlığı hiss etdik. Ümid edirəm, yaxın gələcəkdə xarici donorlarla iş sahəsində tətbiq olunan maneələr aradan qalxacaq".

Qeyd edək ki, 1997-ci ildən 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Azərbaycanda yaşı 14-dən 29-a kimi olan əhali kateqoriyası gənc sayılır.

641
Xəstəxana, arxiv şəkli

Əməkdar artist beyin infarktı keçirib

3
Cavid Zeynallı: "Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var".

BAKI, 3 mart — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı aktyorun 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə aldığını deyib:

"Pərviz Bağırov beyin infarktı keçirib. Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var. Xəstə qəbul olunanda vəziyyəti çox ağır idi. Hazırda stabil ağır olaraq qalır. Huşu aydın olsa da, ünsiyyətində problem var, sağ tərəfi işləmir.Vəziyyəti orta-ağırdır. Ümid edirik ki, yaxın zamanlarda ayağa qalxar".

3
Uill Smit, arxiv şəkli

Məşhur aktyor özünü siyasətdə sınayacaq

5
(Yenilənib 13:38 03.03.2021)
Smit: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

BAKI, 3 mart — Sputnik. Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki,  sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

5
Bakıda XİN-nin binası, arxiv şəkli

XİN: Bəzi ölkələrin parlamentarları qərəzli mövqelərini hər şeydən üstün tuturlar

0
Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir.

BAKI, 3 mart — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərlə bağlı yerli KİV-in sualını cavablandırıb.

Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Son günlər bəzi Avropa ölkələrinin qanunverici qurumları tərəfindən Ermənistan və Azərbaycan arasında əsirlərin mübadiləsi məsələsi ilə bağlı qətnamələr qəbul edilir. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Qeyd etmək istərdim ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Doğru qeyd edirdiniz, son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər. Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında "Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında" qətnamə qəbul olunub. Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya Parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb. Burada ən önəmli məsələ kimi, Parlamentin ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığını və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd etdiyini vuruğulamaq istərdim. Ümumiyyətlə, bildiyiniz kimi, artıq ikinci dəfədir ki, İtaliya Parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanmış və tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunmuşdular.

Bununla yanaşı, bu ilin 25 fevral tarixində Niderland Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən "Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı" Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu. Niderland Parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub. Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış etmiş, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif etmişdir. Buna rəğmən qətnaməyə düzəliş edilməmişdir. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.

Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir və bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir.

0